Emin Abbasov: "AFFA ehtiyac duysa, bu fikirlərimi layihə şəklində təqdim etməyə hazıram"

10:50 - 22 Aprel 2014

"Ortada Tayfun Korkut nümunəsi var"

 

Bir müddət əvvəl tanınmış jurnalist Emin Abbasov “Elxan Məmmədovun uğursuz əməkdaşlıq layihələri” başlıqlı yazısında maraqlı fikirlər ortaya qoymuşdu. Yazar iddia edirdi ki, AFFA-nın bir çox layihələri görüntü xarakteri daşıyır və onlar heç bir nəticə verməyəcək. Zaman göstərdi ki, Abbasov fikirlərində yanılmayıb. Bu və digər suallarla bağlı Emin Abbasova müraciət etdik. Emin bəy ilk növbədə qeyd olunan yazı ilə bağlı fikirlərini paylaşdı:

 

“Həmin yazıdan sonra açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov etiraf etdi ki, “Ayaks” və “Sportinq”lə əməkdaşlıq layihələri baş tutmayıb. Sizi inandırım ki, “Barselona” ilə də heç bir qarşılıqlı əlaqələr qurmaq mümkün olmayıb. Mənə çox maraqlıdır ki, AFFA hələ də Berlindəki futbol məktəbi barədə mətbuata dolğun məlumat təqdim edə bilməyib. Ötən il büdcədən 182 min manat pul ayrılan məktəbin fəaliyyəti hamıya qaranlıq qalır. AFFA hesabat versin ki, 5 ildir Almaniyada hansı işlər görülüb və isbatlasın ki, bu layihə bizim futbolumuz üçün lazımlıdı. Mən iddia edirəm ki, həmin pula Tovuzda, Gəncədə futbol məktəbi yaradılsaydı, daha uğurlu layihə olardı. Baxarsız, 10 il keçəcək, həmin müəmmalı məktəbin adına milyonlar silinəcək və oradan bir nəfər də düz-əməlli futbolçu çıxmayacaq”.

 

Emin Abbasov yeni idman direktorlarının təyinatı ilə bağlı yazısına da münasibət bildirib:

 

“AFFA-nın bu addımı futbolun inkişafına yönəlib. Ancaq problem ondadır ki, iş mexanizmi dəqiq hazırlanmayan layihə kağız üzərində qalmağa məhkumdur. Onsuz da, Elxan Məmmədov heç vaxt uğursuzluqlarını boynuna almır və bu dəfə də elə olacaq. Ancaq zaman göstərəcək ki, biz haqlıydıq. Konkret olaraq 3-4 klubda AFFA-nın idman direktorlarının fəaliyyəti effekt verməyəcək. Elə klublar var ki, orada həmin işlə məşğul olan insanlar var və həmin klublara AFFA öz namizədlərini sırımalı deyil. Burada lazım olan odur ki, həmin 3-4 kluba necə kömək edə biləcəklərini araşdırıb, o istiqamətdə iş aparsınlar. Mən eyni zamanda təklif edirəm ki, AFFA yeni idman direktorlarının raportları əsasında hər klubdan 5-6 məşqçiyə aylıq 800-1000 manat civarında maaş versin. Çünki uşaq məşqçilərinin  maaşı çox azdır. Ona görə də, bacarıqlı mütəxəssislər ya bu sahədə işləmək istəmir, ya da qısa zamanda uşaq futbolunu tərk edirlər. AFFA həmin mütəxəssislərə maaş verməklə onların sosial rifahının yaxşılaşmasına və daha həvəslə işləməsinə təkan verə bilər. İnandırım sizi ki, bu öz effektini verəcək. Ortada Tayfun Korkut nümunəsi var. O, əvvəlcə “Hoffenhaym” klubunda U-17 komandasının, ardından “Ştutqart”da U-19 komandasının baş məşqçisi oldu. İndi isə “Hannover”i çalışdırır. Bizdə isə uşaq futbolundan yuxarıya qalxan məşqçilər demək olar ki, yoxdur. Heç kim 300-400 manat maaşa işləmək istəmir və məhz buna görə də, savadlı kadrlar arasında uşaq futbolunda işləməyə can atanların sayı çox deyil. Yeri gəlmişkən, AFFA ehtiyac duysa, bu fikirlərimi layihə şəklində təqdim etməyə hazıram”. 

Xəbər xətti