"Qarabağ" avrokubokların qrup mərhələsinə vəsiqə qazansa, Qurban Qurbanova "Şöhrət" ordeni verilməlidir"

14:00 - 10 May 2014

İlqar Həmzəyev: "Bu limit yerli futbolçuların qiymətini süni şəkildə qaldırır"
 
"Qarabağ" çempionluğu rəsmiləşdirdikdən sonra tanınmış futbol azarkeşi İlqar Həmzəyev komandanın baş məşqçisi Qurban Qurbanovu zəng edərək təbrik edib.
 
Bu və digər məsələlərə azarkeş Həmzəyev Sportal.az-a açıqlamasında toxunub:
 
"Qurban Qurbanov yeganə baş məşqçidir ki, zəng edib onu təbrik etdim. İndiyə qədər heç bir azərbaycanlı məşqçini zəng edib təbrik etməmişdim, halbuki, çoxunun nömrəsini bilirəm. Böyükağa Hacıyev Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı, mən onu şifahi olaraq təbrik etdim. Qurban Qurbanovu nəyə görə zəng edib təbrik etdim?
 
Qurbanov 6-7 il ərzində çox əziyyətlər çəkdi, əvvəlki illərdə legioner limiti ola-ola o, yerli futbolçulardan istifadə edirdi. O, bununla sübut etdi ki, azərbaycanlı futbolçularla da nəticə qazana bilər. Bu il isə onu göstərdi ki, əcnəbi futbolçularla da nəticə əldə etmək olar. "Qarabağ" avrokubokların qrup mərhələsinə vəsiqə qazansa, Qurban Qurbanova "Şöhrət" ordeni verilmədidir.
 
Mən ona zəng edib dedim ki, "bu istedad sizə Allah tərəfindən verilən vergidir". Azərbaycanda güclü mütəxəssis bir Ruslan Abdullayevi görürəm, bir də Qurban Qurbanovu.  Düzdü, deyirik ki, Azərbaycanın ağsaqqal məşqçiləri var, MDB-də belə gəldi, belə getdi. Fikir versək, mütəxəssislər klublarımızı çempion edəndə 5-6 futbolçumuz var idi, burdan-ora, ordan bura aparırdı və çempion edirdi. Digər klublarımız zəif idi".
 
İlqar həmçinin Qurbanovu milli komandanın başında görmək istədiyini də dilə gətirib:
 
"Gələcəkdə milli komandada Qurban Qurbanovu görmək istiyərdim. Mən demirəm, o, Avropa və dünya çempionatına vəsiqə qazanacaq. Ən azı, Foqtsdan yaxşı nəticə göstərəcək. Əgər Qurban Qurbaov millinin baş məşqçi postuna gəlməyəcəksə, onda Foqts qalsın".
 
Həmzəyev legioner limitlə ilə bağlı AFFA-ya da müraciət edib:
 
"Reynaldonun oyunu hər kəs görür, hansı yerli futbolçu elə sürətli oyun göstərə bilər? Nəyə görə AFFA bizi məcbur edir ki, sürətsiz futbola baxaq, çempionatın səviyyəsini niyə öldürür. Qurbanov avrokuboklarda nəticə qazanacaq, amma növbəti mövsümdə tətbiq ediləcək 6+5 limiti ona çox çətinlik yaradacaq. AFFA-ya müraciət edirəm ki, limiti belə azaltmasın. Bu limit Qurbanovun taktikasını pozur. Mən demirəm, legioner limitini ləğv etsinlər, heç olmasa 8+3 formasında etsinlər. Biz onsuzda millidə oyun görmürük, heç olmasa klublarımızda görək. Bu limit yerli futbolçuların qiymətini süni şəkildə qaldırır, futbolçularımız hansısa məğlubiyyətdən sonra bahalı maşınlarda gəzəcək, bu da azarkeşləri istər-istəməz qıcıqlandıracaq".
 
Azarkeş həmçinin Reynaldonun milliləşdirilməsi məsələsinə də toxunub:
 
"Reynaldo milliləşdirilsə, həm Qurbanov bir də azərbaycanlı futbolçu qazanacaq, həm də milliyə daha xeyirli olacaq. Sovet vaxtında da Azərbaycanda futbol olmayıb. Olsaydı, "Çernomorets", "Metallist" kimi Avropada oynayardıq. 1966-cı ildə nəticə qazanmışıq, heyətdə cəmi iki-üç yerli futbolçu olub. Ona görədə, klub səviyyəsində inkişaf olmalıdır, bu inkişafın səbəbkarı legioner futbolçulardır."

Xəbər xətti