"Elnur Allahverdiyevi ciddi cəza gözləyir" MÜSAHİBƏ

12:00 - 19 Aprel 2014

Fariz Nəcəfov: "Qərar açıqlananda hamınız biləcəksiniz"
 
"Qəbələ"nin vitse-prezdenti Fariz Nəcəfovun Lent.az-a müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- AFFA İntizam Komitəsinin bugünkü iclasında “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun ilk yarımfinal matçında baş verənlərlə əlaqədar klubunuz üst-üstə 14 min manat cərimələnib. 3:0 hesablı qələbə sevincinin ardından belə ağır cəzanı necə qəbul etdiniz?
- Cərimələri haqlı sayırıq. Meydana atılan əşyalarla bağlı azarkeşlərlə nə qədər söhbətlər aparırıq. Çox təəssüf ki, bir-iki oyun keçəndən sonra belə hallar təkrarlanır. Bu barədə deyiləsi bir söz yoxdur. Elnur Allahverdiyevə də cərimə haqlı verilib. Amma 5 oyunluq cəzanın Premyer Liqa qarşılaşmalarına şamil edilməsinə etiraz edirik və bu gün apellyasiya şikayəti vermişik.
 
- Allahverdiyev hakimlərin ünvanına təhqirləri meydanda yox, dəhlizdə ünvanlayıb...
- Əsasnamədə belə cəzaların hansı yarışlara şamil edilməsi barədə bənd yoxdur. Orada göstərilib ki, kluba aid olan şəxs AFFA nümayəndəsi və ya hakimləri jurnalistlər və ya ictimaiyyət qarşısında təhqir edərsə, ona 5 oyunluq cəza, klubuna 10 min manat cərimə kəsilir. Amma cəzanın çempionat və ya kubok qarşılaşmalarına şamil olunması göstərilməyib. Digər tərəfdən, hadisə heç də İntizam Komitəsinin qərarında göstərildiyi kimi baş verməyib. İnsident birbaşa Elnurla hakimlər arasında olmayıb. Yəni, futbolçumuz deyib, onu eşidən adam hakimə çatdırıb, jurnalistlər və ya ictimaiyyət qarşısında referini təhqir etməyib. Bununla Allahverdiyevə haqq qazandırmıram. İstənilən halda, Elnur böyük səhvə yol verib və buna görə cəzasını çəkəcək. İntizam Komitəsi ilə yanaşı, klubumuzun da cəzasına məruz qalacaq. Amma şikayət etməkdə ona görə özümüzü haqlı sayırıq ki, baş hakim kubok matçının protokoluna qeydiyyat aparıb, onu kiminsə söydüyü barədə ərizə formasında müraciət etməyib. Şikayətimizi etmişik və qərarı Apellyasiya Komitəsi verəcək.
 
- 5 oyunluq cəza ya ölkə kuboku matçlarına, ya da həm çempionatda, həm də kubok uğrunda keçirəcəyiniz növbəti matçlara şamil olunsaydı, daha məntiqli olmazdımı?
- Bəli, bu, daha məntiqli olardı. Əsasnamədə göstərildiyi kimi olsa, 5 oyunluq cəza hər iki yarışa şamil edilməlidir. İntizam Komitəsinin belə qərar qəbul etməsinin səbəbini bilmirəm. Hər halda şikayət etmişik. Yəqin ki, bizə tutarlı səbəb göstərərlər. Allahverdiyev həm də Azərbaycan milli komandasının futbolçusudur. 5 oyunluq cəza demək olar ki, mövsümün sonunadək yaşıl meydanlardan kənarda qalacağı anlamını verir. Mayın 27-də isə millimiz ABŞ-la yoldaşlıq görüşü keçirməlidir. Mənə elə gəlir ki, şikayətimizə baxılsaydı, yaxşı olardı.
 
- Allahverdiyevin cəzalandırılacağını dediniz. Amma o, neçənci dəfədir intizamsızlığa yol verir. Eyni halın yenə təkrarlandığını nəzərə alaraq, bu futbolçunun “Qəbələ”dən qovulacağını söyləmək olar?
- Xeyr, hələ tam qovulma təhlükəsi yoxdur. Amma mövsümün əvvəlində Allahverdiyevlə müqavilə bağladığımız vaxt söhbətimiz olmuşdu. Bilirsiniz ki, Elnur bir qədər emosional futbolçudur. Ona “Qəbələ”ni təmsil edirsən, belə hallara yenə yol verməməlisən” demişdik. Tutduğu vəzifəsindən asılı olmayaraq, istənilən şəxs hər hansı klubdadırsa, həm çılğınlığına sahib olmalı, emosionallığının qarşısını özü almalı, ona aid bütün məsələlərdə iş başında olan zaman klubun mənafeyindən çıxış etməlidir. Əgər sən emosionallıq edib hakimi söyürsənsə, nəzərə almalısan ki, burada ziyan kluba dəyə bilər. Komandadan kənarda nə isə edərsənsə, bu, sənin özünə aid olan məsələdir. Bu barədə Elnurla söhbət olmuşdu və indi onu çox ciddi cəza gözləyir. Çox ciddi!
 
- Axı qovulmaqdan başqa çox ciddi cəza nə ola bilər?
- (Gülür) Böyük məbləğdə cərimə. Klubdaxili toplantımız olacaq. Qərar açıqlananda hamınız biləcəksiniz.

Xəbər xətti