"Xəzər Lənkəran"ın kapitanı: "Bəlkə də ona görə söz-söhbətlər yaranır" MÜSAHİBƏ

00:07 - 28 Aprel 2014

Əmirquliyev: "Futbolçular oyuna köklənə bilmirlər"
 
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmurquliyev "İnter"ə 3:0 hesablı mğlubiyyətdən sonra Sportal.az-a müsahibə verib. Bu matçda zədə ucbatından forma geyinə bilməyən kapitan müsahibəsində bir neçə məsələlərə aydınlıq gətirib.
 
- Zədən necədir? Komandaya nə vaxt qoşulursan?
- Hələlik MRT eləmişəm, hələlik cavabı gəlməyib. Amma inanıram ki, növbəti həftə komandama kömək edə biləcəyəm.

- Oyunu kənardan izlədin. Bu biabırçı məğlubiyyətə necə şərh verərdin?
- Nəbilim, indidən sonra bizim nə kubokda, nə də çempionatda şanslarımız yoxdur. Ona görə də, istər-istəməz oyunçular oyuna köklənə bilmirlər.  Məncə, əsas səbəb budur.

- Kubokda “Qəbələ”yə məğlub olaraq kənarda qaldınız..
- Deməzdim ki, “Qəbələ” bizdən üstün oynayıb mərhələ keçdilər. Ordada özümüz səhvlər etdik. Öz səhvlərimizdən 3 qol buraxdıq.

- Artıq iki oyundur ki, azarkeşləriniz sizə qarşı hirslidirlər.
- Mən onları da başa düşürəm, stadiona gəlib dəstəkləyirlər və əvəzində də bizdən nəticə istəyirlər. Ancaq bu futboldur, bir dəfə uduzarsan, bir dəfə də udarsan. Kim istəyər ki, uduzsun? Biz də çalışırıq ki, udaq, qələbə qazanıb azarkeşlərimizi sevindirək. Biz də bu biabırçılığı istəmirik.

- Komandada müdafiə xəttində səhvlər olur. Elə bu oyunda və “Qəbələ” ilə oyunlarda müdafiədəki səhvlərin səbəbi nədir, baxmayaraq ki, futbolçuların heç biri təcrübəsiz deyillər.
- Bu sualı cavablandırmaq mənim üçün çətindir. Bunu baş məşqçidən soruşun. Komandaya oyunçu seçən də, çağıran da odur.

- Son vaxtlar öz performansını göstərə bilmirsən. Bunun səbəbi nədir?
- Ola bilər ki, zədədən sonra tam forma yığa bilmirəm. Kuboka kimi motivasiya var idi, indi ola bilər ki, motivasiya olmasın.

 
- Bu mövsüm avrokuboklara getməməyiniz komandanın növbəti mövsüm üçün yaxşı hazırlaşması üçün bir şans sayıla bilər?
- Avrokuboklara düşsək də, hazırlaşmaq üçün də vaxt olasıydı. İndi bizə bir şey qalır, gələn mövsümə daha yaxşı hazırlaşmaq, başqa variantımız yoxdur. Biz həmişə çempionluğa oynayan bir komanda olmuşuq, növbəti mövsümdən etibarən də çempionluğa oynayacağıq.

- Mustafa Dənizlini də qınayanlar var ki, komandanı çox “sıxır”. Bu barədə nə deyə bilərsən?
- Daha disiplinli məşqçidir, bəlkə də ona görə söz-söhbətlər yaranır. Hər bir futbolçu sərbəstlik istəyir, peşəkar futbolçu bu qərarla razılaşmalıdır.

 
- Artıq çempionatın bitməsinə 4 tur qalıb. Bu oyunlar “Xəzər Lənkəran” üçün mənasızdır, bu fikirlə razısan?
- Mənasız da olsa, futbolçu meydana çıxırsa, tam gücünü qoymalıdır, çalışacağıq ki, qələbələr qazanaq. Amma inanmıram ki, qazanacağımız 4 qələbənin növbəti mövsümə daha yaxşı motivasiya olmağımıza təsiri olsun.
 
- "Xəzər Lənkəran"la müqavilən nə yerdədir?
- Artıq rəhbərliklə danışıb ilkin razılığa gəlmişik və demək olar ki, "Xəzər Lənkəran"da qalacam
 
Yusif HÜSEYN

Xəbər xətti