"Hələ ki, "Neftçi"dən təklif almamışam" MÜSAHİBƏ

14:50 - 11 Aprel 2014

Anderson: "Burada heç kəs "İnter"ə qəsdən 3 xal vermədi"
 
"Simurq"un futbolçusu Anderson de Oliveyranın Sportal.az-a müsahibəsi:
 
- Əvvəlcə “Bakı”ya , ardınca “İnter”ə məğlub oldunuz. Bu məğlubiyyətlərin səbəbi nədir ?
- “Bakı” ilə oyunda biz qələbə üçün yollanmışdıq, oyunboyu xüsusi ilə də ikinci hissə yaxşı oynadıq. Amma iki dənə etdiyimiz adi səhvlər nəticəsində qapımızda qollar gördük. “İnter”lə oyunda da mənim zədəm var idi, ikinci hissə oyuna iynə gücünə daxil oldum və əlimdən gələni etməyə çalışdım.
 
- “İnter”lə “Simurq” “qardaş” klublar adlandırılır. Bəlkə 3 xalı “qardaş”ınıza hədiyyə etdiniz?
- Burada heç kim "İnter"ə qəsdən 3 xal vermədi. “İnter” bizimlə qaydalar çərçivəsində oynayıb qələbə qazandı. Onların futbolçuları həqiqətən daha təcrübəli və peşəkar idilər.
 
- Bu tur “Sumqayıt”la oyununuz var. Geridə qalan hər üç oyunda “Sumqayıt”ı məğlub etmisiniz…
- Biz də bilirik ki, “Sumqayıt” turnir cədvəlinin sonuncu pilləsindədir, ancaq biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Bundan əvvəlki oyunlarda qələbə qazanmağımız bizi arxaynlaşdırmalı deyil. Bu oyuna səfərdən vacib qələbə ilə qayıtmaq istəyirik.
 
- Artıq “Simurq”un avrokuboklara getmək şansı yoxdur. Bu fikirlə razısan ?
- Bəli, razıyam, artıq Avroliqaya vəsiqə qazanmaq üçün şanslarımız yoxdur, indi çalışırıq ki, mövsümü bacardığımız qədər yaxşı yerdə bitirib. Qarşıda hələ 7 tur var, daha çox xal yığa bilərik.
 
- Mətbuatda yazılan xəbərlərə görə, növbəti mövsümdən “Neftçi”də oynaya bilərsən. Bu barədə nə deyə bilərsən ?
- Mətbuatda belə şayiələrin yayılmasını məndə oxumuşam. Amma hələ ki, “Neftçi”dən təklif almamışam. Əgər təklif gəlsə, mənim üçün Azərbaycanın ən böyük klublarından birində oynamaq xoş olar. “Neftçi”də oynamaq mənə asan olar, çünki orada çoxlu dostlarım var.
 
Yusif HÜSEYN

Xəbər xətti