Görəsən, Klismannın həqiqətən də Foqtsun məsləhətinə ehtiyacı varmı?
Millimizin baş məşqçisi Berti Foqtsun Braziliyada keçiriləcək DÇ-2014-də ABŞ yığma komandasının baş məşqçisi Yurgen Klissmanınməsləhətçisi vəzifəsinə təyin edildiyi xəbərini vermişdik. Görəsən, Klismannın həqiqətən də Foqtsun məsləhətinə ehtiyacı varmı?
Sportal.az bu barədə futbol mütəxəssisləri və idman jurnalistləri arasında kiçik bir sorğu keçirib. Həmin sorğunu təqdim edirik:
Saleh Arslan (Korner.az saytı) : ”Yurgen Klismann özünü sübut etmiş bir mütəxəssisdir. Onun başçılığı altında Almaniya millisi dünya çempionatında 3-cü olub. ABŞ yığmasını çalışdıran Klismann müasir futbolu Bertidən qat-qat yaxşı bilir. Foqtsun ABŞ millisinə məsləhətçi kimi getməsində başqa məqamlar var. Berti Foqtsu millimizə sırıyan adamlar hələ də onun reklamı ilə məşğul olurlar. Onlar belə bir imac yaradırlar ki, Foqts Azərbaycanda baş məşqçi işləməsinə baxmayaraq, hətta dünya çempionatına vəsiqə qazanan ABŞ-ın da ona ehtiyac var. Hər halda onun ABŞ millisinə necə xeyir verəcəyini zaman göstərəcək. Əsas odur ki. Foqtsu məsləhətçi kimi yanına dəvət edən Klismann peşman olmasın. ABŞ final mərhələsində uğusuzluğa düçar olarsa, Klismannın yerinə Foqts baş məşqçi keçsə onda heç də təəcüblənməyin. Çünki alman mütəxəssis artıq neçə illərdi Azərbaycanda işləyir və yerli məşqçilərimizdən necə torba tikmək əməliyyatını yaxşı öyrənib. Təki xeyirlisi olsun. Onda Berti Foqtsdan da canımız qurtarar. Lakin Nigeriya millisində Foqtsun başına gələnləri ABŞ yığmasında da arzu edirəm. Buna AFFA-da oturan başbilənlərin cəsarəti çatmadı. Onda elə bilərəm ki, amerikalılar bizim qisası ondan çıxarlar”.
Rəşad Ergün (“Komanda” qəzeti): “Berti Foqtsun oynatdığı futbol müasirlə ayaqlaşmır. O, milli komandamıza 1990-cı illərin futbolunu aşılayır. Müasir futbolda müxtləfyönlü taktiki gedişlər və fizikanın yüksək səviyyədə olması böyük önəm daşıyır. Berti Foqtsun isə buna savadı çatmır. Alman məşqçinin millimizə heç bir iş görməyib. Onun futbolu ancaq müdafiə olunmaqdır. Yurgen Klismann Foqtsu yanına məsləhətçi kimi deyil, keçmiş məşqçisi olduğu üçün dəvət edib. Bu sırf peşəkarlıqdan deyil, arada olan dostluq jestindən irəli gəlir. Dünyada ondan daha da yaxşı tanınmış məşqçilər var. Foqtsun Klismanna nədəsə köməyi dəyəcəyinə inanmıram. Berti Foqts məşqçiliyi buraxıb təqaüdə getməlidir. Almaniya pivəsini də vurub istirahətini etsin. Nə ABŞ, nə də Azərbaycan yığma komandasının ona ehtiyacı var. Bizim milliyə gənc və enerjili bir baş məşqçi lazımdır. ABŞ milli komandası Berti Foqtsuz da istədiyi nəticəni əldə edə bilər. Ona görə də almaniyalı mütəxəssisin orada olub-olmaması heç nəyi dəyişməyəcək”.
Yunis Hüseynov: “Klismann neçə il Almaniya millisini çalışdırıb. İndi də ABŞ yığmasını dünya çempionatına çıxarıb. Onun məsləhətçiyə ehtiyacı olduğuna inanmıram. Ola bilər aradakı xətir-hörmətə görə belə bir addım atılıb . ABŞ millisini məsləhətçiyə ehtiyacı vardısa, bunu elə dünya çempionatının seçmə mərhələsində dəvət edərdi. Klismann yoldan keçən deyil ki, ona məsləhətçi lazım olsun. Boş-boş şeylərdir, hamısı reklamdır. Foqtsa dəstək verənlər göstərmək istəyirlər ki, ABŞ millisində də ona ehtiyacı var”.
Elxan Abdullayev: “Mən praktikada hansısa bir millinin baş məşqçisinin digərini yanına məsləhətçi kimi dəvət etdiyinə rast gəlməmişəm. Görünür, Klismann Foqtsa daha çox inanır. Bu məsələdə dostluq münasibətləri də böyük rol oynayır. Klismann özbaşına onu yanına gətirməyib ki? Yəqin Klismann federasiya rəhbəliyi ilə məsləhətləşəndən sonra belə qərarı verib. Ola bilsin ki, Klismann onun təcrübəsinə arxalanaraq bu addımı atıb”.
saytlarin hazirlanmasi