"Neftçi"nin kapitanı: "Komandanın üzvlərində də az günah yoxdur" MÜSAHİBƏ

13:32 - 23 May 2014

"Buna görə də bir qədər qorxu, həyəcan var idi"
 
"Neftçi"nin kapitanı Rəşad Sadiqovun Sportal.az-a müsahibəsi:
 
- Penaltilər seriayasında dəqiq oynayıb kuboku qazandınız. Oyun haqqında nə deyə bilərsən?
- Final həmişə gərgin keçir. Hər iki komanda həlledici matçdan qalib ayrılmaq istəyirdi. Kubok da bir tituldur. Hər iki komanda bu gün kuboku qazanmağa layiq idi. Qismət bizim imiş. Sevinirik ki, mövsümü titulsuz başa vurmadıq.
 
- Komanda digər oyunlara nisbətən daha diqqətlə oynayırdı?
- Final bir qarşılaşmadan ibarətdir. Kuboku itirsyədik,  mövsümü titulsuz başa vurasıydıq. Buna görə də bir qədər qorxu, həyəcan var idi. Bu da uşaqları sıxırdı. Heç birimiz titulsuz qalmaq istəmirdik.
 
- Əvəzlənən zaman Böyükağa Hacıyevə etiraz etdiniz. Bunun səbəbi nə idi?
- Çünki qarşıda 40 dəqiqəyə yaxın vaxt var idi, üstəlik, əlavə vaxtı da nəzərə almaq lazım idi. Buna görə bir qədər narazı qaldım. Çünki kimsə zədələnə bilərdi. Bu zaman komanda çətin vəziyyətdə qalasıydı.
 
- Arxada qalan mövsümü necə dəyərləndirirsən?
- Məncə, pis alınmadı. Sadəcə, çempionatda yer tuta bilmədik. Bunun da bəzi səbəbləri var. Komanda üzvlərinin də günahı az deyil. Amma kuboku qazanmağımız yerinə düşdü.
 
- Avropa Liqasına ikinci mərhələdən başlayacağınız dəqiqləşdi...
- Bu, doğurdan da üstünlükverir. Çünki istirahət etmək üçün vaxtımız çox olacaq. Əlimizdən gələni edəcəyik ki, qrup mərhələsinə vəsiqə qazanaq.
 
- “Neftçi” ilə müqavilən nə yerdədir?
- “Neftçi” ilə bir illik müqaviləm var. Hər şey rəhbərlikdən asılıdır. Onlar hansı qərara gəlsələr, onu da edəcəyik.
 
- “Xəzər Lənkəran”a transferin gündəmdədir..
- Heç bir klubla danışığım olmayıb. Ola bilsin hansısa komanda mənim oyunumu görüb maraqlansın. Ancaq “Neftçi” ilə müqaviləm var, bu halda heç bir klubla danışıq apara bilmərəm. Rəhbərliyin qərarını gözləyəcəm.
 
Yusif HÜSEYN

Xəbər xətti