"İndiki Azərbaycan idman mediası həm bir jurnalist, həm də bir peşəkar oxucu kimi mənim istəklərimin heç beş faizinə də cavab vermir"MÜSAHİBƏ

14:48 - 29 İyul 2014

"Bir dəfə demişdim, bizdə indi reportyorların çoxusu diktofon funksiyasını yerinə yetirir"
 
Qol.Az saytının baş redaktoru Aydın Bağırov “Het-trik news” qəzetinə müsahibə verib. Müsahibə Ağdamın işğalının 21-ci ildönümü ərəfəsində götürüldüyündən elə ilk sual da bununla bağlı olub.

Sportal.az həmin müsahibəni təqdim edir:
 

- Ağdam işgalının ildönümüdür. Belə günlərdə hansı hissləri keçirirsən?

- Ağdamın işğalı həyatımdakı mənəvi travmadı. Ağdam təkcə işğal günlərində yox, hər gün mənim yadımdadır, ürəyimdədir. Ağdamsız 21 il… doğma torpaqları işğal olunanlar mənim ağrımı başa düşə bilərlər. Heç kimə bu hissləri yaşamağı arzulamıram.

Uşaqlığım büsbütün Ağdamla bağlıdır. Ən gözəl günlərimi orada keçirmişəm. Xaraktercə ipə-sapa yatmayan uşaq olmuşam. Çox dəcəl idim. Bəlkə də ailənin tək oğul övladı olduğumdan bir qədər ərköyün böyümüşəm. Amma atam çox ciddi adam idi, ondan çəkinirdim. Buna baxmayaraq, yenə də özümə sığışmırdım. Hətta 6 yaşımda evdən qaçıb, yay düşərgəsindəki uşaqlara qoşularaq Ağdamdan Şuşaya getmişəm. Peşəkar boksçu Fariz Məmmədov mənim ən qədim, 27 illik dostumdur. Orta məktəbdə bir sinifdə oxumuşuq. Ağdamda günümüz bir yerdə keçirdi. Başqa uşaqlarla davamız az olmayıb.
Ağdamı sonuncu dəfə, deyəsən, işğaldan 10-15 gün əvvəl görmüşəm. Ətraf kəndlər ermənilərin nəzarətinə keçmişdi və şəhərdə qalmaq təhlükəli idi. Atam ailəmizi Ağcabədiyə gətirdi, özü Ağdama qayıtdı. Bir neçə gün sonra isə Ağdam işğal olundu. Beləcə qaçqın həyatı başladı…
 
-  Nə əcəb futbolçu olmadın? Bacarmadın, yoxsa həvəsin yox idi?
- Futbolu lap uşaqlıqdan, özü də dəlicəsinə sevmişəm. Deyərdim ki, indinin özündə də pis futbol oynamıram. Sizə bir maraqlı fakt açıqlayım. Antalyada “Qarabağ”ın təlim-məşq toplanışları zamanı məşqçi və texniki heyətinin üzvlərinin öz aralarındakı oyunlarında mən də iştirak edirdim. Hər dəfə Qurban Qurbanovun komandasında yer alırdım. Məni müdafiədə oynadırdı. Qurban müəllim oyunumu çox bəyənir və məni əvəzləməyə də qoymurdu (gülür)... Hə, uşalıqdan danışırdım. Ağdamda olarkən futbola məşğul olurdum. Bakıda da bir ara futbol kurslarına yazılmışdım. Amma sonradan şəraitsizliyi gördükdən sonra futboldan soyudum. İş elə gətirdi ki, taleyimi jurnalistkaya bağlamalı oldum.
 
- Dəcəl uşaqlar adətən dərs oxumurlar…
- 5-6-cı sinifə kimi oxuyan uşaq olmuşam. Müharibə imkan verməyib ki, normal orta təhsil alım. Təsəvvür edin ki, 1992-ci ilin fevralından Ağdamın işğalına – 1993-cü ilin iyulun 23-nə kimi 5-6 məktəb dəyişmişəm.
 
- Yəqin ki, «İmarət» stadionu, o vaxtkı «Qarabağ» yadındadı….
- Atam stadiona getməyimi istəmirdi. Amma onun etirazlarına baxmayaraq, «Qarabağ»ın bir oyununu belə buraxmamağa çalışırdım. O, futbola vaxt ayırmaqdansa, dərslərimlə məşğul olmamı istəyirdi. Xeyri yox idi, rəhmətlik futbola olan sevgimlə bacarmadı.  «İmarət»də o qədər maraqlı hadisələr olub ki... «Qarabağ»ı Ağdamda məğlub etmək mümkün deyildi. O vaxtlar hər yerdə olduğu kimi, Ağdamda da qonaq komandalara, hakimlərə təzyiqlər olurdu. Hətta bir dəfə məğlub olan komandanın baş məşqçisindən «Qarabağ»ın necə komanda olması haqqında fikirlərini soruşanda belə cavab vermişdi: «Qarabağ»ın necə komanda olduğunu deyə bilmərəm. Amma onu dəqiq bilirəm ki, bu komandanı Ağdamda hətta Braziliya milisi də uda bilməz”. 
 
- Maraqlıdır, Aydın Bağırov jurnalist olmasaydı, indi hansı peşənin sahibi idi?
- Böyük ehtimalla biznesmen idim. Biz nəsillikcə ticarətçi olmuşuq. Ağdam çox varlı rayon idi. Biz də elə bir rayonun imkanlı ailələrdən olmuşuq. Ağdam işğal olunanda mənim 13 yaşım var idi. Uşaqlığımı Ağdamda dəfn edib Bakıya gəlmişəm. Burada təzədən doğulmuşam. Qaçqınçılığın ilk günlərində, valideynlərimin xəbəri olmadan xırda ticarətlə məşğul olub evə pul gətirirdim. Təbii ki, onlar da buna təəccüblənirdilər.
 
- Jurnalistikaya gəlişin necə oldu?
- Ağdamın işğalından sonra bütün həyatımız dəyişdi. Əvvəlki var-dövlətdən qara qəpik də qalmamışdı. Müharibə bütün var-dövlətimizi əlimizdən almışdı. Bakıda bizi yeni həyat gözləyirdi. Problemli, ehtiyaclı bir həyat. Həmin çətin günlərdə Rəşad Məcid mənə dəstək oldu. O, «525-ci qəzet»in baş redaktoru olmazdan əvvəl mənə çox yaxın qohumdur, dayım sayılır. Rəşad Məcid mənə deyiləsi sözlə ifadə olunmayacaq fədakarlıqlar edib. Onun dəstəyi olmasaydı… Düzü, 1997-ci ildə «525»ə işə götürüləndə ağlıma da gəlməzdi ki, nə vaxtsa jurnalist olacam.
 
- Bəlkə də Rəşad Məcidin fikrində olub…
- Bunu bilmirəm, inanmıram da. İlk işim kuryer olub. Sonra qəzetdə bir çox vəzifədə çalışmışam – fotoqraf, müxbir, şöbə müdiri, redaktor müavini…  Ümümiyyətlə, 17 illik karyeramda jurnalistikada çalışmadığım vəzifə qalmayıb. Bir baş redaktorluq qalmışdı, o vəzifəm də artıq Qol.Az-da var (gülür).
 
- İlk yazın yadındadır?
- Hə, qəzetdə 1998-ci il yanvarın 14-ü çıxıb.
 
- Nədən yazmışdın?
- Həmin  vaxt “525”də idman şöbəsi İlqar Tağıyev və Altay Əliyevin «nəzarət»ində idi. Qəzetin redaktoru Yusif Rzayev yazı yazmağa həvəsimin olduğunu görüb, Altaya mənə göz-qulaq olmağı tapşırmışdı. İlk yazım «Neftçi» haqqında olub. Komandanın daxilində narazılıq var idi və Altay bazaya gedib material hazırlamağı tapşırdı. Komandanın o vaxtkı baş məşqçisi Asif Əliyevlə 1 saatdan çox söhbət etdik. Yazını hazırlayıb Yusif müəllimə verdim. Onun və Altayın «süzgəcindən» keçdikdən sonra yerdə qalan beş-altı cümləlik xəbər qalmışdı.
 
- Həmin xəbəri yazan Aydın Bağırovu rəhbəri olduğun sayta işə götürərdin?
- Həmişə jurnalistikaya yeni gələnləri görəndə, həmin vaxtlar yadıma düşür. Qəzetə gələndə yazı yazmaq nədi, heç normal cumlə də qura bilmirdim. 17 yaşım təzə tamam olmuşdu, ali təhsilim yox idi. Amma həvəs və görünür, istedadım var idi. İstedad deyəndə ki… Ümumiyyətlə, mənə elə gəlir, Allah tərəfdən mənə nəsə vergi verilib. Həm də bəxtim gətirib ki, «525»də imzası kifayət qədər tanınmış, jurnalistikanın «əjdaha»larından təşkil olunmuş bir ailəyə və məktəbə düşdüm, onların hərəsindən bir şey öyrənmişəm. Çox sevinirəm ki, boş vaxtımı mənasız işlərə xərcləməmişəm. Qəzetə gələndən sonra, xüsusilə son 10-12 ildə çoxlu mütaliə edirəm. Ümumiyyətlə, indi həyatımı kitabsız təsəvvür edə bilmirəm. Hər gün bədii əsər oxumağa çalışıram.
 
- Kitabla istirahət edirsən?
- Bəli, kitab, mütaliə mənim mənəvi qidamdır. Necə ki, futbolçu formada qalmaq üçün hər gün məşq edir, mən də beynimi formada saxlamaq üçün bədii əsərlər oxuyuram.
 
- Qayıdaq, əvvəlki suala. İlk dəfə adi xəbəri belə yaza bilməyən Aydın Bağırov kimi işçini indi rəhbəri olduğun sayta işə götürərdin?
- Birinin özünü göstərməsi üçün ona şans, dəstək verilməlidir. Mənə bu şans verildi və ondan maksimum istifadə etməyə çalışdım. Sualına cavab olaraq deyə bilərəm ki… Mən mətbuatda gözümü açandan ətrafımda, başda Rəşad Məcid olmaqda, həmişə gənclərə dəstək olan insanları görmüşəm. Onlardan həm də bu müsbət keyfiyyəti götürmüşəm. Ona görə də əlbəttə, bir balaca yazı, xəbər yazmaq qabiliyyəti olan insana şans verilməlidir. Çünki onun istedadı var və gec-tez o istedadını ortaya qoyacaq.
 
- İndiki gənc jurnalistlər arasında elələri nə qədərdir?
- Təbii ki, az deyil. Amma onların ciddi problemi budur ki, ya yaxşı redaktorları yoxdur, ya da özləri mətbuatda lazımi təcrübə toplamadan birbaşa sayt açıb redaktoru olublar. Bütün hallarda, elə insanlara dəstək olmaq lazımdır.
Jurnalistikada mənim ustadım mərhum Adil Qaçayoğlu olub. Mən fəxrlə demək istəyirəm ki, belə bir nəhəng jurnalistin məktəbini keçmişəm. Bu gün idman jurnalistikasında az-çox tanınmağımın əsas səbəbkarlarından biri Adil müəllimdir, onun mənim üzərimdəki əməyidir. Adil müəllim insanı həvəsləndirməyi bacarırdı. Tənqidləri, iradları həddindən artıq çox olurdu. Amma bunu elə formada edirdi ki, adama xoş gəlirdi. Sözə qarşı çox həssas insan idi. Onun «525»ə, mənimsə jurnalistlikaya gəlişim demək olar ki, üst-üstə düşmüşdü. Mənə jurnalistikanın bir çox incəliyini öyrətdi. Mətbuatda təzə idim, hərdən məsuliyyətsizlik edirdim. Danlayırdı, sonra da könlümü almaq üçün aparıb qonaqlıq verirdi. Onunla hər oturub çörək yeyəndə söhbətimiz 3-4 saat çəkirdi. Çox maraqlı insan idi. Allah ona rəhmət eləsin!

- Son vaxtlar Qol.az-ın daha çox xarici xəbərlərə yer ayırdığı, ölkə futboluna bir növ ikinci dərəcəli sahə kimi yanaşdığı hiss olunur. İradımı qəbul edirsən?
- Ümumiyyətlə, bu haqda çox eşitmişəm. Bununla bağlı bizi qınayanlara bir söz deyə bilmərəm, şəxsi fikirləridir. Amma istəyirəm çox adam bilsin ki, qol.az Azərbaycanda futbol klubların reklamından asılı olmayan yeganə idman saytıdır. Və birinci, hələlik həm də sonuncu idman saytıdır ki, orada daha çox idman qurumlarına aid olmayan – yəni kommersiya qurumlarının reklamları gedir. Azərbaycanın böyük reklam şirkətləri idman saytları arasında ən çox məhz Qol.az-la əməkdaşlıq edir.

17 ildir, jurnalistikadayam, peşəkar jurnalistikanı, xəbərçiliyi mənə irad tutanlardan az bilmirəm. Geniş futbol ictimaiyyətinin tələbatı nədirsə, ona uyğun hərəkət edirik. Ən çox həm də ona sevinirəm ki, Qol.az heç vaxt sarı mətbuat səviyyəsinə enməyib, dedi-qodu saytı olmayıb, kiminsə şərəf və layaqətinə toxunan bir cümlə belə yazmayıb və yazmayacaq da.
Soruşursunuz ki, iradlarınızı qəbul edirəm? Yox, qəbul etmirəm, edə də bilmərəm. Çünki iradlarınızda haqlı deyilsiniz. Bütün dünyanın diqqət mərkəzində olan dünya çempionatının qızğın vaxtında həmin yarışdan yox, daha çox Azərbaycan çempionatından yazmalıydıq? Qol.az-ın problemi heç də çoxlu xarici xəbər verməyində deyil. Əksinə, onun uğuru məhz elə xarici xəbər verməyindədir. Axı, bu mənim günahım deyil ki, Azərbaycanda futbolla maraqlananların çoxu Messi və Ronaldo ilə bağlı xəbərləri daha çox oxuyur. Dərinə gedəndə, Qol.az-a pulu da elə Messi və Ronaldo gətirir (gülür). Bizə reklamı isə «Barselona» və «Real» verir. Niyə təəccüblənirsiniz? Bax, həmin o xarici xəbərlər olmasaydı, Qol.Az bu gün reytinqinə görə Azərbaycanda idman saytları arasında birinci olmazdı. Bu, bizim kollektiv əməyin sayəsində mümkün olub.
Qol.Az Mirhacib Məcid və mənim üçün sıradan, mövsümü xarakterli sayt deyil, bizim biznesimizdir. İndi hansısa xarici futbolla maraqlanmayan kimsə, bizdə «Rəvan»la bağlı çox xəbər görmək istəyir deyə, biz öz biznesimizdən niyə imtina etməliyik? Qol.Az-a irad tutanların fikri ilə getsəydik, saytımızı beş-altı dost tanışdan və özümüzdən başqa kimsə oxumurdu.
O ki qaldı ölkə futbolunu ikinci dərəcəyə keçirməyimizə, belə bir şey yoxdur, olmayıb, ola da bilməz. Sadəcə, bəzən xarici xəbərlər yerli xəbərlərdən 2-3 faiz çox ola bilər ki, bunun da səbəbini, məncə, yetərincə aydın izah elədim.

- Qol.Az-ın fəalliyəti sizi qane edir?
- Kollektiviz elə də böyük deyil. Bu mənada, işi normal saymaq olar. Mənim üçün xoşdur ki, Qol.Az-ın əməkdaşlarının hər biri istedadlı, enerjili insandır. Öz işlərini sevirlər, həvəslə çalışırlar. Onlarla işləməkdən zövq alıram.
 
- Dediklərinizdən bu nəticəyə gəlmək olar ki, Qol.Az Azərbaycanda ən güclü idman saytıdır?
- Azərbaycanda Qol.Az da daxil olmaqla heç bir sayt güclü deyil, sadəcə, reytinq, oxucuların çoxluğu baxımından biz hamını qabaqlayırıq. Yeri gəlmişkən, Qol.Az-ın gündəlik ziyarətçi sayı orta hesabla 25-30 min arasındadır. Dünya çempionatı zamanı bu rəqəm 40 minə çatmışdı. Rekord göstəricimiz isə ötən il “Qarabağ”ın “Ayntraxt”la oyunu günü olmuşdu: 56 min. Bu, idman saytı üçün yetərincə normal göstəricidir. Məhz buna görə şirkətlər, kompaniyalarla əməkdaşlıq mümkün olub. Bizdə idman mətbuatı çox zəifdir, bunun səbəbləri haqda dəfələrlə danışılıb. Ona görə də hansısa saytın ən güclü olmasından danışmaq indi yerinə düşməzdi. Güclü saytlar Rusiyada, Türkiyədədir. Mən hələ Avropa ölkələrinin saytlarından danışmıram. 
Bizdə saytların hamısı bir-birinin təkrarıdır. Təhlil, araşdırma, fərqli müsahibələr yox səviyyəsindədir. Hansı saytı açırsan, yalnız eyni simaları görürük. Yenə heç olmasa, operativliklərini itirsələr də, üzdə olan idman qəzetlərində fərqli yazılar tapmaq olur.
 Bir dəfə demişdim, bizdə indi reportyorların çoxusu diktofon funksiyasını yerinə yetirir. Futbolçudan, məşqçidən müsahibə alır, olduğu kimi də köçürüb sayta qoyur. Nə müsahibəyə giriş yazır, nə də futbol adamının dediklərini redaktə edir. Amma bu, problemin yalnız çox kiçik bir hissəsidir.
 
- Qol.Az-ın «şinel»indən çox jurnalist çıxıb?
- Az deyil.
 
- Deməli, tələbə yetişdirmisiz və sizə müəllim demək olar…
- Mən heç vaxt müəllimlik iddiasında olmamışam, ümumiyyətlə, bu haqda düşünməmişəm də və özümü müəllim hesab etmirəm. Çünki özüm də gəncəm, jurnalistikanı hələ də öyrənirəm.
 
- Qol.Az-ın yaranmasından mətuatda çox yazılıb. Sualım qarşıdakı planlarla bağlıdır.
- İndiki Azərbaycan idman mediası – təbii ki, Qol.Az başda olmaqla - həm bir jurnalist, həm də bir peşəkar oxucu kimi mənim istəklərimin heç beş faizinə də cavab vermir. Planlarım çoxdur, amma onlar gerçəkləşəndə, bu haqda da danışarıq.
 
Mənbə: “Het-trik news” qəzeti

Xəbər xətti