Bayırlığı olmayanlar YAZI

16:00 - 28 May 2014

Oyununuz yoxdur, heç olmasa...

 

Hərdən elə olur ki, hansısa ciddi idarəyə gedirsən iş dalınca, qabağına insan libasında bir əcaib məxluq çıxır. Oturub iki saat söhbət eləyirsən, ancaq heç cür izah edə bilmirsən ki, 2+2-nin cəmi 4 eləyir. Qulaq asırsan heç bir məntiqə sığmayan fikirlərinə, ağzından tökülən rabitəsiz cümlələrə... Baxırsan əyləşdiyi kresloya, taxtığı qalstuka... Fikirləşirsən ki, belələrini bilərəkdən kabinetdə dörd divar arasına salırlar ki, geniş kütlə qarşısına çıxıb sahibinin adına söz gətirməsin.

 

Ya da görürsən, imkanlı adamdı, hamı hörmət eləyir, amma oğlu dərd olub onun başına. Çatana çatır, çatmayana da bir daş atır. Elələri də, bayırlığı olmayan övladlarını küləklər şəhərindən uzaqlaşdırmaqla problemi çözə bilirlər.

 

Qeyd etdiklərim bayırlığı olmayan fərdlərdir. Bir də var ölkənin adını daşıyan bayırlığı olmayan (milli) komanda.  Bəs, bunları hara itirək?

 

Portuqaliya ilə səfər oyununda siftə edən (geniş auditoriya qarşısında) milli üzvlərinin növbəti söyüşməsi ABŞ-la oyunda olub. Kamran Ağayevin səsi bütün arenanı bürüyüb: “Ə, gijd....q, tutma da”.  Təsəvvür edin, indi söyüşü söyən qalıb bir yana, söyüşün kimə ünvanlanması əsas mövzuya çevrilib.

 

Elvin Yunuszadə and-aman eləyir ki, Kamran məni söyməyib, rəqibi söyüb. Və əlavə edir ki, mən də onunla birlikdə amerikalı futbolçunu söymüşəm.Özü də bunu o tərzdə deyir ki, sanki xüsusi qəhrəmanlıq eləyib Elvin. Heç olmasa sus, danışma. De ki, məni söyməyib. Kamran dəlidir, sən ağıllı ol!

 

Bu da bunların səviyyəsi...  

 

Kamran Ağayev mənim tanıdığım ən bədbəxt adamdır. Allah ona istedad versə də, bir çox lazımı keyfiyyətlərdən məhrum eləyib.

 

Oyununuz yoxdur, heç olmasa bayırlığınız olsun.

 

Emin ABBASOV

 

P.S. Elxan bəy, əllərinizə sağlıq, “yaxşı” milli yaratmısız! 

 

Xəbər xətti