Kaxaber Sxadadze: "İşimiz daha bitməyib, avrokuboklara qatılmaq üçün yaxşı şansımız var"
"Qələbə qazandığımız üçün şadam, rəqibdən üstün oynadıq. Oyunumuzu düzgün qurduq, iki mərkəz hücumçu ilə oynadıq. Bu, rəqib üçün gözlənilməz oldu. Çoxlu qol epizodu yaratdıq. “Bakı”nın çox yaxşı hücum xətti var, lakin müdafiəçilərimiz bu gün onların qarşısını ala bildi".
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Bakı" ilə oyundan (4:0) sonra deyib.
Gürcü mütəxəssis bildirib ki, komandası çempionatın başlanğıcında uğursuz çıxış etdiyi üçün istefa vermək istəyib. Ancaq klub rəhbərliyi istefanı qəbul etməyib. Sxadadze ona olan bu etimadı doğrultduğunu söyləyib:
"İndi heç kim ilk 6 turu yada salmır. Sonuncu yerdə idik, bəzi məşqçilər bizi hesabdan silmişdilər. Futbolçularıma görülən işə görə, bu nəticəyə görə minnətdaram. Qarşıda hələ 5 oyun var, bu qələbəni unudub,qarşıdakı oyunlara hazırlaşacağıq. İndi turnir cədvəlində yaxşı mövqedəyik. 4-cü yerdəki “Bakı” ilə aramızda 8 xal fərq var. Klub rəhbəri mənim istefamı qəbul etməmişdi və mənə inam göstərdi. Mən də bu etimadı doğrultdum. İşimiz daha bitməyib, avrokuboklara qatılmaq üçün yaxşı şansımız var, qarşıda çox ağır oyunlarımız olacaq”.
saytlarin hazirlanmasi