"Qəbələ"nin debütü fiaskoyla nəticələnə bilər
Hazırda bütün dünyanın diqqəti Braziliyaya yönəlib. İyunun 12-də bu ölkədə sayca XX dünya çempionatı start götürəcək. Bu gün Azərbaycan millisinin mundialda iştirakı qeyri-real görünür. Elə bu səbəbdən də əksər azərbaycanlı futbolsevərlər xarici ölkələrdən hansısa birinin yığmasına azarkeşlik edirlər, dəstəklədiyi komandanın uğuru ilə təsəlli tapırlar. Amma həmin millinin qazandığı qələbənin gətirdiyi sevinc azərbaycanlı azarkeşi 100 faiz təmin edə bilməz. Odur ki, könlününü həqiqətən də Azərbaycan futboluna verənlər mundialdan daha çox növbəti avrokubok mövsümünü səzibrisliklə gözləyirlər. Hər il olduğu kimi, bu ildə qitə kubokları öncəsi ümidlərimiz böyükdür. “Neftçi”nin 2 il əvvəl Avroliqanın qrup mərhələsinə düşməsi, 3 dəfə qrup mərhələsinin bir addımlığında dayanan “Qarabağ”ın bu dəfə Çempionlar Liqasında mübarizə aparmaq gücündə olması hər birimizi ümidləndirib. Hamı bu dəfə klublarımızdan daha uğurlu nəticə gözləyir.
Avrokuboklara elə də çox vaxt qalmayıb. İyunun 23-də həm Çempionlar Liqasının, həm də Avroliqanın püşkü atılacaq və klublarımızın rəqibləri bəlli olacaq. İyulun 3-də isə Avroliqada ilk təsnifat mərhələsinə start veriləcək. “İnter” və “Qəbələ” mübarizəyə qoşulacaq. Ölkə kubokunun qalibi kimi “Neftçi” qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə ikinci mərhələdə, yəni iyulun 17-də başlayacaq. “Qarabağ” isə Çempionlar Liqasında mübarizəyə iyulun 15-i, ya da 16-da başlayacaq. Göründüyü kimi, vaxt elə də çox deyil. “Qarabağ” və “Neftçi”nin turnirə hazırlaşmaq üçün 1 aydan bir qədər artıq, “Qəbələ” və “İnter”in isə daha az vaxtı qalıb. Bəs, görəsən klublarımız qitə kuboklarına necə hazırlaşırlar?
“İNTER” HƏMİŞƏKİ KİMİ BİRİNCİDİ
Klublarımızdan ilk olaraq hazırlığa birinci “İnter” start verib. Son illər hazırlığa hamıdan başlayan “bankirlər” bu dəfə də ənənəsinə sadiq qalıb. Komanda artıq bir neçə gündür ki, Türkiyədə hazırlıq keçir. 10 günlük hazırlıq prosesindən sonra vətənə dönəcək Kaxaber Sxadadzenin komandası, daha sonra Avstriyaya üz tutacaq. Orada məqsəd daha çox yoxlama oyunları keçirməkdir. Hazırlıq prosesi baxımından “İnter”in işinə peşəkar dərəcədə yanaşdığını görmək mümkündür. Amma komanda transfer baxımından istədiyini hələ ki reallaşdıra bilmir. Belə ki, ötən mövsüm başa çatdıqdan sonra “İnter”i 8 futbolçu tərk edib. Elhad Nəziri, Flavio Bek, Samir Zərgərov, İvo Taborskinin gedişini faciəyə çevirmək və ya ciddi itki saymaq düzgün olmazdı. Amma Matiya Şpiçiç və Ruslan Əmircanovun gedişi “bankirlər” üçün böyük itkidir. Aleksandr İaşvili nadir hallarda komandaya xeyir verdiyi halda, kapitan Vaqif Cavadov “İnter”in “vuran ayağı” hesab olunurdu. Komandanın bombardiri olan Cavadov, Premyer Liqanın ən sərrast futbolçularının siyahısında da ikinci olmuşdu. Düzdür, Vaqif və İaşvilinin “İnter”də qalmaq ehtimalı da var. Amma bu məsələ hələ tam həllini tapmayıb. Futbolçuların komandanın hazırlığından kənarda qalması, sonradan düşərgəyə qoşulması avrokuboklarda öz sözünü deyəcək. Qitə kubokları öncəsi 4 aparıcı futbolçunun gedişi “İnter” üçün böyük itkidir. Bu futbolçuların yoxluğunu unutdurmaq heç də asan olmayacaq. Həmin futbolçuların yerinə yeni transferlər edilsə belə, onların komandaya uyğunlaşması üçün zaman lazım gələcək. “İnter” bu ana kimi 3 futbolçunu transfer edib. Amma hər kəsə bəllidir ki, “Sumqayıt”dan alınan Mirzağa Hüseynpur və Məhəmməd Mirzəbəyov bu gün “İnter”ə avrokuboklarda fayda verə bilməzlər. Onların keçidi daha çox Premyer Liqa üçün hesablanıb.
Göründüyü kimi, hazırlıq baxımından “İnter” işini yüksək səviyyədə görsə də, transferlər baxımından eyni sözü demək çətindir. Gedənlərin əvəzinə alınanlardan yalnız Elvin Məmmədov “İnter”ə Avroliqada faydalı ola bilər.
“QƏBƏLƏ”NİN DURUMU AĞIRDI
“İnter” kimi Avroliqada mübarizəyə birinci mərhələdən başlayacaq “Qəbələ”nin vəziyyəti daha acınacaqlıdır. Çünki əyalət təmsilçisi nəinki hazırlığa start verib, heç komandanın Avroliqaya kimin rəhbərliyi altında hazırlaşacağı da bəlli deyil. Ölkə kubokunun finalından sonra Yuri Syominlə yollarını ayırması komandaya böyük zərbə oldu. Təcrübəli mütəxəssisin gedişindən sonra klub rəhbərliyi yaxşı məşqçi tapa bilməyib. Vaxt isə dayanmır. İyulun 3-də Avroliqada ilk oyununa çıxacaq “Qəbələ” turnirə 25 gün qalmasına baxmayaraq, hələ də “yay yuxusu”ndadır. Baş məşqçi yoxdur, futbolçular isə bir-bir gedir. Omar Kalaban, Yannik Kamanan, Deyan Kelhar, Marat İzmaylov, Dieqo Koşta, Nikola Valentiç, Lorival Assis, Abdulvahid Afolabi, Davron Erqaşev, Elmar Baxşıyev, Amit Quluzadə bu günə kimi “Qəbələ”ni tərk edən futbolçulardı. Düzdür, onların hamısı heç də əsas heyət oyunçusu deyildi. Amma o da faktdır ki, heyətin bir qismi artıq yoxdur. Əvəzində komandaya yalnız Ruslan Əmircanov cəlb edilib. Yeni baş məşqçinin təyinatı, təlim-məşq toplanışı, heyətə yeni cəlb olunan futbolçular – bütün bunlar vaxt aparacaq. Üstəlik püşk zamanı “Qəbələ” aşağı reytinqli komandalar arasında qərarlaşacaq və özündən yüksək reytinqli, yəni daha güclü komandayla qarşılaşacaq. Bütün bunlar isə o deməkdir ki, “Qəbələ”nin Avroliqada işi çox çətindir və bu gedişlə komanda ilk dəfə qatıldığı avrokuboklarla elə ilk mərhələdəcə vidalaşa bilər.
“NEFTÇİ” DƏ HAZIRLIĞA BAŞLADI
“İnter” və “Qəbələ”dən fərqli olaraq ölkə kubokunun qalibi olduğu üçün “Neftçi” Avroliqada mübarizəyə ikinci mərhələdən başlayacaq. Qəribədir ki, mübarizəyə ilk mərhələdən başlayacaq “Qəbələ” nəyisə gözlədiyi halda, turnirə ikinci mərhələdən turnirə star verəcək “Neftçi” artıq 2 gündür məşqlərə başlayıb. “Neftçi” adına bu yaxşı haldır. “Ağ-qaralar” kubokun digər finalçısından fərqli olaraq işinə ciddi yanaşır. İyunun 12-nə kimi paytaxtda hazırlıq keçəcək “Neftçi”, daha sonra Türkiyəyə, ardından Avstriyaya yollanacaq.
Heyətə gəldikdə isə “Neftçi” hələlik Bahadır Nasimov və Mahir Şükürovla yollarını ayırıb. Əvəzində Julius Vobay icarədən geri dönüb, eləcə də braziliyalı Kaue Sesilio da Silva transfer olunub. Yəni, “Neftçi”nin durumu heç də pis deyil. Komanda hücumçu problemini də həll edə bilsə, 2 il əvvəl olduğu kimi yenidən avrokuboklarda azarkeşləri sevindirə bilər.
ƏSAS ÜMİDİMİZ -“QARABAĞ”
Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”a ümidlər böyükdür. Çoxları “Qarabağ”ın nəinki Avroliqada, hətta Çempionlar Liqasında qrupa düşə biləcək gücdə olduğunu hesab edir. Ağdam klubunun ölkə çempionatındakı inamlı oyunu azarkeşləri ümidləndirib.
“Qarabağ” hazırda istirahətdədir. Komanda qarşıdakı günlərdə Bakıda bir araya gələcək, daha sonra isə hazırlıq keçmək üçün Avstriyaya üz tutacaq. Yəni, hazırlıq baxımından “Qarabağ” heç bir problem yaşamayacaq.
Transferlərə gəldikdə isə, mövsüm başa çatdıqdan sonra ölkə çempionu cəmi 2 futbolçuyla vidalaşıb. Komandanı Jaba Dvali və Ulrix Kapolonqo tərk edib. Amma hər iki futbolçu əsas heyət üzvü deyil və onları Ağdam təmsilçisi üçün ciddi itki hesab etmək olmaz. Əvəzində “Qarabağ” heyətini bir futbolçuyla gücləndirib. Son olaraq Portuqaliyanın “Maritimu” klubunda çıxış edən Daniel Leandro Dias heyətə cəlb edilib. Bununla belə, yeni transferlərin olacağı şübhə doğurmur. Klubun direktoru Əmrah Çəlikəl də mətbuata verdiyi açıqlamada bir neçə futbolçuyla danışıqlar apardığını söyləyib. Baş məşqçi Qurban Qurbanov isə hər mövqeyə bir futbolçu cəlb etmək istədiyini bildirmişdi. Bu səbəbdən də “Qarabağ”ın ÇL-də mübarizəyə qoşulana kimi bir müdafiəçi və bir yarımmüdafiəçi ilə güclənəcəyini düşünmək olar. Lazımı transferlər edilsə, “Qarabağ” avrokuboklarda nəhayət qrup mərhələsində iştirakını reallaşdıra bilər
ŞAHİN “Het-trik news”
saytlarin hazirlanmasi