"Xəzər Lənkəran"ı heç vaxt bizim üçün zəif rəqib hesab etmərəm" MÜSAHİBƏ

14:27 - 9 Aprel 2014

Vadim Abdullayev: "Amma nə olsa da, onun da oynamağa haqqı var"
 
"Bakı"nın gənc futbolçusu Vadim Abdullayevin Sportal.az-a müsahibəsi:
 
- “Neftçi”yə məğlub olmağınızın səbəbi nə idi?
- Məncə, bu oyunda bəzi aparıcı futbolçuların olmaması komandanın oyununa təsir etdi. Buna baxmayaraq komanda yaxşı mübarizə apardı. Bir də bəzən elə epizodlarda son nöqtəni qoyan futbolçu lazim idi ki, əlimizə düşən fürsətlərdən istifadə edək. Artıq bu oyunu unudub bütün diqqətimizi “Xəzər Lənkəran”la oyuna yönəltmişik. 
 
- Bu həftə “Xəzər Lənkəran”la qarşılaşacaqsınız və rəqibin demək olar ki, çempionatda heç bir iddiası yoxdur...
- Əlbəttəki, rəqibin çempionatda heç bir iddiasının olmaması bizi arxaynlaşdırmır. Kubokdakı aqibətimiz bizə yaxşı dərs oldu. Ona görə də, hər oyunu final kimi hesab etməliyik, həm də “Xəzər Lənkəran” turnir cədvəlindəki yerindən asılı olmayaraq çempionatda adlı-sanlı komandalardan biridir. “Xəzər Lənkəran”ı heç vaxt bizim üçün zəif rəqib hesab etmərəm.
 
- Bəzi futbol mütəxəssisləri deyirlər ki, Pantiç “Bakı”nı dəyişə bilməyib, Bu fikirlə razısan ?
- Əlbəttə ki, yox.  Futboldan baş çıxanlar bilməlidirlər ki, ötən illərdə “Bakı” ilk “6-lığ”a çətinliklə düşə bilirdilərsə, bu mövsüm komanda Azərbaycanı avrokuboklarda təmsil etmək üçün mübarizə aparır. Həm də Pantiç gənc futbolçulara daim şans verir ki, özlərini gösətərə bilsinlər.
 
- Turnir cədvəlində “İnter” sizi qabaqladı. Komandanın avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?
- Hələ qarşıda 7 tur var. Hər oyuna ciddi hazırlaşıb istəklə meydana çıxsaq, istədiyimiz nəticəni əldə edə bilərik. “İnter”lə öz meydanımızda oyunumuz qalıb, bu oyun çox şeyi açıqlayacaq. 
 
- Çempionatın ilk dövrələrində daimi əsas heyətdə olsan da, daha sonra zədələndin və əvəzedici heyətə göndəildin. “Neftçi” ilə oyunda isə yenidən səni “11-lik”də gördük..
- Mən özümü meydanda 90 dəqiqə mübarizə aparmağa hazır hiss edirəm, amma komandanın baş məşqçisi var və onun öz qurduğu heyət var. Mənim əlimdən yalnız öz üzərimdə işləyib daha da artırmaq və səbr eləmək gəlir.  Qeyd edim ki, mənim yerimdə Vüqar Mustafayev mübarizə aparırdı ki, onun da buna haqqı var. O, meydanda əlindən gələni əsirgəmir. İstəyərəm ki, baş məşqçi hər ikimizə əsas heyətdə oynamağa şans verərdi və o günü gözləyirik. Məncə, ən ədalətli qərar bu olardı.
 
- Vüqarın cəzalanması sənin üçün yenidən oynamağa şans qazandırdı..
- Düzdür, o cəzalanandan sonra mənə şans verildi. Amma nə olsa da, onun da oynamağa haqqı var.
 
Yusif HÜSEYN

Xəbər xətti