"AFFA hansısa "xoxol"a külli miqdarda pul verib millidə oynatmasın" SORĞU

19:20 - 19 May 2014

Tələbələr Dimitri Nazarova qarşıdır
 
Millimizin ABŞ-a qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlananda bir futbolçunun adı hamını təəcübləndirdi. Söhbət Bundesliqa 2-də mübarizə aparan “Karlsrue”nin hücumçusu Dimitri Nazarovdan gedir. 24 yaşlı futbolçu millimizə lazımdırmı? İdman mətbuatının əksər nümayəndələri buna birmənalı şəkildə qarşı çıxırlar. Belə ki, onlar qeyri-millətdən olan bir futbolçunun millimizdə oynamasına qarşıdılar. Bəs, azarkeşlər necə? Bu məqsədlə əməkdaşımız Azərbaycan Dillər Universitetinin tələbələri arasında sorğu aparıb. Sorğu iştirakçıları 2 sualı cavablandırıblar:
 
1. Dimitri Nazarov millimizə lazımdırmı? 2. Azərbaycan kuboku kimə qismət olacaq?
 
İkinci sual bir qədər yersiz görünə bilər. Amma əziyyət çəkmişkən, “1 güllə ilə 2 dovşan vurmaq” qərarına gəldik. 
 
Sorğuda 62 tələbə iştirak edib. Nə qədər gözlənilməz olsa da, onların 37 faizi, yəni 23 nəfəri Nazarovun millimizə lazım olduğu fikirindədir. Bunu 24 yaşlı futbolçunun ölkə xaricində çıxış etməsi və yerli futbolçularla müqayisədə daha təcrübəli olması ilə əlaqələndirirlər. Qalan 39 nəfər isə Dimanın milli formanı geyinməsinə qarşıdır. 
 
İkinci sualla bağlı isə sorğu iştirakçılarının təxminən 1/3-i – 41 nəfər kuboku “Neftçi”nin qazanamasını istəyir. 21 nəfər isə “Qəbələ”nin qalib gələcəyini düşünür. Maraqlı olacağını nəzərə alıb, tələbələrin bir neçəsinin fikrini oxuculara təqdim edirik:
Murad Həşimov: 1. Məncə, Nazarov millimizə heç bir xeyir verməyəcək. Cihan Özkara, Ufuk Budak və s kimilərlə olduğu kimi onda da milli ruh yoxdur. Uğur əldə etmək üçün vətənpərvərlik hissinə malik  yerli futbolçular lazımdır. 
 
2. İki klubun da şansları eynidir. “Neftçi” bu il çempionatda yaxşı nəticə əldə edə bilmədi. 3 il ardıcıl olaraq çempion olan bir klubun azarkeşləri bu mövsümü kuboksuz bitirməsi ilə razılaşa bilməzlər.  Məhz bu amilə görə, “Flaqman” qalib gələcək. 
Eltun Mirzəyev: 1. II Bundesliqa Azərbaycan Premyer Liqasından daha səviyyəli çempionatdır. Bildiyimə görə, Nazarovun komandası hazırda turnir cədvəlinin üst pillələrindədir və o da bu mövsüm 17 oyunda çıxış edib və 5 qola imza atıb. Bu baxımdan Dimitri Nazarovun millimizə yararlı futbolçu olacağını düşünürəm.
 
2. “Qəbələ” qalib olacaq. Çünki əyalət təmsilçisinin futbolçuları “Neftçi”nin oyunçularından daha səviyyəli və texnikalıdılar.
Ülkər Əliyeva: 1. Milli komandamız üçün yararlı futbolçu olacaq. Çünki bizdə futbol Almaniyadakı qədər inkişaf etməyib. Nazarovun təcrübəsinin digər futbolçularımıza da köməkyi dəyə bilər. 
 
2. “Neftçi”nin qalib gəlməsini istəyirəm. Böyükağa Hacıyevin Syominin kuboka sahib çıxmasına imkan verəcəyinə inanmıram.
Orxan Salahov: 1. Lazım deyil. Ondansa, AFFA prespektevli futbolçuları yetişdirsin, hansısa “xoxol”a külli miqdarda pul verib millidə oynatmasın. Legioner üçün Azərbaycan uddu, ya uduzdu, fərqi yoxdur. Yerli futbolçulara isə məğlubiyyət daha çox təsir edər. Çünki onlar azərbaycanlıdırlar.
 
2. Fikrimcə, kuboku “Neftçi” götürəcək. “Flaqman”ın son illərdə kuboklar qazanması adət halına alıb.  Bu, qanunauyğunluqdu, onu pozmaq olmaz.
 
Şamxal Quliyev: 1. Nazarovun milliyə heç bir xeyri olmayacaq. Məşq proseslərində kifayət qədər fərq var, komandaya və oyunçulara uyğunlaşa bilməyəcək.
 
2. “Qəbələ”nin qalib gəlməsini istəyirəm. Bir az dəyişiklik olsun, “Neftçi” hər il kubok götürməli deyil ki.
Ülviyyə Əsədli: 1. “Əgər yaraşıqlıdırsa, demək lazımdır. Çünki, yaraşıqlı futbolçular yaxşı oynayırlar. Məsələn Ronaldo, Kaka...”
 
2. “Neftçi” qalib gələcək. Çünki baş hərfi “N” hərfi ilə başlayır”. 
 
İlkin SULTANLI “Het-trik news”

Xəbər xətti