Qurban Qurbanovun iddialı oğlu: "İstəyirəm atamdan güclü futbolçu olum" FOTOLAR

12:50 - 27 May 2014

Qurban Qurbanov oğlunu final matçında tək qoymadı
 
Xəbər verildiyi kimi, Bayıl stadionunda  U-12 Liqasında final oyunu keçirilib. "Qəbələ" və "Neftçi"nin görüşü 2:0 hesabı ilə paytaxt komandasının xeyrinə başa çatıb. İslam Kərimovun yetirmələrindən hər iki qolu Musa Qurbanov vurub. O, bununla matçı izləməyə gələn atası Qurban Qurbanovu göyün bir zirvəsinə qaldırıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. 41 qolla liqanın bombardiri olmuş "Xəzər Lənkəran"ın hücumçusu Musa Musazadəyə "Atena" şirkəti buts hədiyyə edib. Final qarşılamasının ən yaxşı oyunçusu, "Qəbələ"li Rauf Məhərrəmov Braziliyada keçiriləcək dünya çempionatının rəsmi topu "Brazuca" ilə təltif olunub. Fair Play mükafatına isə "Neftçi"dən Nihat Vəliyev layiq görülüb.

Liqanı üçüncü pillədə başa vurmuş "Bakı", ikinci yeri tutmuş "Qəbələ" və turnirin qalibi "Neftçi" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda "Neftçi"yə kubok təqdim olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, "Atropatena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov və futbol veteranı Rüstəm Rəhimov təqdim edib.

 Balaca Musa Qurban Qurbanovun oğlu olmasının onu daha da ruhlandırdığını deyib: «Gələcəkdə futbolçu olacağıma daha çox inanıram. Atam mənə həmişə öyrədir. Əgər bir vacib məsələni başa düşməsəm, elementi başa salır, futboldan danışır. İstəyirəm ki, atamdan güclü futbolçu olum. Hazırda hücum mövqeyində oynayıram. Qollar vurmağı çox istəyirəm. Fərqlənmək mənim üçün həmişə əyləncəli olub. Atamın davamçısı kimi yetişmək mənim üçün xoş olardı".
 

Xəbər xətti