- Topaz Premyer Liqası artıq başa çatmaq üzrədir. Amma komandanız mövsümü titulsuz başa vurdu. Bu barədə nə deyə bilərsiniz?
- Mövsüm çox çətin keçdi. Ölkənizə yeni gəldiyim vaxt yaxşı oynadıq. Yayda Superkuboku qazandıq. Bu titul mövsümə yaxşı başlamaq üçün stimul olmalı idi. Amma Premyer Liqada yaxşı oyunlar göstərə bilmədik. Çıxışımızı bərbad adlandırardım.
- Üzləşdiyiniz uğursuzluqların başlıca səbəbi nə idi?
- Mən futbolçu olduğum üçün əsl səbəbləri dəqiq deyə bilmərəm. Bildiyim odur ki, bütün komanda mövsüm ərzində həddindən artıq bərbad oynadı. Çıxışımız titul qazanmaq üçün yetərli deyildi.
- Cari mövsümə Con Toşakla başlayıb, sonradan Mustafa Dənizli ilə davam etdiniz. Bəlkə problem baş məşqçi postunda edilən dəyişikliklərlə bağlı idi?
- Təbii, baş məşqçi dəyişikliyi özünü göstərir. Çünki yeni çalışdırıcı gələndə yeni atmosfer, yeni məşqlər olur. Sözsüz ki, bunlar komandanın çıxışına da təsir edir.
- Türkiyə I liqasında daha çox qol vururdunuz. Amma “Xəzər Lənkəran”a gəldikdən sonra bunu bacarmadınız...
- Bu, daha çox yer aldığım mövqeyə görədir. Toşak məni sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadırdı və bu amil qol vurmağıma mane olurdu. Türkiyədə isə meydana son hücumçu kimi çıxırdım və qol vurmaq üçün imkanlarım daha çox olurdu. Sağ cinahda oynamaq mənim üçün problemdir. Yenə də düşünmürəm ki, az qol vurdum. Kubok və Premyer Liqada 15 qolun müəllifi oldum. Sadəcə, komandamız çox pis oynadı deyə, vurduğum qolların mahiyyəti azaldı.
- Topaz Premyer Liqasının səviyyəsi necədir?
- Güclü komandalar var, maraqlı oyunlar gedir. Amma azarkeş baxımından çox problemli çempionatdır. Yalnız “Xəzər Lənkəran”ın yaxşı fanatları var. “Qəbələ” də yaxşı azarkeşlərə malikdir. Amma bu sözləri digər komandalara şamil etmək olmaz. Demək olar ki, fanatlar yox dərəcəsindədir və bu amil oyunların səviyyəsini aşağı salır. Çünki stadiona çoxlu azarkeş toplanarkən futbolçu da yaxşı oyun göstərmək istəyir. Baxın, “Rəvan” – “Xəzər Lənkəran” matçında stadionda heç kəs olmur.
- Azarkeşlərdən söz düşmüşkən, artıq Lənkəran fanatları da komandadan üz döndəriblər...
- Deməzdim ki, komanda azarkeşlərini itirir. Sadəcə, nəticə qazanmırıq deyə, onlar stadiona gəlmirlər. Bu da normaldır. Bütün dünyada belədir. Bir komanda nə qədər uduzar?
- “Xəzər Lənkəran” artıq ikinci mövsümdür uğursuzluğa düçar olur...
- Əvvəlki mövsümü bilmirəm. Əgər komanda 2 il uğursuzluğa düçar olubsa, o zaman heyət təmizlənməlidir. Heyətdə olan futbolçular getməli, yeniləri gəlməlidir. Əgər mənim də oyunum məşqçiləri qane etmirsə, getməliyəm.
- Deməli, komandaya yeni futbolçular lazımdır...
- Əlbəttə. 2 il uğursuzluq olursa, deməli, problem var və komanda dəyişməlidir. Yeni futbolçular gəldiyi zaman komandaya yeni nəfəs gələcək, yaxşı atmosfer yaranacaq və o zaman uğur da olacaq.
- Son 3 turda 2 böyük hesablı qələbə qazandınız. Niyə mövsümün əvvəlində belə oynamağı bacarmırdınız?
- Bilirsiniz, bizim ciddi problemimiz var. Komandamızın futbolçuları çox qorxaq oyun nümayiş etdirirdilər. Artıq hər şeyi bitdikdən sonra rahat oynayırlar. Səbəbini bilmirəm. Baxın, vacib matçda futbolçular qorxurdular, özlərini itirdilər. Hələ də səbəbini anlamıram.
- Mustafa Dənizli problemin daha çox yerli futbolçularla bağlı olduğunu bildirdi. Razısız?
- Yerli futbolçularla bağlı da problem var. Bizim komandada baş məşqçi problemi yoxdur. Con Toşakla alınmadı, Mustafa Dənizli gəldi, yenə alınmadı. Uğursuzluğun səbəbi baş məşqçilər deyil, futbolçulardır. Azərbaycanlı futbolçular bizdə azdır. Uğursuzluqda təkcə onları günahlandırmaq olmaz. Yeni legionerlər lazımdır. Çünki atmosfer dəyişməlidir. Bilirsiniz, “Qarabağ” niyə uğur qazandı? Komandada olan bütün futbolçular güclüdür. Həm yerlilər, həm legionerlər.
- Qış fasiləsindən sona 3 oyun uğurlu çıxış etdiniz və liderlə qrupunda olan 3 komandadan 7 xal almağı bacarmışdınız. Amma sonra komandada eniş yaşandı...
- Bir məğlubiyyət aldıqdan sonra bütün motivasiya pozuldu. Son oyunlara baxın. “Rəvan”ı 4:0 məğlub etdik, “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəldik. Amma səfərdə “Simurq”la heç-heçə etdik. Səbəb isə o idi ki, komanda özünə güvənmir. Orada 2:0 önə keçdik, sonra başladıq müdafiədə oynamağa.
- Sadio Tounkara meydanda olanda, siz daha yaxşı çıxış edirsiniz, qol vurursunuz...
- Bunun əsas səbəbi bizim eyni dildə danışmağımızdır. Hazırda komandamızın ən yaxşı futbolçusu Sadio Tounkaradır. Ona hər zaman deyirəm ki, sən cinah futbolçususan, daha çox ötürmə ver. O da bunu indi daha çox edir. “Xəzər Lənkəran” kimi komanda 1-2 futbolçudan asılı olmamalıdır. Bütün komanda güclü oynamalıdır. İki mövsüm eyni heyət uğur qazana bilməyibsə, bu heyət dəyişməlidir. Mənə də desələr ki, sən yaxşı oynamırsan, get, gedərəm. Çünki məndən daha yaxşı futbolçu gəlib komandaya daha çox xeyir verə bilər.