"Qarabağ" hücumçu problemini bu futbolçu ilə həll etmək istəyir

18:08 - 7 İyun 2014

"Muğan"ın sabiq futbolçusu Ağdam təmsilçisinə keçə bilər
 
“Qarabağ”ın hücum xəttinə transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib.
 
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda “Samsunspor”a məxsus olan bosniyalı Eldin Adiloviçlə yaxından maraqlanır.

28 yaşlı hücumçu ilə “Qarabağ”dan başqa, Almaniyanın 2-ci Bundesliqasından (böyük ehtimalla, “Kayzerslautern”dən – red.) da maraqlanan var. Ağdam klubu iyunun 2-də “Samsunspor” nümayəndələri ilə bu transferi masa ətrafında müzakirə edib. Bundan futbolçunun özünün də xəbəri var.

Ancaq bu transfer düyünə düşüb. Belə ki, alacaqları olduğu üçün Adiloviç Türkiyənin I dəstə klubundan yerli federasiyaya şikayət edən 5 futbolçudan biridir. Samsun klubu isə öz növbəsində hazırda Bosniya və Herseqovinada istirahətdə olan Adiloviçə xəbərdarlıq ünvanlayıb. Əgər şikayətini geri götürməsə, onun başqa kluba keçidinə əngəl yaradılacaq.

Başa çatan birincilikdə 17 qol vuran Adiloviç bizlərə çox yaxşı tanışdır. Bu futbolçu 2009/10 mövsümündə bosniyalı baş məşqçi Kemal Alispahiç tərəfindən “Muğan”a gətirilmişdi. Ancaq Eldin 13 oyuna cəmi 2 qol vurunca Salyan təmsilçisindən geri göndərilmişdi. Bundan sonra Adiloviç karyerasını Macarıstanın “Dyör”, ölkəsinin “Çelik” və “Jelezniçar” klublarında davam etdirmişdi. Onun ötən mövsüm “Samsunspor”da ilk ilindəcə 11 qol vurması “Bursaspor”, “Gənclərbirliyi” və “Kayzerslautern”in transfer siyahısına düşməsinə səbəb olmuşdu.

Qeyd edək ki, “Qarabağ” komandadan göndərdiyi hücumçular - Caba Dvali və Ulriş Kapolonqonun yerinə braziliyalı Danilo Diaşı gətirib. Ağdam təmsilçisi 2-ci forvard kimi Gürcüstan yığmasının hücumçusu Vladimir Dvalişvili ilə də maraqlanır.

Xəbər xətti