Tuyqun Nadirov: "Biz də sizin kimi cavab oyununu gözləyirik" MÜSAHİBƏ

14:41 - 21 Aprel 2014

"Mustafa Dənizliyə inanıram"
 
"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov "Komanda"ya müsahibə verib.
 
Sportal.az xəbər verir ki, Nadirov müsahibəsi zamanı bir sıra məqamlara aydınlıq gətirib. 
 
- Öncə “Xəzər Lənkəran”ın “Qəbələ”ylə kubok oyunundan danışaq. Heç kim sizdən belə məğlubiyyət gözləmirdi. Cavab matçı üçün heç də əlverişli hesab deyil. Məğlubiyyətin səbəblərini özünüz üçün müəyyənləşdirmisiz? 
- Mürəkkəb məsələlərə asanlıqla cavab vermək olmur. Hər iki komanda sönük oyun nümayiş etdirirdi. Rəqib futbolçularımızın buraxdığı səhvlərdən yararlandı. Mustafa Dənizli məsuliyyəti üzərinə götürdü. O, bizə dedi ki, cavab matçında hər şeyi düzəltməyə çalışacaq. Biz də sizin kimi cavab oyununu gözləyirik. Görək necə olacaq? 
 
- Klubun vitse-prezidenti olaraq cavab oyununda komandanızın üç və daha artıq qol vuraraq, finala adlayacağına inanırsız? 
- Mən Mustafa Dənizliyə inanıram (gülür). Dənizli sözünü demiş məşqçidi. Onu böyük ümidlərlə komandaya gətirmişik. İnamımız hələ itməyib. Əsas məqsədimiz güclü komanda qurmaqdı. Biz ona inandığımız üçün hər cür şərait yaratdıq. Transfer siyasətində məşqçimizə tam səlahiyyət verdik. Çempionatdakı uğursuzluğu onun boynuna yıxmaq düzgün olmaz. Çünki o, komandanın başına keçənə qədər çemponatda uğursuzluq olmuşdu. Amma kubokda Dənizlidən uğur gözləyirik. Onun qarşısına məqsəd qoymuşuq ki, kuboku qazansın. Ayın 24-nü gözləyirik. 
 
- Sizə elə gəlmir ki, kuboku düşünə-düşünə çempionatdan Avropa Liqasına yollanmaq şansını itirdiz? Qış fasiləsindən sonra “Qarabağ”ı məğlub etdiz, bir neçə görüşdə qələbə qazandız. Amma ardını gətirə bilmədiz...  
- Dənizlinin qarşısına kubokla yanaşı, çempionatda da mümkün qədər yaxşı nəticə qazanmaq tapşırığı qoyulmuşdu. Rəhbərlik olaraq komandanın məğlubiyyətləri bizim üçün xoş deyil. İndiki halda turnir cədvəlində yer aldığı mövqedən asılı olmayaraq, komanda adınalayiq oyun sərgiləyib, qələbə qazanmalı, azarkeşlərini sevindirməlidi. 
 
- Qış transfer pəncərəsi zamanı Dənizlinin komandaya cəlb etdiyi gənc futbolçular ümidləri doğrultmadılar. Rəhbərlik olaraq ona xəbərdarlıq etdizmi ki, tələsməsin, səhv qərar verə bilər? 
- Bizim işimiz məşqçiyə şərait yaratmaq və daha sonra gördüyü işin hesabatını almaqdı. Təbii ki, biz də ondan bununla bağlı hesabat istəyirik. Külli miqdarda pul verilib alınan oyunçuların bəziləri əsas heyətdə belə oynamır. Bu, bizi narahat etməyə bilməz. Sonuncu transferlərin hamısı Dənizlinin istəyiylə baş tutub. Transferlərin düz və ya səhv olmasına məşqçi məsuliyyət daşıyır. Yəqin ki, bu fikirlə razılaşarsız. Yanlış transferlərin əziyyətini həmişə məşqçilər çəkir. Amma bizim uğursuzluqlarımızın səbəbi heyətlə bağlı deyil. Tamam başqa səbəblərdi. 
 
- Hansı başqa səbəblər? 
- Uğursuzluğun səbəbini bilsəydik, özümüz həll edərdik. Müəyyənləşdirməmişik. 
 
- Orxan Sadıqlının uğursuz çıxışı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır (sözümü kəsir)... 
- Bu həmin Orxandı ki, komandanın uğurlarında, qələbələrində pay sahibi olub. Orxanın iştirak etdiyi oyunlarda “Qəbələ”ni iki dəfə məğlub etmişik. Danışılanlar boş söhbətdi. Həmin oyunda komandanın uğursuzluğunu hansısa futbolçunun üstünə yıxmaq düzgün olmaz. Buraxılan üç qoldan birində Orxanın səhvi ola bilər. Digər iki qolda onun səhvi yox idi. 
 
- Transfer edilən legionerlər də ümidləri doğrultmadılar. Onlar komandaya kömək edə bilmədilər. Həmin legionerləri də Dənizli seçmişdi, yoxsa menecerlər təklif etmişdi? 
- “Xəzər Lənkəran”a kim transfer edilibsə, Dənizlinin istəyi ilə edilib. Ellias kimi futbolçunun bura gəlməsində məhz məşqçinin xüsusi əməyi var. O olmasaydı, braziliyalı futbolçu bura gəlməzdi. 
 
- Klubun 10 illiyi ilə bağlı hər iki turnirdə qalib gəlməyi planlaşdırsaz da, heç nə istədiyiniz kimi olmadı...
 - Çox adam deyir ki, niyə belə oldu, niyə elə oldu... Uğursuzluğun acı tərəfini dadan məhz rəhbərlikdi. Rəhbərlik tərəfindən külli miqdarda pul ayrılır, əziyyət çəkilir, məşqçi və futbolçulara şərait yaradılır. Uğursuzluqlar rəhbərliyin əziyyətinin boşa getməsini göstərir. İndiki halda isə rəhbərlik aprelin 24-nə qədər gözləyəcək. Ondan sonra məşqçi və ya futbolçularla bağlı tədbir görüləcək. Rəhbərlik hələ ki, səbr edir. İstənilən halda, lazımi ölçülər götürüləcək. Heç nə belə qalmayacaq. -
 
-  Növbəti mövsüm üçün komandayla bağlı nə kimi planlarınız var? 
- Bu mövsüm bitdikdən sonra növbəti mövsüm haqqında danışacağıq. Məşqçi tərəfindən gələn il üçün bir fikir söylənilməyib. Hələ bu mövsüm bitsin, sonra gələn mövsüm barəsində ətraflı danışarıq. 
 
- Dənizli mətbuata açıqlamasında bildirib ki, növbəti mövsümdə daha çox yerli futbolçuların xidmətindən yararlanmaq istəyir. 
- O, komandaya gəldiyi gündən bəri rəhbərlik transferlə bağlı nə sərhəd, nə də limit qoymayıb. Dənizli bu məsələdə azad qərar qəbul edə bilər. Maliyyə və say məhdudiyyəti də yoxdu. Qışda transfer edilən futbolçulardan yalnız Tyaqo Mario Souza tərəfindən bəyənilərək məşqçiyə təklif olunub. Yəni bu məsələlərdə Dənizli istədiyi qərarı verə bilər. 
 
- Bu il “Xəzər Lənkəran” azarkeşləri komandanın ev oyunlarını televiziya vasitəsiylə izləyə bilmədilər. Bir müddət əvvəl bu problemin həll ediləcəyini bildirmişdiz. Gələn ildən azarkeşlərin həsrəti bitəcək? 
- Gələn il bu problem tam həllini tapacaq. Bu məsələylə bağlı müəyyən işlər görülür. Bildiyiniz kimi, klubumuzun internet üzərindən kanalı fəaliyyətə başlayıb. Mart ayından etibarən layihəmizin daha da təkmilləşdirilməsi üçün işlər görülür. Avadanlıqlar alınır. Bu yaxınlarda kanalımız tam gücüylə fəaliyyətə başlayacaq. Yayım məsələsiylə bağlı federasiya rəsmiləriylə danışıqlarımız olub. Bilirik ki, bu baxımdan ən çox əziyyət çəkən azarkeşlərimizdi. Bu gün biz nəyəsə nail olmaq istəyiriksə, bir az səbrli olmalıyıq. “Xəzər Lənkəran”ın ev oyunları sivil qaydada yayımlanmalıdı. Heç kimə hüquq verilmir ki, pul ödəmədən oyun yayımlasın. Bu da oyuna biletsiz girmək kimi bir şeydi. Bir çox insan bu məsələlərdən xəbərsizdi. Söhbət FİFA-nın maliyyə feyr-pleyi qaydalarından gedir. Bu qaydalar çox sərtdi. Klublardan maliyyə hesabatı tələb edilir. Nəsə düzgün olmayanda klub cəzalanır. Bunu kimsə istəməz. Biz bu qaydalara əməl edirik. Həmin qaydalar federasiyamızda da keçərlidi. “Xəzər Lənkəran” tək bu işləri görmür. Klubumuz 10 ildi fəaliyyət göstərir. Bu klub təkcə komandadan ibarət deyil. Böyük bir camiədi. Çalışırıq ki, bütün işlərimiz yaxşı olsun. İnsanlar da anlamalıdı ki, pis gün də olur, yaxşı gün də. Bir şeylə nəyəsə qiymət vermək olmaz.

Xəbər xətti