AFFA rəsmisi İcra Hakimiyyətinin nümayəndəsini yalançı çıxartdı

18:29 - 27 Mart 2014

 

"İcra Hakimiyyəti tərəfindən 1 manat da köməklik göstərilməyib"
 
Dünən Ağdam rayonunda futbolumuz adına növbəti daha bir qəribə hadisə yaşanıb. Belə ki, Quzanlıda uşaqlar üçün tikilən stadion  rayonun icra başçısı Nizami Sadiqovun göstərişi ilə sökülüb. Məhz AFFA-nın Ağdam üzrə nümayəndəsi Elbrus Abbasov saytımıza açıqlamasında bildirib ki, bu stadion ölkə başçısı İlham Əliyevə məktub yazılandan sonra salınıb. Hətta AFFA prezidenti Rövnəq Abdullayev də stadiona baş çəkib orada futbolunun sirrini öyrənən uşaqlarla görüşüb. 
 
Bütün bunlara baxmayaraq, Quzanlıda salınan meydançanın ömrü cəmi 3 ay çəkib. Belə ki, İcra Hakimiyyətinin göstərişi ilə yeni salınan meydança sökülərək, onun yerinə təhsil ocağı salnması ilə bağlı qərar verilib. Lakin ortada meydançasız qalan uşaqların taleyin necə olacağı bizi maraqlandırmaya bilməzdi. Sportal.az olaraq həm AFFA-nın bu bölgədəki nümayəndəsi Elbrus Abbasov, həm də icra başçısının müavini Zülfü Qasımovun fikirlərini öyrəndik. 
 
 Elbrus Abbasov (AFFA nümayəndəsi): “Bu necə olur? Həmin yerdə lisey tikilməli idisə, niyə stadionun inşa etdirilməsinə icazə vermişdilər. Oradakı xərclərin hamısını öz cibimdən çəkmişəm.  Mən bir dəfə tikdim, indi də rayon rəsmiləri tiksin. Hələlik yenidən tikəcəklərinə aid heç bir söz-söhbət getmir.  Bu çayxana deyil ki, sökərlər, bura sağlamlıq mərkəzidir. Stadion söküləndə mən burda yox idim, sonra zəng eləyib soruşanda İcra Hakimiyyətindən dedilər ki, “tikəcəyik”. Bu stadionun tikilməsi üçün prezidentə məktub göndərdim, gələcək üçün akademiyanın açılışı nəzərdə tutulub. Bundan sonra Rövnəq Abdullayev məsələ haqqında göstəriş verdi ki, nə lazımdırsa o da olsun. İcra hakimiyyəti tərəfindən1 manat da köməklik göstərilməyib.”
 
 
Zülfü Həsənov (Ağdam rayonu İH başçısının müavini): “Bu meydança çox kiçik idi, səhv etmirəmsə, ölşüsü 22x42 metr idi. Həmin məkan da 480 nəfərlik lisey üçün nəzərdə tutulub. Orada da tikinti inşaat işləri aparılır. Həmin lisey Avropa ilk 5 liseydən biri olacaq. Burada nə var ki, stadion tam səliqəli şəkildə sökülüb və başqa yerdə tikiləcək. O vaxtı liseyin tikilib-tikilməyəcəyi məlum deyildi, sonradan göstəriş verildi və ən yaxşı yer də bura idi. Bu stadion üçün bir neçə yer təklif eləmişik və əvvəlkindən daha da yaxşı şəraitdə uşaqlar stadionla təmin olunacaq. Rayon icra başçısı buna göstəriş verib və bu barədə Elbrus Abbasovla da danışmışıq. Stadionun salına biləcəyi üç yer var, ən yararlı yerdə stadionu yenidən tikəcəyik. Bəli, ilk meydançanın salınmasında da icra hakimiyyətinin köməyi olub, AFFA yalnız süni örtüklü xalçanı təmin etmişdi.  Bu stadion uşaqların gələcəyi üçündür, əlimizdən gələni edəcəyik”.
 
P.S: İcra nümayəndəsinin dediklərinə görə, yaxın müddətdə yeni stadionun başqa bir ərazidə yenidən salınmasına qərar veriləcək. Sportal.az olaraq, məsələni gündəmdə saxlayıb ən son yenilikləri diqqətinizə çatdıracağıq.

Xəbər xətti