"Bu, o demək deyil ki, "Xəzər Lənkəran" zəifdir" MÜSAHİBƏ

14:05 - 29 Aprel 2014

 
Asif Məmmədov:"Bizim çempion olmaq üçün şansımız var desək, gülməli çıxar"
 
"İnter"İn vitse-kapitanı Asif Məmmədovun Sportal.az-a müsahibəsi
 
-    Oyuna sonradan daxil oldun. Ehtiyyatda qalmağı nə ilə bağlı idi?
-    Bu baş məşqçinin qərarı idi, heç bir zədəm yox idi. Oyuna gəldikdə isə, istədiyimiz nəticəni əldə edə bildik. “Xəzər Lənkəran”ın çempionatda iddiası yoxdur, amma bu o demək deyil ki, onlar zəifdirlər. Heyətində yetəri qədər güclü legionerlər var. Yaxşı oldu ki, qələbə qazandıq.
 
- “İnter”in böyük hesabla qalib gəlməsinin səbəbi rəqibin müdafiəsində olan boşluqlar idi?
- Yox, deməzdim ki, onların müdafiəsi zəifdir. Birinci qol həmişə öyrəşdiyimiz taktiki gediş idi, ikinci və üçüncü qollar da uzaqdan zərbələr idi, düzdür, top onların müdafiəçilərinə dəydi. Biz oyunda necə qol vura bilərdik, həmin epizodlardan da fərqləndik.Oyunumuz yaxşı alındı.

 
- Artıq “Neftçi” ilə xal fərqi 5-ə bərabərdir. Demək olar ki, “İnter” ikinciliyi təmin edib?
- Biz digər komandalarla aramızdakı xal fərqinə baxmırıq. Bütün diqqətimiz qarşıdakı 4 oyundadır,çalışacağıq ki, qalib gəlib 2-ci pillədə qərarlaşaq. Bu dəqiqə elə bir yerdə deyilik ki, “Neftçi”nin uduzmağını gözləyək.
 
- Lider “Qarabağ”ın iki oyun ardıcıl xal itirməsi nəticəsində rəqiblə aranızdakı xal fərqi səkkizə düşdü. “İnter”in bu mövsüm çempionluq şansı var?
- Bizim çempion olmaq üçün şansımız var desək, gülməli çıxar. İnanmıram, “Qarabağ” bu şansı əldən buraxar. Amma sonuna qədər vuruşacağıq. Qarşıdakı 4 oyunda hədəfimiz 12 xaldır.

 
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız…
- Bəziləri “Sumqayıt”I asan rəqib kimi görür, heç də elə deyil. “Sumqayıt” gənc futbolçulardan təşkil olunmuş komandadır, sona qədər meydanda vuruşur. Son iki turda “Neftçi”ni səfərdə məğlub “Bakı”dan da 1 xal aldılar. Məqsədimiz bu oyuna ciddi hazırlaşıb qələbə qazanmaqdır.

 
- Komanda ilə müqavilən nə yerdədir?
- Hələlik müqaviləmin başa çatmasına xeyli müddət var.  Özüm də “İnter”də qalmaq istəyirəm.
 
Yusif HÜSEYN

Xəbər xətti