Böyükağa Hacıyev: "Artıq bu futbolçular "doyublar"

20:53 - 20 Aprel 2014

"Əgər “Neftçi”də qalası olsam kubokun cavab oyunundan sonra yeni komanda yığacam"
 
"Sumqayıt"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev matçla bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, 56 yaşını qeyd edən mütəxəssis oyuna belə şərh verib: "Futbolçularıma mənə etdikləri “böyük hədiyyə”yə görə “minnətdaram”. Bu gün mənim 56 yaşım tamam olur. Bunu yadımda saxlayacam. “Sumqayıt” daha yaxşı oynadı. Layiqli qələbə qazandı. Rəqib komandanın gənc futbolçuları bizdən daha istəkli oynadılar.
 
 
Əgər “Neftçi”də qalası olsam kubokun cavab oyunundan sonra yeni komanda yığacam. Köhnələrlə vidalaşmağa çalışacağam. Su bir yerdə çox qalanda iylənər. Heyətə “yeni qan” lazımdır. Kubokda inamlı oynayıb, kuboku qələbə qazanmaq lazımdır. Çempionatda “İnter” də bizdən 3 xal irəlidədir. Mövsümü titulsuz başa vurmaq istəmirəm. Sabahdan “Rəvan”la oyunun hazırlıqlarına başlayacağıq.
 
 
Bu gün futbolçularımın rəqib qarşısında acizliyini gördüm. Heç kimi qınamıram, günah özümüzdədir. Artıq bu futbolçular “doyub”. Komandamı meydanda tanımadım, oynamaq istəmədilər". 
 

Xəbər xətti