Moldova prezidentinin oğlu bizi, biz isə Avropanı heyrətləndirdik YAZI

16:10 - 10 İyun 2014

Azərbaycanda idman jurnalistikası da var!

Onlar il ərzində 5-6 dəfə bir araya gəlirlər. Müxtəlif şəhərlərin futbol meydançalarında top qovurlar, seminarlarda iştirak edirlər, əməkdaşlıq edirlər. Biz isə həmişə onlara, avropalı idman jurnalistlərinə kənardan baxırıq. Sanki bu böyük ailənin üzvü deyilik.

Amma bu dəfə Moldovada keçirilən jurnalistlərin Avropa çempionatında biz də iştirak etdik. Almaniya, Ukrayna, Polşa, Litva, Rusiya, Moldova, Rumıniya ilə yanaşı Azərbaycan da Avropanın əsas mükafatı uğrunda yarışa qatılmışdı.

Moldovanın heyətində ölkə prezidentinin oğlunun yer alması maraqlı məqam idi. Öyrəndik ki, Niku Timofti teleaparıcıdır. Yeri gəlmişkən, Niku heç də pis futbol oynamırdı. O, bütün turnir boyunca komandanın yanında oldu. Səmimi, deyib-gülən oğlan olduğu üçün hamı ilə dil tapırdı.

Hiss olunurdu ki, hamı bizə aşkar autsayder gözü ilə baxırdı. Oyun gününə qədər bizi “Land of fire” deyə çağırır, milyonçular ölkəsinin futbolu bacarmayan vətəndaşları kimi qəbul edirdilər. Ancaq elə ilk oyundaca hər mənada fikirləri alt-üst etdik.

Səfərin son anda baş tutduğuna görə forma məsələsinin həll olunmaması kənardan çox pis görünürdü. Turnirdəki ən böyük çatışmazlığımız məhz bu oldu. Oyunlara gəlincə, ilk rəqibimiz Ukrayna idi. Oyuna istəkli və cəsarətli başlamağımız Ukraynanı çaşdırdı. Bizdən heç bir halda belə oyun gözləməyən Ukrayna özünə gələndə artıq 2 top geridə idi. 2:1 hesablı qələbəmiz hamını təəccübləndirdi. Növbəti matçda Litvanı 1:0 üstələyəndə isə hamı şokda idi. Qrupun son oyunu artıq bizim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Almaniya ilə 6:6 hesabı ilə bitən oyun daha çox əyləncə xarakteri daşıyırdı.

Yarımfinalda rəqibimiz Rumıniya oldu. Rəqibin heyətində kifayət qədər bacarıqlı oyunçu var idi. Lakin bizdən aşırı ehtiyat etmələri onların ziyanına işlədi. Oyun qolsuz heç-heçə ilə bitdi. Penaltilər seriyasında isə biz dəqiq olduq. Təəssüf ki, finalda meydan sahibi Moldovaya 0:2 hesabı ilə uduzduq. Həmkarlarım hakimlikdən gileylənsələr də, mən bunu qabartmaq istəmirəm. Futbolda hər şey olur. Həm də rəqib həqiqətən güclü idi. Yeganə üzüldüyüm məqam ehtiyat qüvvəmizin olmaması idi. Eyni heyətlə 2 günə 5 oyuna çıxdığımız üçün finalda artıq gücümüzün tükəndiyi açıq-aşkar hiss olunurdu. Rəqib turnirə daha tədarüklü qatılmışdı. Ancaq Avropa çempionatında 2-ci yer həmkarlarımız adına da uğur sayılmalıdır. Bəlkə bundan sonra yuxarılarda Azərbaycanda idman jurnalistikasının da olduğunu görərlər!

Bu gün “Futbol+” qəzetində Mahir Rüstəmlinin yazısını oxudum. Haqlı iradları var idi. Eyni hissləri 3 il əvvəl mən də yaşamışam. Düzü, çox istərdim ki, Azərbaycan belə yarışlarda mütəmadi və təşkilatlanmış şəkildə iştirak etsin. Ona görə də, təklif edirəm ki, növbəti mövsümdən futzal üzrə həvəskarlar liqasında jurnalistlərin yığma komandası ilə təmsil olunaq. Belə olan halda həm turnirlərdə yaxşı çıxış edərik, həm də heyət seçiləndə ayrı-seçkilik olmaz.



Emin ABBASOV

Xəbər xətti