Vaqif Qasımov sərt danışdı: "Günah hakimdə yox, ona təyinat verəndədi"

14:56 - 13 May 2014

"Tərlan pis işləmir, amma səbah necə olacağını deyə bilmərəm"
 
Premyer Liqanın 35-ci turunda "Bakı" AZAL-ı minimal fərqlə məğlub etdi.
 
Oyundan sonra AZAL-ın vitse-prezidentlərindən olan Vaqif Qasımov "Bakı"nın qolunu qanundan kənar vurulduğunu iddia edir.
 
Bu barədə Qasımov öz fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
 
"Hamı gördü ki, "Bakı"nın futbolçusu topa əli ilə müdaxilə etdi, digər tərəfdə isə qapıçı Ruslan Məcidovun ayağı tapdalanır və o, yerdə yıxılıb qalır, hakim isə oyunu saxlamır. Özü də, Şoliç topu boş qapıya vurur. Əslində, hər iki qayda pozuntusuna görə, hakim oyunu dayandırmalı və cərimə zərbəsi verməli idi. Elə də bir əhəmiyyət daşımayan oyunda, hakim belə səhvə yol verirsə, nədən danışım? Açığı hakimlər qaydaları bilmirlər. Ümumiyyətlə belə hakimi Premyer Liqa oyunlarına göndərmək də günahdır. Günah hakimdə yox, onlara təyinat verənlərdədir. Hələ ötən turda hakim iki oyunçumuza qırmızı vərəqə verib meydandan kənarlaşdırmışdı.
 
Əsas heyətin bir neçə futbolçusu olmamasına baxmayaraq, komanda "Bakı"ya qarşı yaxşı mübarizə apardı. Bu oyunla bağlı AFFA-ya öz şikayətimizi bildirəcəyik. Artıq mövsümün başa çatmasına 1 tur qalır. Bundan sonra komandanın növbəti mövsüm üçün hazırlıq planı məlum olacaq. Tərlan Əhmədov gənc məşqçidir, ona vaxt vermək lazımdır. Əslində bu komandanı o qurmayıb, nəticə etibarı ilə son oyunlar göstərdi ki, məşqçi olaraq, Tərlan pis işləmir, amma səbah necə olacağını deyə bilmərəm.Buna klub prezidenti qərar verəcək".

Xəbər xətti