"Qəbələ"nin baş məşqçisi: "Rəhbərlik görmək istəyir ki, bu azyaşlıların içərisində əsas komandaya namizəd olan var" MÜSAHİBƏ

15:56 - 29 May 2014

"Demək olar ki, müəyyən dərəcədə razı qaldım"
 
"III Gabala Cup" turnirində ilk qarşılaşmasında İtaliya nəhəngi "Udineze"ni məğlub edən  “Qəbələ”nin 15 yaşadək komandasının baş məşqçisi Hüseynqulu Quliyevin Sportal.az-a müsahibəsi:

- Sevincli haldır ki, qələbə qazandıq. Buna görə çox sevinirik. Çalışacağıq ki, o biri oyunlarda da uğur qazanaq. Mən hər zaman futbolçulara deyirəm ki, birinci Azərbaycanın, ikinci də “Qəbələ” futbol klubunun adını layiqincə qoruyaq.

- Komanda turnirə necə hazırlaşıb?
- Biz bu turnirə  1 il əvvəldən hazırlaşmışıq. 3 dəfə Avropa ölkələrində olmuşuq. Bunlardan ikisi turnir, 1-i isə təlim məşq toplanışı idi. Klub tərəfindən komandaya lazımı dəstək verilib. Nə lazımdırsa edilib. Biz də çalışırıq ki, bu dəstəyin cavabını qaytaraq.

- Axşam “Fənərbaxça” ilə oyununuz var. Oyunu da izlədiniz. Təssüratlarınız necə oldu?
- İndiyə kimi izləməmişdim. Fraqmentlər görmüşdüm. Ancaq, bu gün izlədim. Xoş təsir bağışladı. Güclü komandadır.

- Bəs, öz komandanızın oyunundan razı qaldınız?
- Qələbə olanda hər zaman razı qalırsan. Amma, müəyyən çatışmamazlıqlarımız oldu. Xüsusilə müdafiədə. Çalışacağıq ki, “Fənərbaxça” ilə oyunda bu səhvlər olmasın.

- Qolun müəllifi Cavidan Qasımlı oldu. Onun oyunu necə təsir bağışladı?
- Demək olar ki, müəyyən dərəcədə razı qaldım.

- Komanda üçün bir gündə iki oyun ağır olmayacaq ki?
- Ona görə biz aprel ayında İtaliyaya turnirə getdik. Orada 4 gün ərzində 7 oyun oynadıq. Günə 2 oyun düşürdü. Məhz “Qəbələ Kuboku”na görə, biz o turnirdə iştirak etdik ki, uşaqlar belə vəziyyətə uyğunlaşsınlar.

- Rəhbərlik tərəfindən hansısa şərt qoyulub? Yəni, I yer tutmalısınız və s..
- Yox, heç bir şərt qoyulmayıb. Sadəcə, rəhbərlik yaxşı oyun görmək istəyir. Görmək istəyir ki, doğrudan da bu azyaşlıların içərisində “Qəbələ”nin əsas komandasına namizəd olan futbolçular var.

Xəbər xətti