Təşəkkür, Qurban bəy!
Dünən çempionluq izdivacı yaşanan mərkəzi arenada “Qurban, Qurban...” sədaları məni 4 il əvvələ apardı. Təxminən belə vaxtlar idi, “Qarabağ”ın uğursuz oyunundan sonra Qurbanovu istefaya səsləyirdilər. O zaman çoxlarına elə gəlirdi ki, “Qarabağ” boyda yükü daşımaq onun çiyinlərinə ağır gələr. Ancaq Qurbanov qollarını yana salmadı və həmin mövsümün Avroliqa oyunlarında “Visla” zəfərini qazanmaqla tükənmədiyini göstərdi.
Onun ən çətin vaxtlarında da iddia edirdim ki, Qurban Qurbanov Azərbaycan futbolu üçün bir dəyərdi və bu dəyərin qiymətini bilmək lazımdı. Onun tətbiq etdiyi oyun üslubunun çətinliyini, məşqçi kimi daim axtarışda olduğunu, öz üzərində dayanmadan çalışdığını gördüyüm üçün belə bir iddia ortaya qoymuşdum. Onu istedadsız sayan bəzi həmkarlarım bu illər ərzində məni Qurban Qurbanova aşırı simpatiya bəsləməkdə qınayırdılar. Ancaq zaman göstərdi ki...
Zaman göstərdi ki, Qurban Qurbanov 21 il sonra “Qarabağ”ın çempionluq yükünü çiyinlərinə qaldıra biləcək qədər böyük məşqçidi. Zaman göstərdi ki, onun futbol fəlsəfəsi ən baxımlı və ən idealdır. Zaman göstərdi ki, çempionluq savaşı apardığı komandanın baş məşqçisi də onun güclü olduğunu qəbul edə biləcəkdi.
21 ildən sonra “Qarabağ”lı azarkeşlər çempionluq sevinci yaşadılar. “Qarabağ” bu dəfə potensialından maksimum yararlanmağı bacardı.
Bu mövsümün ən yaddaqalan hadisəsi “Qarabağ”ın 17 ötürməyə “Bakı”nın qapısından keçirdiyi qol oldu. Bizim çempionatda belə qollara tez-tez rast gəlmək olmur. Bu, sadəcə qol deyildi. Bu, “Qarabağ”ın nümayiş etdirdiyi futbolun göstəricisi idi, 17 ötürməyə sığ(may)an həqiqət idi.
Təbriklər, “Qarabağ”!
Təşəkkür, Qurban bəy!
Sizə ona görə təşəkkür edirəm ki, illərdir haqqını qorumaq uğrunda mübarizə apardığım bir məşqçinin bacarığında yanılmadığımı hamıya göstərdiz. Demək ki, bu illər hədər getmədi...
Emin ABBASOV
saytlarin hazirlanmasi