Xorvatiya millisi haqqında
Tarix
Xorvatiya futbol XIX əsrin sonlarında yaranıb. Ölkənin ilk futbol klubları “PniSK” və “HASK” 1903-cü ildə təsis ediliblər. Hər iki klub paytaxt Zaqrebi təmsil edirdi. 3 ildən sonra bu komandalar ilk dəfə üz-üzə gəliblər. Bu oyun Xorvatiyada baş tutan ilk matç kimi tarixə düşüb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Zaman keçdikcə ölkədə futbola maraq daha da artırdı. Bir qədər sonra - 1905-ci ildə “Slaviya”, 1906-cı ildə “Konkordiya”, 1907-ci ildə “Seqesta” və “Kroatsiya”, 1911-ci ildə “Hayduk” və “Qradjanski” klubları yaradıldı.
Xorvatiya yığması qeyri-rəsmi olaraq ilk oyununu 1907-ci ildə keçirib. Milli komanda Çexiyanın “Slaviya” klubu ilə ardıcıl iki qarşılaşıb. 5 il sonra, 1912-ci ildə Xorvatiya Futbol İttifaqı yaradılıb. Həmin ildə ilk ölkə çempionatı keçirilib və Zaqrebin “XASK” klubu ilk Xorvatiya çempionu kimi tarixə düşüb.
İlk dünya müharibəsindən sonra Xorvatiya, Serbiya və Sloveniya futbol federasiyaları birləşərək vahid quruma – Yuqoslaviya Futbol İttifaqına daxil oldular. İttifaqın prezidenti isə “XASK” klubunun keçmiş prezidenti Xinko Vyurt seçildi. Xorvatiya klubları 1940-cı ilə kimi Yuqoslaviya çempionatında mübarizə aparırdı.
1991-ci ildə Xorvatiya müstəqillik qazandı. 1 il əvvəl yaradılan Xorvatiya Futbol İttiqadı 1992-ci ildə həm UEFA-ya, həm dəı FİFA-ya üzv oldu.
Avro-1996-nın təsnifat mərhələsində inamlı təsir bağışlayan Xorvatiya yığması qitə birinciliyinin final mərhələsinə vəsiqə qazandı. D qrupunda 2 qələbə qazanıb, 1 dəfə uduzan xorvatlar qrup ikincisi kimi 1/4 finala yüksəldilər. Amma yarımfinala gedən yolda Xorvatiya gələcək çempion Almaniya qarşısında aciz qaldı.
Müstəqil Xorvatiya yığması tarixindəki ilk oyununu oktyabrın 17-də ABŞ-a qarşı keçirib. Paytaxt Zaqrebdə baş tutan görüş xorvatların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. 2006-cı ilin 7 oktyabrında Andorranın qapısından 7 cavabsız qol keçirən xorvatlar bununla da tarixi ərzindəki ən böyük hesablı qələbəsini qazanıb. 2009-cu ilin 9 sentyabrında İngiltərə millisi xorvatları 5:1 hesabı ilə darmadağın etdi ki, bu da Xorvatiya yığmasının tarixindəki ən ağır yenilgidir.
Uğurları
Xorvatiya millisi tarixi ərzindəki ən böyük uğurunu DÇ-1998-də qazanıb. Fransada baş tutan mundialın debütantı olan xorvatlar çoxlarını gözləmədiyi halda, turniri bürünc medalla başa vurdular. Bu, Xorvatiyanın böyük turnirlərdə qazandığı ilk və yeganə uğurdur.
4 dəfə iştirak etdiyi Avropa çempionatlarında heç vaxt medalçılar sırasına düşməyən Xorvatiya yığması 2 dəfə 1/4 finala kimi irəliləyib. Lakin həm 1996, həm də 2008-ci illərdə komanda yarımfinal yolunda yenilgi acısı dadıb.
Rekordçular
Xorvatiya millisinin heyətində ən çox oyun keçirən futbolçu Stipe Pletikoşadır. O, 1999-cu ildən bu günə kimi şərəfini qoruduğu yığmada 111 oyuna çıxıb. 2002-ci ildən millidə çıxış edən Dario Srnanın da aktivində 111 oyun var. 2001-ci ildən Xorvatiya millisində forma geyən Yospi Şimuniçin aktivində isə 105 oyun var.
1996-2008-ci illərdə yığmanın şərəfini qoruyan Dario Şimiç millidə 100, İvitsa Oliç 90, Niko Kovaç 83, Niko Krançar 81, Robert Kovaç 80, Luka Modriç 73, Vedran Çorluka isə 71 matç keçiriblər.
Xorvatiya millisinin tarixindəki bombardir Davor Şukerdi. 1990-2002-ci illər aralığında o, 45 dəfə fərqlənib. 2004-cü ildən Xorvatiya millisinin formasını geyən əslən braziliyalı olan Eduardo Da Silvanın aktivində 29 qol var. Dario Srna isə 21 dəfə fərqlənib. İvitsa Oliç yığmada 18, Qoran Vlaoviç 16, Niko Krançar və Niko Kovaç 15, Frano Vyolfl 13, Zvonimir Boban və Mladen Petriç 12 dəfə rəqibləri məyus ediblər.
Mundiallarda
İlk dəfə DÇ-1998-ə qatılan Xorvatiya yığması H qrupunda yer aldı. Argentinadan geri qalmasına baxmayaraq, xorvatlar Yaponiya və Yamaykanı üstələyərək, 1/8 finala adladılar. Bu mərhələdə Davor Şukerin penaltidən vurduğu qolla Rumıniyanı 1:0 hesabı ilə məğlub edən Xorvatiya adını 1/4 finala yazdırdı. Bu mərhələ Almaniyanı üstələyən xorvatlar, yarımfinalda meydan sahibi və gələcək dünya çempionu Fransa qarşısında aciz qaldı. Üçüncü yer uğrunda Hollandiyanı məğlub edən Xorvatiya millisi mundialı bürünc medalla başa vurdu. 4 il sonra baş tutan mundial Xorvatiyanın fiaskosu ilə nəticələndi. İtaliyanı məğlub etməsinə baxmayaraq, Ekvador və Meksikaya məğlub olan komanda İtaliya və Meksikanın ardından qrupu üçüncü yerdə tamamladı.
DÇ-2006-da da eyni hal yaşandı. Braziliyaya 0:1 hesabı ilə uduzan Xorvatiya millisi, Avstraliya (2:2) və Yaponiyayla (0:0) bərabərə qaldı. Cəmi 2 xal toplayan Xorvatiya yığması mundialla yenə qrup mərhələsində vidalaşdı.
Ötən mundialdan kənarda qalan Xorvatiya millisi Braziliyada tarixi ərzində dördüncü dəfə dördilliyin ən böyük turnirinə qatılacaq.
Püşk
Əvvəldən dördüncü səbətdə yer alan Xorvatiya millisinin püşkdə bəxti heç gətirmədi. Komanda “A” qrupunda – meydan sahibləri Braziliya, Meksika və Kamerunla mübarizə aparacaq. Braziliya millisi nəinki bu qrupun, hətta turnirin əsas favoritlərindən biri hesab olunur. Meksika və Kamerun yığmalarını da siyahıdan silmək olmaz. Mütəxəssislərin fikrincə, Braziliya millisi bu qrupun qalibi olacaq. İkinci yer uğrunda da məhz digər 3 komanda mübarizə aparacaq.
Təqvim
Xorvatiya millisi mundialdakı ilk oyununu meydan sahiblərinə qarşı keçirəcək. Braziliya – Xorvatiya matçı həm də dünya çempionatının açılışı olacaq. İyunun 12-də baş tutacaq qarşılaşma “Arena Korintians”da olacaq. İkinci oyununda Xorvatiya millisi Kamerunla üz-üzə gələcək. Manaus şəhərindəki “Amazoniya” stadionunda keçiriləcək bu oyun 18 iyunda keçiriləcək. Qrupdakı son oyununda isə Xorvatiya millisi Meksikayla münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun iyunun 23-də baş tutacaq və “Arena Pernambuku”da keçiriləcək.
"Het-trik news"
saytlarin hazirlanmasi