Nikolovun sözlərinə görə, özbəkistanlı hücumçu komandanın Türkiyə toplanışına qatılsa da, tam sağalmaması ilə əlaqədar ondan imtina edilib: "Biz istəyirdik ki, Nasimov "İnter"ə Avropa Liqasında kömək etsin. Amma tibbi müayinədən sonra məlum oldu ki, o, ən yaxşı halda avqustda bərpa olacaq. Bu isə bizə uyğun deyil. Çünki hazırda yüksək səviyyəli mərkəz hücumçusuna ehtiyacımız var".
Klub prezidenti bildirib ki, qolçu problemini Sequndada çıxış edən ispaniyalı futbolçulardan biri ilə aradan qaldırmaq niyyətindədirlər: "İspaniyalı menecerlər bir neçə forvard təklif ediblər. Bilirik ki, vaxtımız olduqca azdır. Bu səbəbdən, iyunun 12-dən başlanacaq Avstriya toplanışımıza bir neçə hücumçu baxışa gələcək. Onlardan biri ilə hazırlıq prosesinin gedişində müqavilə bağlayacağımızı düşünürəm".
Bolqarıstanlı funksioner, həmçinin azərbaycanlı hücumçu Vaqif Cavadovla bağlı müəmmalı məsələyə bir daha aydınlıq gətirib. O qeyd edib ki, "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Cavadovun xidmətində elə də maraqlı deyil: "Dünən Tsxadadze ilə söhbətim oldu. Dediklərindən belə başa düşdüm ki, Cavadovu növbəti mövsüm üçün heyətdə görmək istəmir. Azərbaycan millisinin futbolçusu ilə müqaviləmiz bu ayın sonunadək nəzərdə tutulsa da, hazırda sıralarımızda deyil. Bu faktın özü çox şeydən xəbər verir".
Nikolov hücumçudan əlavə, mərkəz müdafiəçisinə də ehtiyac duyduqlarını söyləyib. O, Hollandiya "Den Boş"undan baxışa gələn Yelle de Bokun Avstriyaya da aparılacağını açıqlayıb. O, belçikalı müdafiəçinin hazırkı durumundan razı olduqlarını desə də, növbəti hazırlıq prosesində də sınamaq niyyətində olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, "İnter" Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. İlk oyun iyulun 3-də, cavab görüşü isə iyulun 10-da olacaq. Rəqibin adına isə iyunun 23-də atılacaq püşk nəticəsində aydınlıq gəlməlidir.