"Səhər tezdən kimdi ki, futbola baxan?"
Bu gün AFFA millimizin ABŞ-la oyununu telekanalların canı yayımlanması üçün tender elan edib. Qeyd edək ki, AFFA texniki xərclər xaric bu qarşılaşmanın yayımlanmasına 15 min manat tələb edib. Görəsən, hansı kanal bu oyunu yayımlamaqda maraqlıdır?
Bu sualın cavabını tapmaq üçün Sportal.az olaraq, kanallar arasında kiçik bir sorğu keçirdik. Həmin sorğunu sizlərə təqdim edirik:
Sənan Abdullayev (Xəzər TV): “Həqiqətən də oyunun canlı yayımlanması üçün qiymət bahadır. Özəl kanallar bu yayımın xərclərinui sponsorlar vasitəsi ilə ödəməlidir. Ümumiyyətlə, oyunun başlanma vaxtı da bizə uyğun deyil. Qarşıaşmanın səhər saat 7:00-da baş tutması spornsorların cəlb olunmasına mane olur. Düşünmürəm ki, hər hansı bir şirkət 15 min manat verib məhsulunu reklam etdirsin. O ki qaldı, oyunun canlı yayımlanıb-yayımlanmamasına buunu hələ ki, Xəzər TV-də müzakirə etməmişik. Əgər müzakirə olsa belə, vaxtın tezdən olması, problem yaradacaq. Əgər mən hansısa özəl televiziya şirkətinin rəhbəri olsaydım, bu oyunun canlı yayımlanmasının marağında olmazdım. Audotoriyanı nəzərə alsaq, çox sayda tamaşaçı səhər saat 7-də bu oyunu izləməyəcək. Bu da o deməkdir ki, həm məhsul, həm də verilən maliyyə zay olub gedəcək”.
Tural Xudiyev (Space TV): “Təkcə oyunun canlı yayımlanması 15 min manata başa gəlir. Hələ texniki xərcləri də nəzərə alsaq, bir o qədər də bu edir. Hardasa, millimizin oyununu yayımlamaq üçün 30 min manat xərc tələb olunacaq. Əslində, bu, bir yoldaşlıq oyunu üçün yüksək məbləğdir. Azərbaycan telekanal məkanında reklamları nəzərə alsaq, ən azından bu qarşılaşmanı yayımlamaq üçün sponsor tapılmalıdır. Sözsüz ki, əsasən bu, özəl kanallar üçün çətinlik yaradır. Bizim kanal idman verilişlərinə həssaslıqla yanaşır, imkanımız daxilində idman verilişləri yayımlanır. Yenə deyirəm, bu oyunun yayımlanmasına xərclənən maliyyəni çıxarmaq məsələsi var. Yüksək məbləğ olmasına baxmayaraq, biz bunu müzakirə edəcəyik. Əgər məqbul sayılarsa, ABŞ-la millimizin oyununu canlı yayımlamağa çalışacağıq. Bir məsələ də var ki, qarşılaşmanın başlanma saatı erkən olmasıdır. Sözsüz ki, bu, futbol həvəskarlarına fərq etməz, onlar milli komandanıın oyununu izləmək üçün səhər tezdən ekran qarşısında olacaqlar. Ancaq bu saatın sponsorlar üçün nə qədər əlverişli olması deməyə çətinlik çəkirəm”.
İlkin Fikrətoğlu (ATV): “Uyğunsuz vaxt olduğu üçün bu oyunu yayımlamaq fikrimiz yoxdur. Mənə elə gəlir ki, heç bir televiziya bu pulu verməyəcək. Axşam saatlarında olsaydı, başqa məsələ. Səhər saat 7-də oyunun keçirilməsi bizim üçün uyğun deyil. AFFA-da işləyən şəxslər bu məsələni yoluna qoymalı idilər ki, qarşılaşma bir qədər gec başlasın. Əslində futbolun təbliğində birinci AFFA-nın marağı olmalıdır, televiziyanın yox. Televizyaların hamısının səhər saatlarında öz proqramları var. Demək olar ki, əksər kanallarda səhər verilişləri efirə gedir. AFFA elə bir qiymət təklif etməli idi ki, kanallar oyunu yayımlamaq marağında olsunlar. Səhər tezdən kimdi ki, futbola baxan? Bu futbodur, səhər gimnastikası deyil ki. Həddindən artıq yüksək məbləğ qoyulub. Ümumiyyətlə, bizim kanalda bu məsələ müzakirə olunmayıb, heç rəhbərliyə də deməmişik”.
Elman Himayətoğlu (İTV): “Rəqibin gücündən asılı olmayaraq, belə məbləğin qoyulması Azərbaycan gerçəkliyinə görə real deyil. Üstəlik, oyunun erkən saatlarda başlanması da normal vaxt deyil. Səhər saat 7-də nə qədər tamaşaçının bu oyunu izləməsini demək çətindir. Xəbər bu gün çıxdığı üçün, kanal rəhbərliyi tərəfindən müzakirə olunmayıb. Uyğunsuz vaxt olduğuna görə, inanmıram ki, oyunun göstərilməsində kimsə maraqlı olsun. AFFA başlanma saatını qarşı tərəflə anlaşıb bir qədər irəli çəksə, hardasa, maraq artar. Onlar niyə belə erkən saata danışıb razılığa gəliblər deyə bilmərəm. Hələ məşhur olan səhər verilişlərinə sponsor tapılmasında çətinlik yaranır, o ki futbola. Bilirsiniz ki, sponsorlar bizim futbolumuza maraq göstərmir.”
saytlarin hazirlanmasi