"Qəbələ"nin futbolçusundan etiraf: "Nəzərə alın ki, "Neftçi"nin bir neçə əsas futbolçusu oynamırdı" MÜSAHİBƏ

10:02 - 4 May 2014

Niasse: "Klub rəsmiləri ilə bu barədə söhbətim olmayıb"
 
"Qəbələ"nin futbolçusu İbrahima Niassenin Sportal.az-a müsahibəsi:
 
- “Neftçi”ni səfərdə məğlub etdiniz. Oyun haqqında nə deyə bilərsən?
- Bilirdik ki, ağır oyun olacaq, çünki bundan əvvəl “Neftçi” ilə 3 dəfə qarşılaşmışdıq və həmin oyunlarda həddindən artıq güc sərf etmişdik. İlk qolu onlar vurdu, lakin sonra toparlanıb hesabı öz xeyrimizə dəyişə bildik. Həqiqətən gözəl oyun nümayiş etdirdik.

- “Neftçi” üzərində qələbə qazandınız. Fikirləşmirsən ki, kubokda da bu komandanı məğlub edəcəksiniz?
- Bu oyunda qələbə qazandığımıza görə, fikirləşməməliyik ki, kubokda onları məğlub edə biləcəyik. Kubokun finalı tam fərqli olacaq. Bu oyunda da nəzərə alın ki, “Neftçi”nin bir neçə futbolçusu meydanda yox idi. Final daha çətin olacaq.

 
-  Ebesilyonun qol vurduqdan sonra etdiyi hərəkətə görə nə deyə bilərsən?
- Fikrimcə, buna ehtiyac yox idi. Emosiyalarına sahib çıxa bilmədi, oyunun sonunda da qırmızı vərəqə alaraq meydanı tərk etdi. Bu hərəkəti peşəkarlıqla əlaqələndirmək lazım deyil. Çünki bundan əvvəlki oyunda “Neftçi”nin futbolçusu qol vurduqdan sonra belə etmişdi. Bu oyundur, ona görə də futbolçular emosiyalarına sahib çıxa bilmirlər

 
- Əvvəlki oyunlarda “Qəbələ”nin müdafiə xəttində yetəri qədər boşluq olurdu, lakin son oyunlarda bu çatışmazlıq aradan qalxıb sanki?
- Qış fasiləsindən sonra uğurlu nəticələr göstərmədik son oyunlara qədər. Lakin onu da nəzərə alın ki, qış fasiləsində komandaya yeni oyunçular qoşuldu və onların uyğunlaşması üçün zaman lazım idi. Biz də əlimizdən gələni edirdik ki, pis oyun sərgiləməyək. İndi isə hər şey yaxşıya doğru gedir.

 
- Həm çempionatda, həm də kubokda avrokuboklara getmək şansınız var. “Qəbələ” üçün hansı yol daha asandır?
- İndi bu haqda fikirləşmirik. Çalışırıq ki, hər oyun üç xal qazanaq. Kubokun finalı çempionat başa çatdıqdan sonra baş tutacaq. İndi  bütün fikrimiz çempionatdadır. Hər oyuna 3 xal üçün çıxırıq.

 
- “Qəbələ” ilə müqavilən nə yerdədir?
- Müqaviləm yayda başa çatır.Hələlik klub rəsmiləri ilə müqavilə uzatmaq barəsində söhbətim olmayıb, çünki bütün diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. Onu deyə bilərəm ki, “Qəbələ”də xoşbəxtəm. Müqaviləni uzatmaq haqda sora danışacam.
 
Yusif HÜSEYN

Xəbər xətti