Tərlan Əhmədov: "Mən futbolçulara onu aşılayıram ki..."

14:37 - 3 Aprel 2014

 “Qarabağ” belə bir məqamda xal itkisinə yol vermək istəməz" 
 
AZAL-ın uğursuzluq zolağından çıxa bilməməsi baş məşqçi Tərlan Əhmədovu narahat etməyə bilməz. Ötən tur səfərdə “Sumqayıt”a 2:1 məğlub olan “təyyarəçilər”in Əhmədovun başçılığı altında ikinci yenilgisi olub. Bəs problem nədədir? Buna baş məşqçi Tərlan Əhmədov Sportal.az-a açıqlamasında aydınlıq gətirib: 
 
“Futbolçularla ayrı-ayrılıqda söhbətim oldu. Hamısından soruşdum ki, problem nədir? Hardasa onları belə anladım ki, bir qədər gərgindilər. Ola bilər ki, “qara zolaq”dan çıxmaq üçün bir qədər tələsirlər və nəticədə də oyunları istənilən kimi alınmır. “Sumqayıt”a erkən qol vuranda rahat oynayacağımızı güman edirdim. Lakin yenə də gərginlik və həyəcan öz sözünü dedi. Məhz ötürmələrdə tez-tez top itirməyimiz oyun planında əleyhimizə işlədi. İndi qarşıda 8 oyunumuz var və bundan da maksimum xal toplamalıyıq. Artıq bu komandanın qarşısına qoyulan bir tələbdir. Çətin vəziyyətdən çıxmağın yeganə yolunu tez bir zamanda toparlanmağımızda və gücümüzü səfərbər etməyimizdə görürəm. Mən futbolçulara onu aşılayıram ki, özlərinə gəlib qarşıdakı oyunlara köklənə bilsinlər”. 
 
Əhmədov növbəti tur qarşılaşacaq “Qarabağ”ın da oyununu dəyərləndirib: 
 
“Qarabağ” çempionatda ən güclü komandalardan biridir. Bu komandanın özünəməxsus oyun üslubu var. Ağdam təmsilçisində bir neçə səviyyəli futbolçu var. Onlar hər an oyunun taleyini dəyişə biləcək gücdə futbolçulardır. Xüsusən də mərkəzdə oyun quruculuğuna malik yüksək səviyyəli futbolçuların olması rəqibə üstünlük qazandırır. Rəqibin “Qəbələ”ylə oyununu stadiondan canlı izlədim. Hava şəraitinin pis olması futbolçuların meydançada istənilən kimi hərəkət etməsinə mane olurdu. Buna baxmayaraq, “Qarabağ” rəqibin qapısından 3 cavabsız top kecirdi. Çempionatda qapısında az top görən komanda da elə “Qarabağ”dır. Bu da rəqibin güclü müdafiə xəttinə malik futbolçulardan ibarət olduğunu göstərir. Belə bir komandaya qarşı oynamaq nə qədər çətin olsa da, buna ciddi hazırlaşırıq. “Qarabağ” çempionluğa yaxındır və ikinci yerlə aradakı xal fərqini qorumağa çalışacaq. Sözsüz ki, belə bir məqamda lider xal itkisinə yol vermək istəməz. Ancaq biz də uğursuzluğa son qoymaq istəyirik”. 

Xəbər xətti