“Qarabağ”la oyunun gərgin keçəcəyini bilirdik. Elə oyun başlayan kimi, meydanın mərkəzində Reynaldo mənə qarşı aşkar kobudluq etdi. Hər kəs gördü ki, rəqib bilərəkdən dirsəklə mənə çox sərt zərbə endirdi. Hətta zərbənin təsirindən bir neçə dəqiqə ayağa qalxa bilmədim. Sadəcə, bəxtim gətirdi ki, dirsək zərbəsindən müəyyən qədər yayına bildim. Yoxsa daha ağır xəsarət ala bilərdim. Videotəkrardan da hər şey açıq-aydın görünür. Həmin epizoda görə Reynaldo dərhal qırmızı vərəqə almalı idi. Hakimin mövqeyi də ideal idi və əgər sarı vərəqə göstərmişdisə, deməli, dirsək zərbəsini də görmüşdü. Mən başa düşmürəm, əgər bu hərəkətin cəzası qırmızı vərəqə deyilsə, onda Reynaldo daha nə etməli idi? Belə bir fikir səsləndirirlər ki, hələ matçın birinci dəqiqəsi idi deyə, hakim qırmızı vərəqə göstərmədi. Necə yəni, məgər, futbolda qaydalar ikinci dəqiqədən sonra işləyir? Flavinyoya, Araza guya dirsək hərəkətinə görə absurd qırmızı vərəqələr verilə bilir, Reynaldoya isə bu hərəkətə görə yox? Heç bir peşəkar futbolçu istəməz ki, karyerasını bu cür zərbə altına atsın. Hakim ədalətsizliyi ilə nə qədər qarşılaşmaq olar? Artıq belə münasibətdən bezmişik. “Qarabağ” Azərbaycanın iki ən güclü klubundan biridir. Belə hakim qərarları matçın gedişinə də ciddi təsir göstərir. Əgər rəqib komanda azlıqda qalsaydı, kim bilir nəticə necə olacaqdı?”