- Bizə xal və xallar lazımdır. Bu oyuna da ciddi hazırlaşmışdıq. Hesabı bi açsaq da, daha sonra məğlub olduq. Qol vurduqdan sonra komanda geri oturdu. Məncə, səhvimiz bu idi. Ötürmələrdə də çoxlu səhvlərə yol verdik və nəticədə məğlub olduq. Təbii ki, bu məğlubiyyətə görə məyusuq. Çünki belə bir matçda bir xal da bizə hava su kimi lazım idi. “Sumqayıt”dan indi 3 xal arxadayıq. Növbəti oyunda yalnız qələbə qazanıb və “Sumqayıt”ın məğlub olmasını gözləməliyik.
- “Sumqayıt”ın 35-ci turda “Qarabağ”ı məğlub etməsi futbol ictimaiyyətində şübhələr yaratdı. Sən bu barədə necə fikirləşirsən?
- Əsas tablodu, orada da nəticə 1:0 göstərir. Qaldı ki, kimin oynayıb-oynamamasına, bu ikinci plandadır. Fakt odur ki, “Sumqayıt” əziyyət çəkib qələbə qazandı. İndi biz bunun haqqında düşünməməliyik, çünki qarşıda bizim çətin vəzifəmiz var və onun haqqında düşünürük.
- Sabah mövsümün son turunda “Bakı” ilə qarşılaşacaqsınız və heyətinizdə yetəri qədər itkilər var..
- Düzdür, itkilər var. Ancaq bizi bu oyunda yalnız qələbə qane edir, bir də “Sumqayıt”ın uduzmağı. Bu, bizim üçün son şansdır və son ana qədər meydanda mübarizə aparacağıq.
- Qış fasiləsindən sonra “Sumqayıt”dan turnir cədvəlində 8 xal irəlidəydiniz. Nə baş verdi ki, hazırda belə vəziyyətlə üzləşmisiniz?
- Belə vəziyyətə düşmüşük deyəndə ki, “Sumqayıt” qələbələr qazanıb bizə çatdı. Ola bilsin ki, biz kuboku daha üstün tutduq.
- Baş məşqçiniz hakimlərdən tez-tez şikayətlənir. Sən necə fikirləşirsən, hakimlər sizi çox “sıxır”?
- Hakimlər haqqında danışmaq mənim işim deyil, mənimişim meydana çıxıb futbol oynamaqdır.
- “Rəvan”la müqavilən nə yerdədir?
- Müqavilənin başa çatmasına bir az var.
- Komandanın aparıcı futbolçularından birisən, növbəti mövsüm səni daha iddialı komandalarda görə bilərik?
- Qarşıda bir tur var və bu tur bizim üçün çox vacib bir final oyunudur ki, indi komandada hər kəs bunu düşünür. Növbəti mövsümdə nələr olacağını ikinci planda saxlayaq. İndi bizə lazım olan “Bakı” ilə qızıla bərabər 3 xaldır.
- Özünü milli komandada oynamağa hazır hiss edirsən?
- Əlbəttə, özümü hazır hiss edirəm. Amma hələ ki, gözləmə mövqeyindəyəm.