"Məqsədim Pantiçə qarşı prinsip aparmaq yox, milli komandaya düşməkdir" MÜSAHİBƏ

00:02 - 29 Aprel 2014

Rəhman Hacıyev: "Həqiqətən də səhvlərim çoxdur"
 
"Sumqayıt"ın futbolçusu Rəhman Hacıyevin Sportal.az-a müsahibəsi

- Müqavilə ilə məxsus olduğun “Bakı”ya qarşı oynayırdın. Sanki özünü Pantiçə sübut etmək istəyirdin?
- Yox belə bir şey yox idi. Mən öz oyunumu oynayıram. “Bakı”ya qarşı heç bir kinim yoxdur. Sadəcə, baş məşqçi Milinko Pantiç məni istəməyib. Mənim məqsədim ona qarşı prinsip aparmaq yox, milli komandaya düşməkdir. Əvvəlcə öz gələcəyimi, sonra xalqıma xeyir vermək məsələsini düşünürəm.

- Məqsədinin milliyə düşmək olduğunu dedin. Bu oyunla matça baxan Foqtsu razı saldığını düşünmək olarmı?
- Buna Foqts qərar verir. Amma mən öz oyunumdan razı deyiləm. Həqiqətən də səhvlərim çoxdur. Hələ çox inkişaf etməliyəm.

- “Sumqayıt”ın məqsədi sənin transfer etməkdir. Sənin məqsədin nədir, “Sumqayıt”da qalmaq, ya “Bakı”ya qayıtmaq?
- Mənim məqsədim oynamaqdır.

- Oyundan öncə və ya sonra Milinko Pantiçlə hər hansı bir söhbətin oldu?
- Yox olmadı. Açığı, Pantiç məni çağırsa ki, gəlsin komandamda oynasın, gedib, sevə-sevə oynayaram. Mən heç kimlə prinsipə girmək barədə düşünmürəm. “Bakı”nın yetirməsiyəm. “Bakı”da oyunçu çoxdur. Ola bilər ki, Pantiçin kiməsə simpatiyası var, mənimlə prinsip aparır. Bunu tam deyə bilmərəm. Sadəcə demək istəyirəm, məni yalandan çağıracaqsa, oynatmayacaqsa, artıq dərəcədə xahiş edirəm məni narahat etməsin. Çünki hər bir futbolçunun öz karyerası var. Heç bir məşqçi onu məhv etməsin.

Xəbər xətti