- “Sumqayıt”a qarşı həqiqətən də yaxşı futbol oynadın. Xüsusən də, cinahda çox effektli idin. Qarşındakı rəqib zəif idi, yoxs sən daha yaxşı hazırlaşmışdın?
- Vallah, futbolçu nə qədər çox oynasa, formada qalacaq. Qarşımızdakı rəqib isə zəif deyildi. “Sumqayıt” inkişafda olan komandadır. Bəli, bəlkə də mənim üçün uğurlu alındı. Nəzərə almaq lazımdır ki, mən bir müddətdir ki, meydançaya çıxmırdım.
- Baş məşqç Milinko Pantiç dedi ki, Elvin bu gün həyatının oyununu oynadı. Qol vursaydı daha yaxşı olardı...
- Pantiç mənə deyir ki, niyə qol vura bilmirsən? Mən də ona deyirəm ki, futbolçu gərək oynasın ki, qol vursun. Pantiç özü də mənə deyirdi ki, mən də uzun müddət qol vurmamışam. Futbolçu oynadıqca inamı artır.
- Elvin, konkret sən bu oyunu həyatının oyunu sayırsan?
- Əlbəttə ki, yox. Mənim oynadığım oyunları siz məndən yaxşı bilirsiniz. Pantiç mənim oyunlarımı izləmədiyi üçün belə deyir.
- Berti Foqts bu oyunu izləyənlər arasında idi. Sərgilədiyin futbol milliyə qayıdışın üçün təkan ola bilər?
- Mənim istəyim qol vurmaq idi. Həmin qolla kimlərə jest etmiş olardım. Amma alınmadı. Bilmirəm ki, çağıracaq, ya yox.
- Bəzən çox istəkli olmaq nəyinsə reallaşmasının qarşısını alır. Razısan, bu fikirlə?
- Bəli, ola bilər...
- Razısanmı ki, ikinci hissədə Penaya ötürmə etmirdiniz?
- Deməzdim. Mən həmişə ötürmə edən futbolçulardan olmuşam. Penaya gəldikdə isə, çoxdandır oynamır. Ona görə də çatışmazlıqları var. Bu gün komandamızda Rauf da yeri görsənir.
- Elvin, “Bakı”nın avrokuboklar şansının artıq olmadığını söyləmək olar?
- İşimizi çətinə salmışıq. Biz əslində hər matça final matçı kimi çıxmalıyıq. Amma klubda baş verən hadisələr bəllidir. Kiçik məsələlər böyük problemlər yaradır.
- Problemlərin kökündə maliyyə məsələsi dayanır?
- Bu məsələ aradan qalxacaq. Maliyyə sıxıntısının olduğu bəllidir. Amma Hafiz Məmmədov Pantiçə deyib ki, hər şey düzələcək.