Gördüyü mənzərə futbol veteranını özündən çıxarıb
Sportal.az-ın əldə etdiyi məlumata görə, İcraiyyə Komitəsinin üzvü, futbol veteranımız İsgəndər Cavadov ABŞ-la oyuna getməkdən imtina edib. İsgəndər bəy Amerikaya yollanmaq üçün hava limanına gəlib, hətta təyyarə də qalxıb. Lakin burada gördüyü mənzərə onu özündən çıxarıb. AFFA-nın baş katibi Elxan Məmmədovun dost-tanışının, yaxınlarının “biznes klass”-da, özünün isə “ekonom klass”-da əyləşdirildiyini görən futbol veteranı buna etiraz əlaməti olaraq təyyarəni tərk edib.
Heç kimə sirr deyil ki, futbolumuzda veteranlara lazımı dəyər verilmir. Nə klublar veteranlara vəzifə verməkdə maraqlıdır, nə də AFFA-da onlara ciddi iş tapılır.
Təbii ki, vəziyyətin bu həddə çatmasında veteranların da günahı az deyil. Azərbaycan futbolunda ciddi uğurlar yoxdur, görülən işlər xərclənən pulların qarşılığını vermir. Jurnalistlər, futbol adamları bu mövzuda ciddi müzakirələr aparsalar da, bu zaman ərzində “daşdan səs çıxıb”, veteranlardan səs çıxmayıb.
Veteranlarımız hələ də anlamaq istəmirlər ki, bu gedişlə 3-5 ildən sonra futbol başbilənləri onlara heç salam da verməyəcəklər. İndiki halda onlardan bəziləri AFFA-dan qəpik-quruş alır, digərlərinin payına heç o da düşmür. Ona görə də, futboldan anlayışı olmayıb yuxarı başda əyləşənlərə yerini göstərmək vaxtı çatıb. Sizə hörmət qoymurlarsa, hörməti tələb etməlisiz. Jurnalıist problemi araşdırırsa, veteranlar onun həlli yolunu göstərməlidirlər. Veteranlar futbolun inkişafına dair proqramlar hazırlamalı, lazım gəlsə dövlət tərəfindən ayrılacaq qrant vəsaitləri hesabına fəaliyyət göstərməlidirlər. Ən azından buna cəhd etməli və cəmiyyətdəki yerini tutmağa çalışmalıdırlar.
Emin ABBASOV
saytlarin hazirlanmasi