Utanmasan, oynamağa nə var ki YAZI

11:10 - 2 May 2014

AFFA yenə yalan məlumatlar yayır

 

Dövlətin futbola ayırdığı milyonları səmərəsiz şəkildə xərcləyən Elxan Məmmədov nə qədər uğurlu marketinqçi(?) olduğunu bütün ölkəyə göstərib. Adamın daha bir qəribə cəhəti isə mətbuata yalan informasiyalar ötürməkdir ki, Rusiya premyer-liqasında çıxış edən azərbaycanlı futbolçu Emin Mahmudovla yaşanan hadisə yəqin ki, çoxlarının yadından çıxmayıb.

 

AFFA tərəfindən həyata keçirilən idman direktorları ilə bağlı layihə də Elxan Məmmədovun passivinə yazılacaq, buna əmin olun. Futbolumuzun inkişafı üçün nəzərdə tutulan, illik büdcəsi 1,5 milyon dollar təşkil edən layihəni biabırçı şəkildə həyata keçirməsi elə Elxan Məmmədovun təşkilatçılıq və futbol bacarığının bariz nümunəsidir.

 

Biz yazanda ki, bu layihənin fəaliyyət mexanizmi düzgün hazırlanmayıb, Elxan Məmmədovun ətrafı onu inandıra bilib ki, sportal.az qara kampaniya aparır. Çünki həm Məmmədovun, həm də onun ətrafının futbola və həyata baxış səviyyəsi yuxarı-aşağı eynidir. Çünki Elxan Məmmədov öz səhvlərini etiraf edə bilməyəcək qədər zəif insandı.

 

Təsəvvür edin, Almaniyadan gətirilən mütəxəssisi heç bir ay keçmir “İnter”dən qovurlar. AFFA da utanmaz-utanmaz həmin adamı “Bakı”ya “sırıyır”. Elxan Məmmədov heç cür anlamır ki, futbol individual yanaşma tələb edir. Klublar maddi imkanlarına, futbola yanaşmalarına, camiəsinə, bölgələrə uyğun mentalitetinə görə bir-birindən fərqli ola bilərlər. İdman direktorları təyin olunmazdan əvvəl ciddi monitorinq aparılmalı, ayrı-ayrılıqda hər kluba uyğun inkişaf proqramı hazırlanmalı idi. “Qəbələ” ilə AZAL-ın uşaq futboluna eyni qaydada yanaşmanın mümkün olmadığını hamı bilir, Elxan Məmmədov isə görünür ki, yox!

 

Nəhayət, Elxan Məmmədovun yalanları silsiləsindən olan daha bir qeydimiz var. AFFA-dan “Futbol+” qəzetinin elektron ünvanına göndərilən məktubda belə bir məlumat var: “Spittler hazırda “Bakı”da idman direktoru kimi yeni sistemin tətbiqinə başlayıb və uğurla çalışır”.

 

Burda deyərlər, “utanmasan, oynamağa və var ki”. Bu adamlar üçün yalan danışmaq su içmək kimi bir şeydi. Əlimizdə olan dəqiq bilgilərə görə, alman mütəxəssisin hələ ki “Bakı”da heç iş otağı da yoxdur. AFFA Spittleri “Bakı”ya “sırımaq” üçün söz verib ki, alman mütəxəssis heç bir sistem işinə qarışmayacaq. Onun işi yalnız AFFA tərəfindən ayrılan maliyyənin xərclənməsinə nəzarət etmək, monitorinq aparmaqdan ibarət olacaq.

 

“Bakı” bu mövsüm Premyer Liqada Vadim Abdullayev, Vüqar Mustafayev, Namiq Ələsgərov, Tural Qürbətov, Elxan Əhmədov kimi gənclərin xidmətindən istifadə edib. Nicat Əsgərov, Ülvi Süleymnov, Mahir Mədətov kimi gənclər də hər an əsas komandada görünə bilər. Bir çox yaş qruplarında “Bakı”nın yetirmələri inamla çempionluğa doğru gedir. Demək ki, burada biriləri əmək sərf ediblər. İndi onların illərdir qurduğu işi Spittlerə vermək doğru olardımı?

 

Emin Abbasov

Xəbər xətti