Reynaldo "Qarabağ"ın heyətində ilk dəfə bunu bacardı

14:34 - 7 Aprel 2014

Reynaldo və Sxadadzedən şərikli rekord
 
Mövsümün ən yaxşı bombardiri Reynaldo Silva və Baçana Sxadadze ardıcıl 3-cü oyunda qol vurublar. 
 
Sportal.az xəbər verir ki, “Qarabağ”ın braziliyalı legioneri “Sumqayıt” və “Qəbələ” ilə qarşılaşmalarda dublları sıralamışdısa, AZAL-a 1 qol vurmağı bacarıb. 
 
Bu qol seriyası Reynaldonun Topaz Premyer Liqasında ilk belə uğurudur. Ötən iki turda “Qəbələ” və “Rəvan”ın hərəsinə 1 qol vuran “İnter”in gürcüstanlı hücumçusu Sxadadze bu dəfə “Simurq”un qapısına yol tapıb.
 
Bu cütlük ardıcıl 3 turda qol sevinci yaşamaqla mövsümün rekordunu da təkrarlayıb. Reynaldo ilə Baçanaya qədər “Qarabağ”ın hollandiyalı oyunçusu Leroy Corc və “Neftçi”nin braziliyalısı Karlos Kardoso da bunu bacarmışdı. Corc 24-26-cı, Karlos 14-16-cı turlarda ardıcıl hər oyunda 1 qol vurmuşdu.
 
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu Yunis Hüseynova məxsusdur. Yarımmüdafiəçi ilk çempionatın startında ardıcıl 12 qarşılaşmada qol vurmaqla şərəfini qoruduğu “Neftçi”nin qələbələrində pay sahibi olmuşdu.

Xəbər xətti