Kamran Quliyev: "Bəzi dırnaqarası futbol mütəxəssisləri bizim qələbəmizə kölgə salmaq istəyirlər" MÜSAHİBƏ

13:02 - 16 May 2014

"Transfer məsələsində elə addım ataq ki, bu həm bizim üçün, həm də oyunçular üçün uğurlu seçim olsun"
 
“Sumqayıt” klubunun prezidenti Kamran Quliyev “Çempion”a müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:


- Əvvəlcə Mirzağa Hüseynpurun “İnter”ə keçidinə münasibətinizi öyrənmək istərdik. “İnter”in prezidenti Georgi Nikolov bildirdi ki, artıq futbolçu ilə müqavilə imzalanıb.
- Müqaviləsi bitmək üzrə olan istənilən futbolçu başqa klubla danışıqlar apara bilər. Mən bu məsələyə sonuncu turdan sonra münasibət bildirəcəm. Ona görə də indiki vəziyyətdə danışmaq istəmirəm.


- Bu il müqaviləsi olan hansı fubolçularınıza dəvətlər var?
- Söz-söhbətlər var. Bu söhbətlər bir balaca çiydir. Yəni, konkret təklif var, ya yoxdur, bu barədə bir şey deyə bilmərəm. Amma, mənim xəbərim var ki, bizim bir neçə futbolçu ilə klublar maraqlanır. Bu da limitlə bağlıdır ki, azərbaycanlı futbolçulara ehtiyac artır. Amma, çempionat qurtardıqdan sonra bəlli olacaq. Bizimlə müqaviləsi olan futbolçularla da maraqlanan klublar var. Həmin komandalar bu keçidə görə bizə transfer haqqı ödəməli olacaqlar. Çalışacağıq ki, transfer məsələsində elə addım ataq ki, bu həm bizim üçün, həm də oyunçular üçün uğurlu seçim olsun.


- Sözsüz ki, ilk növbədə sizə müraciət etməlidirlər. Ən azından şifahi müraciət edənlər olub?
- Yox, futbolçu ilə müqaviləsinin sonuna 6 ay qalmamış danışıq aparmaq qadağandır. Amma, yollar tapırlar ki, buna da biz yaxşı baxmırıq. İndiyə qədər bizdən futbolçu alan klublar qanunlara və müqavilələrə hörmətlə yanaşıb bizə müraciət etmidişdilər. Yəni, inşallah bu il də belə olar.


- “Sumqayıt” mütəmadi olaraq hücumçu problemi yaşayıb. Son transfer Məhəmməd Qurbanov isə heç də pis təsir bağışlamır. Onunla hücumçu problemi həll olunub?
- Onun uzun müddətli müqaviləsi var. Hələ bizimlə il yarım müqaviləsi var. Qısa vaxt ərzində elə oyunlarda qol vurub ki, çox vacib oyunlarımzda bizə xal gətirən qollar olub. Bu tipdə futbolçu Azərbaycanda azdır. O, cərimə meydançasında təhlükəli olan futbolçudur. Rusiyada məktəb görüb. Amma, 4 il bundan əvvəl U17 yığmamızın üzvü olub. Yəni, Azərbaycan onun üçün yad bir ölkə deyil. Burada qohumları da var. Məncə, hələ tam potensialını aça bilməyib. İndidən sizə deyim ki, biz hücum problemimizi həll etmişik, bu bilmirəm necə səslənər. Amma, ona ümidlərimiz böyükdür.


- Sizdə müqavilələrdə qeyd olunub ki, hər qələbəyə görə mükafat veriləcək. “Qarabağ”la oyun da buna daxildir?
- Əlbəttə, “Qarabağ” oyununa nə olub ki? Mən bu oyunla bağlı şərh də vermişəm. Biz daha istəkli idik və “Qarabağ”ın heyətində bir neçə əsas oyunçu yox idi. Amma, buna baxmayaraq Rəşad Sadıqov yarım hissə oynadı. Bədavi Hüseynov Maksim Medvedyev də 90 dəqiqə oynadı. Millinin üzvü Fərhad Vəliyev də qapıda idi. Bəzi dırnaqarası futbol mütəxəssisləri bizim qələbəmizə kölgə salmaq istəyirlər. Və mən onlara münasibət bildirmirəm. Fikir verirsinizsə bəzi rəqib komandaların məşqçiləri də bu məsələlərə qoşulub. Yenə də deyirəm, o səviyyəyə düşmək istəmirik deyə cavab vermirik. Eyni zamanda da “Qarabağ” oyunundan əvvəl biz futbolçulara böyük mükafat vəd etmişdik. Mən ilk dəfə sizə deyirəm. Futbolçularla müqavilələrdə həm maaş, həm də mükafatın həcmi yazılır. Biz bu il vəd etdiyimiz mükafatlardan daha çox vermişik. Yəni, müqavilədə göstəriləndən daha çox məbləğdə mükafat təqdim olunub. Məsələn, “Neftçi”yə iki dəfə qalib gəldik. Qeyd etdiyimiz məbləğlərdən qat-qat çox vermişik. Çünki, belə böyük klub üzərində qələbə qazanmaq bizim üçün şərəfdir. Və futbolçular layiq olduqları pulu alıblar. “Qarabağ”la oyuna görə də mükafat çox idi. Bu günlərdə də veriləcək. Bu barədə problemimiz yoxdur.

Xəbər xətti