"Qəbələ xatirələri daim yaddaşımda qalacaq" MÜSAHİBƏ

16:26 - 2 İyun 2014

"Lazımı vaxtda vacib qolu vurub qələbə qazandıq"
 
"III Qəbələ Kuboku"nun ən yaxşısı seçilən "Anderlext"in futbolçusu Mişel de Luzun Sportal.az-a müsahibəsi:
 
-    “III Qəbələ Kuboku”nda turnirin ən yaxşı hücumçusu və futbolçusu seçildin. ..
-    Bu mükafatları aldığım üçün sevincliyəm, amma mənim üçün ən vacib olan komamdamın uğurudur. Bu uğurları qazanmağımda ilk olaraq komanda yoldaşlarıma borcluyam. Məqsədimiz o idi ki, turnirin qalibi olaq və çox çalışdıq və qalib də olduq.

-    Finalda “Fənərbaxça”nı minimal fərqlə məğlub edərək turnirin qalibi oldunuz. Həmin oyun haqda nə deyə bilərsən?
-    Çox ağır oyun oldu, bunu da əvvəlcədən bilirdik. Rəqibimiz fiziki cəhətdən çox güclü idi, onları da təbrik edirəm, yaxşı oynadılar. Bərabər səviyyəli oyun getdi, oyunun bəzi hissələrində onlar, bəzi vaxtlarda da biz üstün oynadıq. Lazımı vaxtda vacib qolu vurub qələbə qazandıq.

-    Digər komandalar bildirirlər ki,bu turnirdəki nəticə elə də önəmli deyil. Əsas futbolçuların təcrübə qazanmağıdır. Sənin fikrin necədir?
-    Əlbəttə, tam razıyam. Biz başqa ölkələrin komandaları oynayaraq təcrübə qazandıq. Ancaq bu kubok bizi irəlidəki oyunlarda daha da həvəsləndirəcək, bu baxımdan kuboku qazanmaq istəyirdik.

-    Çempionat başlayan zaman çempion olacağınıza inanırdınız?
-    Burada iştirak edən komandaların adı ilə tanış olmuşduq və bilirdik ki, bizi çətin oyunlar gözləyir. Ancaq komandaların adı bizi qorxutmadı, özümüzə inanırdıq ki, qalib ola bilərik. Baş məşqçimizə də təşəkkür edirəm ki, bizi oyuna tam hazır edirdi.

-    Turnir haqqında təəssüratların necə oldu?
-    İlk olaraq, onu bildirmək istəyirəm təşkilatçılıq əla səviyədə idi. Burada heç bir problemlə üzləşmədik. Stadionlar da tam yararlı vəziyyətdə idilər. Qəbələ xatirələri daim yaddaşımda olacaq, bu anları heç vaxt unutmayacam.
 
Yusif HÜSEYN

Xəbər xətti