Turkoviç: "Bir az vaxta ehtiyacım var" MÜSAHİBƏ

13:16 - 18 Aprel 2014

"Lənkərana xal gətirmək üçün gedirik"
 
AZAL-ın futbolçusu Nedo Turkoviçin Sportal.az-a müsahibəsi
 
- Hazırlıqlarınız necə gedir?
- Hər şey qaydasındadır, hər futbolçu əlindən gələni etməyə çalışır. Komandada yaxşı atmosfer var.
 
- İki gün sonra “Xəzər Lənkəran”la səfərdə qarşılaşacaqsınız..
- Onlar hazırda elə də yaxşı vəziyyətdə deyil, son oyunda kubokda “Qəbələ”yə 3:0 hesabı ilə məğlub oldular. Lakin bu uğursuz nəticələr bizə təsir etmir, biz Lənkərana xal gətirmək üçün gedirik.
 
- Yeni baş məşqçiniz necədir? Vaqif Sadıqovla Tərlan Əhmədov arasında hansı fərqlər var?
- Yeni baş məşqçimiz yaxşıdır, komandada yaxşı ab-hava yaratmağı bacarıb. O, vaxtı ilə Azərbaycan milli komandasının və AZAL-ın əfsanəvi futbolçusudur. O, futbolçularla necə işləməyin lazım olduğunu daha yaxşı bacarır. Qaldı ki, Vaqif Sadıqova, onun haqqında pis nəsə demək çətindir. Onunla yaxşı münasibətim var idi, onun haqqında düşüncəm müsbətdir.
 
- Əhmədov komandaya gəldikdən sonra komandanın oyun üslubu dəyişib. Bu fikirlə razısan?
- Tərlan Əhmədov komandaya gəldikdə, bizim iki : “Qarabağ” və “Bakı” ilə çətin oyunlarımız var idi. İndidən sonra öz oyunumuz göstərməyə çalışacağıq. Əvvəl biz əks-hücum və uzun toplara üstünlük verirdiksə, indi daha qısa paslarla hücuma çıxmağa çalışırıq.
 
- AZAL-a yeni gəldikdə hər oyunda qol vururdun. Lakin artıq uzun müddətdir ki, fərqlənə bilmirsən. Buna səbəb nədir?
- Bəli, son oyunlarda fərqlənmək üçün kifayət qədər şans olur, amma qol vura bilmirəm. Komandaya və Azərbaycana qış fasiləsində gəlmişəm, tam uyğunlaşmaq üçün bir az vaxta ehtiyacım var. Getdikcə daha çox fərqlənəcəyimə inanıram.
 
- AZAL-la müqavilən nə yerdədir?
- Qış fasiləsində komandaya gələndə, iki il yarımlıq müqavilə imzaladım. Ancaq növbəti mövsümdə komandada olub-olmayacağım haqqında klub rəsmiləri ilə görüşəcəm, bu görüşdən sonra bu barədə ətraflı danışarıq.
 
Yusif HÜSEYN

Xəbər xətti