"Bu, "Neftçi" üçün faciədir"
“Mövsümün başa çatmasına 6 tur qalsa da, artıq “Qarabağ”ı çempion kimi təbrik etmək olar. Həqiqətən də, bu komanda oyun üslubu ilə digərlərindən güclü olduğu görünür. Həmişə deyirdim ki, çempionat may ayında başa çatır, amma bu dəfə fikrimi dəyişdim, “Qarabağ”ı indidən çempion kimi təbrik etmək olar. O ki qaldı, ikinci və üçüncü yerlər uğrunda mübaizə əsasən “Neftçi” və “İnter” arasında gedəcək. “Bakı”nın mükafatlar uğrunda mübarizəyə qoşulacağına inanmıram. “Xəzər Lənkəran”la qarşılaşmada öz meydanında “Bakı”nın heç-heçə oynaması onları “Neftçi” və “İnter”dən geri saldı. Qarşıdakı 6 tur “Neftçi” və “İnter” üçün həlledici olacaq. Mənə elə gəlir ki, mövsümü 1-ci yerlə “Qarabağ”, 2-ci yerdə “Neftçi” və 3-cü yerdə isə “İnter” bitirəcək. “Bakı”nı isə 4-cü yerdə görürəm.”
Bu sözləri Sportal.az-a açıqlamasında təcrübəli futbol mütəxəssisi Yunis Hüseynov bildirib. Mütəxəssis ölkə kubokunda yarımfinal cütlüklərini də dəyərləndirib:
“Kubokun yarımfinalında “Neftçi”nin “Rəvan”la evdə heç-heçə oynaması, o demək deyil ki, finala “Rəvan” yüksələcək. “Neftçi” oyununa görə “Rəvan”dan birbaş güclüdür. Belə baxanda, evdə “Rəvan”ı böyükhesabla məğlub etməli idi. “Rəvan”ın əks-hücum taktikası öz xeyrini verdi. Lakin belə oyunla “sarı-qırmızıllar” finala vəsiqə qazana bilməyəcək. “Neftçi” səfərdə “Rəvan”a qalib gəlib finala yüksələcək. Əgər “flaqman” bunu edə bilməsə, artıq bu, onlar üçün faciə olacaq.
Digər cütlük “Qəbələ”- “Xəzər Lənkəran” oyununa gəldikdə isə, bu komandaların gücü ilk oyuna qədər eyni idi. Birinci oyunda mən “Xəzər Lənkəran”ı favorit hesab edirdim. Oyunun birinci hissəsində bərabər oyun getdi, fasilədən sonra “Qəbələ” rəqibin müdafiə xəttindəki boşluqlardan istifadə edib istəyinə çatdı. “Qəbələ” 3:0 qalib gəlməsinə baxmayaraq, onları Lənkəranda ağır oyun gözləyir. Çünki “Xəzər Lənkəran”ın azarkeş kütləsi var və onların təzyiqi altında oynamaq çətindir. əgər cənub təmsilçisi bu oyuna köklənə bilsə, “Qəbələ”nin işi xeyli çətin olacaq. Bu cütlükdə şansları səksənin iyirmiyə hesab edirəm. Yəni “Qəbələ”nin finala vəsiqə qazanmaq şansı böyükdür. Ancaq futbolda hər şey ola bilər".
Sonda isə Hüseynov ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların da adını çəkib:
Çox istərdim ki, finalda “Neftçi” ilə “Xəzər Lənkəran” üz-üzə gəlsin, ancaq gediş onu göstərir ki, finalda “Neftçi” “Qəbələ” ilə oynayacaq.
Əgər finalda “Neftçi” “Qəbələ” ilə qarşılaşarsa, kubokun sahibi “Neftçi” olacaq, finalda “Xəzər Lənkəran” “Neftçi” ilə qarşılaşarsa, kuboku “Xəzər Lənkəran” qazanacaq.
Ona görə də, bizi beynəxalq turnirlərdə təmsil edəcək 4 komandanın “Qarabağ”, “Neftçi”, “İnter” və “Bakı” olacaq".
saytlarin hazirlanmasi