“İnter”in uşaq futboluna cavabdeh şəxs mənəm”
Sportal.az-ın əldə etdiyi məlumata görə AFFA tərəfindən təyin olunmuş idman direktoru Spittler Torsten “İnter”dən döyülərək qovulub. Bu qalmaqalda adı keçən “İnter”in futbol akademiyasının rəhbəri Valentin Xodukinin fikirlərini öyrəndik.
Deyilənə görə, alman mütəxəssislə aranızda söz-söhbət yaranıb. Problem nədədir ki?
Siz yazırsız ki, guya onunla əlbəyaxa olmuşuq. Ancaq səmimi deyirəm ki, elə bir şey baş verməyib. Mənim o yaşım deyil ki, kiminləsə dava edim.
Ancaq Spittler Torsten “İnter”i tərk edib…
Bu artıq başqa söhbətdi. O, öz istəyi ilə gedib.
Demək ki, nəsə baş verib. Səbəbsiz yerə yeni başladığı işi qoyub getməzdi.
Mən elə başa düşürəm ki, AFFA-dan ona düzgün istiqamət verməmişdilər. “İnter”in uşaq futboluna cavabdeh şəxs mənəm. Alman mütəxəssisin işi bəzi pedaqoji və digər məsələlərdə öz məsləhətlərini verməkdən ibarət ola bilərdi. Ona görə də, anlaşılmazlıq yarandı və Spittler getdi.
Biz dəfələrlə demişik ki, AFFA idman direktorlarının layihəsində dəqiq iş mexanizmi ortaya qoya bilməyib. Bu gün də dəqiq bilmək olmur ki, həmin insanların klublarda səlahiyyəti nədən ibarətdi. Elə başa düşürük ki, siz də bizimlə razısız?
Əlbəttə, sizin fikirlərinizlə tamamilə razıyam. AFFA bunu futbolun inkişafı üçün edir. Ancaq dediyiniz kimi bu layihənin iş mexanizmi dəqiq hazırlanmayıb. Mənə elə gəlir ki, AFFA təyin etdiyi idman direktorlarına klubda işinin nədən ibarət olduğunu düzgün izah etməyib. Onlara deyilməliydi ki, klubda monitorinq etməli və ya konkret hər hansı işlə məşğul olmalıdır. Hər şeyə rəhbərlik etməyi yəqin yalnız Lenin bacarardı.
Şahin Oğuz
saytlarin hazirlanmasi