"Qəbələ"nin futbolçusu: "Bu gün görünəcək kim-kimə nəyi qurban verdi və ya kim-kimə fora verdi" MÜSAHİBƏ

08:45 - 22 May 2014

"Hətta meydanda öləcəyik, ancaq kubokdan əlimizi çəkməyəcəyik"
 
“Qəbələ”nin yarımmüdafiəçisi Nizami Hacıyevin Sportal.az-a müsahibəsi
 
- “Qəbələ”mövsümü 3-cü yerdə başa vurdu. Səncə, komanda daha yaxşı nəticə göstərə bilərdi?
- Çempionatın ortalarında komandada boşluq əmələ gəldi. Üçüncü dövrədə hardasa oyunumuz getmədi.  Bu da arxayınçılıqdan irəli gəldi. Halbuki komandamız ikinci dövrəni ikinici pillədə başa vurmuşdu. Ondan sonra xallar itirdık. Ardıcıl uğursuzluqdan sonra komanda daxili iclasda uğursuzluq zolağından çıxmağın yollarını axtardıq. Hamımız dərk edirdik ki, belə davam edə bilməz. Hansı ki, gərginliyi arxada qoymaq üçün psixoloji baryeri aşmaq lazım idi. Sağ olsun rəhbərlik və məşqçilər korpusu futbolçulara dəstək oldular. Ondan sonra özümüzdə güc tapıb ardıcıl qələbə qazandıq, nəticədə mövsümü üçüncü yerdə başa vurduq. Mövsümü titulla başa vurmaq üçün indi məqsədimiz ölkə kubukunu qazanmaqdır. Bütün bunlarda hər bir kəsin əziyyəti var. Klubun iizibatçısından tutmuş rəhbərliyinə qədər. In azından futbolçular üzərinə düşən minimal vəzifənin öhədəsindən gələ bildi. 
 
- Hansı oyundan sonra artıq çempionluqdan əlinizin üzüldüyünü qəbul etdin.
- “Rəvan”la oyundan sonra. Həmin qarşılaşmada iki penaltidən istifadə edə bilmədik və nəticədə bərabərə qaldıq. Ondan sonra AZAL ilə heç-heçədə artıq hamımız dərk etdik ki, çempionluq əldən getdi. Qış fasiləsindən sonra üçüncü dövrənin ilk oyununda “Qarabağ” “Xəzər Lənkəran”a öz meydanında məğlub oldu. “Sumqayıt” üzərində qələbədən sonra biz turnir cədvəlində lider idik. Çempionluq marafonun dönüş nöqtəsi olan “Qarabağ”la ev oyunumzda məğlubiyyətlə üzləşdik. Reynaldonun vurduğu qol bəlkə də bizi çempionluqdan etdi. 
 
- Bu  gün “Qəbələ”ni ölkə kubokunun finalında “Neftçi” ilə çətin oyun gözləyir. Çempionluq əldən getdi, bəs kuboku qazanmaq  şansı neçə faizdir?
- Çempionluq getdi, ancaq kuboku əldən vermək fikrində deyilik. Mövsümü titulla başa vurmaq istəyirik. Bizim üçün bu oyun çox əhəmiyyət daşıyır. Əziyyət çəkib finala qədər gəlmişik, indi ölkə kubokunu başımız üzərinə qaldırmağa borcluyuq. “Neftçi”yə qarşı hazırlıq yüksək səviyyədə gedir. Demək olar ki, şəraitimiz əladır, bizim üzərimizə düşən vəzifə bu oyunda qələbə qazanmaqdır. Düzdü, “Neftçi” köklü və tarixi olan komandadır. Hər halda belə bir titullu komandaya qarşı oynamaq çətin olacaq. 
 
- Cari mövsüm dörd oyundan yalnız birində “Qəbələ” birində rəqibini məğlub etməyi bacarıb. “Neftçi”yə səfərdə qalib gəlməklə turnir cədvəlində üçüncü yeri tutmaq şansını artırdı. Final öncəsi bürünc medalları “Neftçi”dən qoparan “Qəbələ” bununla psixoloji üstünlük qazandı?
- Əlbəttə, psixoloji üstünlük bizim tərəfdədir. Çempionatın başa çatmasına 3 tur qalmış rəqibi səfərdə məğlub edib üçüncü pilləyə qalxdıq. “Neftçi” “Simurq”la səfər oyununda xal itirməklə bürünc medallardan əlini üzdü. Mükafatlar sırasına düşməyən “Neftçi” mövsümü titulla başa vurmaq istəyir. Onlar da final oyununa ciddi yanaşırlar və kuboku qazanmağa kökləniblər. Hər iki komandaya kuboku qazanmaq asan başa gəlməyəcək.
 
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev açıqlamasında deyib ki, biz bürünc medalları kuboka qurban verdik. Onun bu çıxışından görünür ki, “Neftçi” kuboku qazanmağa daha iddialıdır.
- Qoy, nə deyirsə, desin də. Böyükağa müəllim ağsaqqaldır, onun dediyinə də hörmətlə yanaşıram. Onun dediklərinə şərh vermək fikrində deyiləm. 90 dəqiqədə meydanda kimin güclü kimin zəif olduğu bilinəcək. Orada görünəcək kim-kimə nəyi qurban verdi və ya kim-kimə fora verdi. Bütün gücümüzü qoyacağıq ki, kuboku Qəbələyə aparaq. Son nəfəsimizə qədər mübarizə aparacağıq ki, kuboku başımız üzərinə qaldıraq. Hətta meydanda öləcəyik, ancaq kubokdan əlimizi çəkməyəcəyik.
 
- “Qəbələ” ilə müqavilən başa çatıb?
- Bəli. Demək olar ki, ayın sonunda vaxt bitir. 
 
- Necə düşünürsən, müqaviləni uzatmaq fikrin var?
- Hələ bu barədə düşünmürəm. Düzdü, başqa klublardan təkliflər almışam. Ancaq seçim etməyə tələsmirəm. İndi mən müqaviləni deyil, kuboku qazanmağı fikirləşirəm. Ümumiyyətlə, rəhbərliklə də bu barədə danışığım olub. Komandada qaldım və ya qalmadım bunu sonra da oturub danışmaq olar. Mənim üçün önəmlisi kuboku başım üzərinə almaqdır. Bugünkü gündə ailəm “Qəbələ” klubunun çörəyini yeyir və əlimdən gələni edəcəyəm ki, kuboku Qəbələyə aparım.        
 
- Səncə, tamaşaçı baxımından final oyununa maraq böyük olacaq?
- “Neftçi” ilə səfər oyununda stadionda xeyli azarkeş vardı. Mənə elə gəlir ki, hər iki komanda baxımlı oyunu ilə azarkeşlərə zövq verdi. Həmin oyunda atmosfer yüksək idi. Hətta bəzi məqamlarda qalmaqallar yaşandı və qırmızı vərəqə alanlar da oldu. Azarkeşə nə lazımdır? Meydanda gərgin mübarizə bə baxımlı oyun getsin. Bu da mövsümün son oyunudur. Ona görə də final qarşılaşması daha  dəhşətli olacaq. İnanıram ki, azarkeşlər tribunaları dolduracaq və maraqlı oyuna şahidlik edəcəklər.                                             

Xəbər xətti