"İnter"in prezidenti olaraq, icazə vermərəm ki, AFFA klubun işlərinə qarışsın" MÜSAHİBƏ

12:29 - 16 Aprel 2014

Nikolov: "Kim ki, revanş arxasında qaçır, həmin komanda adətən itirir"
 
"İnter"in prezidenti Georgi Nikolov "Neftçi" ilə oyundan sonra Sportal.az-a müsahibə verib. Həmin müsahibəsində, komandasnın çempionatdakı hədəflərindən və AFFA tərəfindən komandalara təyin olunmuş idman direktorları ilə bağlı öz fikirlərini bildirib:
 
- Premyer Liqanın hesabat turunda “Neftçi”ni  məğlub etdiniz. Bu qələbəni necə şərh edərdiniz?
- Əlbəttə, belə bir güclü komandaya qalib gəlmək bizi çox sevindirir, “Neftçi” elə bir komandadır ki, belə rəqiblə zarafat etmək olmaz. Müdafiədə ani səhv hesabın bərabərləşməsi ilə nəticələndi. Ancaq sonda oyun biz istəyimiz kimi bitdi. 
 
- “Neftçi”nin qapısına iki qol vuran Şpiçiçi oyunun qəhrəmanı hesab edirsiniz?
- Ümumilikdə, qələbəni bir nəfər deyil komanda qazanır. Düzdür, gözlənilməyən bir anda bu futbolçunun səhnəyə çıxıb iki qol vurması, komandaya qələbə qazandırdı. Burada əsas baş məşqçinin böyük rolu var. Sözsüz ki, Kaxaber Sxadadzenin ona verdiyi tapşırıqlar öz sözünü dedi.
 
- “Bakı”nın xal itirməsi ikinci-üçüncü yer uğrunda mübarizənin “İnter” və “Neftçi” arasında gedəcəyinə əsas verir?
- Hələ qarşıda 6 tur var. Yaddan çıxarmayın ki, qarşıdakı turda “Bakı” ilə səfərdə bizi səfərdə çətin oyun gözləyir. Bu oyunun nəticəsindən də çox şey asılıdır. Ancaq “Neftçi”yə qalib gəlməklə, ikinci yeri tutmaq şansımız artdı. Komandanın qarşısında məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. İkinci yerlə avrokuboklara getsək, bizim üçün uğurdur. Əslində, 3-cü yer də  turnirə qatılmaq  üçün kifayət edir. Hər bir halda,  mövsümü mükafatla başa vurmaq xeyrimizə olar. 
 
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında bildirdi ki, “Biz “İnter”ə elə yara vurmuşuq ki, heç vaxt sağalmaz”. O bununla nə demək istəyir?
- Ola bilsin ki, bizi kubokda kənarlaşdırdığı üçün belə deyir. Ümumilikdə, kubokdada biz “Neftçi”yə qarşı yaxşı oynamışdıq. Sadəcə onların səfərdə vurduğu bir qol, onları növbəti mərhələyə daşıdı. Çempionat oyununa gəldikdə, 4 oyundan ikisində biz qalib gəlmişik, biri heç-heçə, yalnız birində məğlub olmuşuq. Bu üstünlüklə, “İnter”  turnir cədvəlində “Neftçi”ni geridə qoydu.
 
- Onda belə çıxır ki, “İnter” “Neftçi”dən kubokun revanşını aldı?
- Mən belə deməzdim, bizim kubokda iddiamız qalmayıb və çempionata köklənmişik. Kim ki, revanş arxasında qaçır, həmin komanda adətən itirir. Əslində, bu iki iddialı komandanın ikinci yer uğrunda mübarizəsi idi. İndiki halda, biz qalibik. Ancaq mübarizə bitməyib, mövsümün sonunda hər şey məlum olacaq.
 
- AFFA prezidenti Rövnəq Abdullayev iki həftə öncə, belə bir açıqlama verdi ki, “Premyer Liqanı bir komandanı tərk edə bilər”, düzdür bu məsələ müzakirə olunacaq, ancaq bundan əvvəl federasiya rəhbərliyi bildirmişdi ki, yüksək dəstədə komandaların sayı 12 olacaq. Ümumiyyətlə, federasiyanın tez-tez verdiyi qərarları dəyişdirməsinə nə cür baxırsınız?
- Əslində,  belə qərarların müzakirə olunmadan qəbul olunması düzgün deyil. Digər yandan çempionatın gedişində qərarların verilməsi də peşəkarlıqdan uzaqdır. AFFA növbəti  mövsüm üçün təqvim planını bu mövsüm başa çatan kimi açıqlamalıdır. Belə də, artıq bütün komandalar çempionat nə vaxt başlayır və neçə komanda mübarizə aparır. 
 
- Bütün komandalara AFFA tərəfindən idman direktorları təyin olunub.  Onlara  aşağı yaş qruplarında istənilən baş məşqçini dəyişdirmək səlahiyyəti verilib ?
- Onlara AFFA tərəfindən belə bir səlahiyyətin verilməsi mümkün deyil. Klubda hansı məşqçinin işləyib-işləməməsinə yalnız prezident qərar verə bilər.  Federasiya idman direktorlarına belə bir səlahiyyət verməklə, klubun daxili işinə birbaşa qarışmış olacaq. İdman direktorlarının vəzifəsi ondan ibarət olmalıdır ki, aşağı yaş qruplarında işləyən məşqçilərə yeni sistemlər, metodikalar öyrətsin, müasir futbolu onlara aşılasın. Ancaq hansısa məşqçinin dəyişib-dəyişməməsi onlarlıq deyil. “İnter”in prezidenti olaraq, imkan vermərəm ki, AFFA və ya idman direktoru klubun işlərinə qarışsın.
 
Şahin OĞUZ

Xəbər xətti