"Fənərbaxça"nın baş məşqçisi: "Qalib və ya məğlub olmağımız önəmli deyil"

08:02 - 30 May 2014

Engin Kabaş: "Azərbaycana ilk gəlişimdir, amma, özümü heç də yad hiss etmədim"
 
"İlk öncə qeyd etməliyəm ki, hər kəsin bizə münasibəti çox yaxşıdır. Öz ölkəmdə kimiyəm. “Qəbələ” rəhbərliyinə belə bir turnir təşkil etdikləri üçün çox təşəkkür edirəm. Möhtəşəm təşkil olunub. İlk oyunumuzda “Liverpul”la oynadıq. Çətin oyun idi. O mənada çətin idi ki, ilk oyunlarda adaptasiya problemi həmişə olur. Biz də ilk 20 dəqiqə çox da istədiyimiz kimi oynaya bilmədik. Ancaq, ikinci hissə öz oyunumuzu oynadıq. Bir xeyli də qol epizodu yaratdıq. 1-0 hesablı qələbə qazandıq. Amma, burda qalib ya məğlub olmağımız önəmli deyil. Məqsədimiz oyunçuları inkişaf etdirməkdir. Burda məğlub olsaydıq da eyni fikirləri deyəcəkdim. Oyunçuların özlərini inkişaf etdirməsi, xarici ölkələrdən gələn komandalarla futbol oynamağı bizim üçün daha önəmlidir. Bu komandalara qarşı da həm psixoloji, həm fiziki, həm də texniki baxımdan özümüzü də sınamış oluruq. Əlbəttə, öz oyun fəlsəfəmizi ortaya qoymağa çalışırıq. Futbolçuların sərgilədiyi oyundan məmnunam"
 
Bu sözləri Sportal.az-a açıqlamasında "III Qəbələ Kuboku"nda iştirak edən "Fənərbağça" komandasının baş məşqçisi Engin Kabaş bildirib. O, Azərbaycan haqqında təəssüratlarını əməkdaşımızla bölüşdü:
 
" Azərbaycana ilk gəlişimdir, amma, özümü heç də yad hiss etmədim. Hər kəs bizə köməklik edir, bizə qarşı xüsusi diqqət ayırırlar. İki ölkə qardaşdır. Bir şeyi də qeyd edim ki, dünən Cumhuriyyət günündə bura gəldik. Bu münasibətlə hər kəsi təbrik edirəm. Burda da olmaqdan məmnunuq".

Xəbər xətti