"İkinci hissə azlıqda olmağımıza baxmayaraq əzmkar oyun göstərdik"
"Bakı"nın müdafiəçisi Şəhriyar Əliyevin Sportal.az-a müsahibəsi:
- “Simurq”u çətinliklə də olsa məğlub etdiniz...
- Çətin oyun oldu. İlk hissədə yaxşı oynayıb tam vaxtında qolları vurduq, ikinci hissə azlıqda olmağımıza baxmayaraq əzmkar oyun göstərdik. Bizim üçün əsas o idi ki, 3 xal qazanıb çempionatdakı iddiamızı davam etdirək, şükürlər olsun ki, məqsədimizə çatdıq.
- Uzun bir zədədən sonra meydana çıxdın..
- Bəli, oyuna sonradan girsəm də, bir az çətin oldu. Məncə, oyunum elə də pis alınmadı. İndi çalışıram ki, oyun praktikamı bərpa edib əvvəlki formamı geri qaytarım. Oyuna sonradan daxil olduğum üçün oyunun tempinə uyğunlaşmaq bir az çətin oldu, ancaq getdikcə daha da yaxşı olur.
- Bildiyimiz qədər, yenə çiynindən əməliyyat olunacaqsan...
- Bəli, amma hələ əməliyyatın vaxtı dəqiq bilinmir. Əməliyyat olduğum təqdirdə an azı iki ay futbol adına heç nə etməməliyəm. Həkimlərin dediyinə görə, əməlliyyatdan sonra tam bərpa prosesi 3 ay çəkir.
- “Neftçi” ilə qarşılaşacasınız və aranızda cəmi 3 xal fərqi var. Bu oyunu sizin üçün bir final oyunu saymaq olar ?
- Məncə hə, çünki qələbə qazansaq, avrokuboklara getmək şansımız daha da çoxalır. Komanda da bu oyuna sırf qələbə qazanmaq üçün çıxacaq və bunun üçün də nə lazımdırsa, edəcəyik. Biz hər bir oyunu bizim üçün final oyunu sayırıq, həmçinin “Neftçi” ilə də.
- Komandada Rauf Əliyev, Vüqar Mustafayev və Araujo Santos kimi itkilər var. Bu sizin oyununuza nə dərəcədə təsir edəcək ?
- Düzdür, bunların hər üçü komanda üçün çox vacib futbolçulardır. Amma komandamızda bunları əvəz edə biləcək futbolçular var və inanıram ki, hamımız meydanda sona qədər vuruşub oynamayan futbolçuların yoxluğunu hiss etdirməyəcəyik.
- Santos cəzalı olduğu üçün meydanda onun yerinə sən də çıxa bilərsən. Özünü 90 dəqiqə oynamağa hazır hiss edirsən ?
- Həmin mövqedə bir neçə dəfə oynamışam. İndi kimin oynayacağı isə baş məşqçinin qərarından asılıdır. Əgər mənə şans verilərsə, əlimdən gələni etməyə çalışacam. Bəli, özümü oynamağa hazır hiss edirəm.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi