"Qarabağ”ın qapıçısı olmaq çətin və şərəflidir"
“Qurban müəllimin özəlliyi həmişə yeni nəsə öyrənməsidir”.
Sportal.az xəbər verir ki, Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı “Qarabağ” futbol klubunun qapıçısı Fərhad Vəliyevdir.
- Hansı bölgəmizdə böyümüsən? Uşaqlığın harda keçib?
- Mən Qubada doğulmuşam, uşaqlığım həm Qubada, həm də Sumqayıtda keçib. Sumqayıtda yaşamışam, uşaqlığım, məktəbli vaxtlarım orada keçib. 29 saylı məktəbdə oxumuşam.
Deməzdim ki, əla oxumuşam. Yaxşı oxumamışam, kimya fənni mənə çətin gəlirdi həmişə, amma biologiya fənninə daha çox marağım vardı. Həmişə arxa partada otururdum.
Mən ilk olaraq boksla məşğul olmuşam. Adətən boksçular çılğınlığı sevir, elə ona görə də mən bu gün boksda yox, məhz futboldayam (gülür).
- Müxtəlif psixologiyalı, müxtəlif xarakterli insanlar var. Sakit, davakar, səbirsiz və s. Səni həmişə sakit görmüşəm. Sakit, səbirlisən, yoxsa elə görünməyə çalışırsan?
- Həqiqətən də sakit və səbirliyəm. Hətta məktəbdə də sakit olduğuma görə qiymət yazırdılar (gülür).
- Bəs oyun vaxtı belə sakit ola bilirsən?
- Çalışıram. Oyun vaxtı hamı səbirsiz olur çox vaxt, amma mən çalışıram sakit qarşılayım.
Bir dəfə olub ki, oyun vaxtı oyunçularımızdan biri aqresiyya göstərdi, mən də ona qarşılıq verdim. Karyeram boyu bircə həmin an olub ki, oyun vaxtı belə sakit olmamışam.
- İlk dəfə neçə yaşında qapıya qoyulmuşdun?
- Futbola həmişə marağım var idi, ilk dəfə 12 yaşımda qapını görmüşəm (gülür).
Deməli, Sumqayıtda yeniyetmələrlə oyun oynayırdıq. Dediyim kimi 12 yaşım vardı. Oyun bitəndən sonra bir futbolçu var idi, yaxınlaşdı mənə dedi ki, gəl səni futbol məktəbinə yazdıraq. Mən də yazıldım və davam elədim.
- Qapıçı olmaq məsuliyyət deməkdir. Sənin üçün çətin deyil ki?
- Bəli, məsuliyyət deməkdir! Çətindir və şərəflidir, hələ bu “Qarabağ”ın qapısı olanda...
- Azarkeş çılğınlıq deməkdir. Çılğınlıq edib, sənə qapıçı deyərək heç zarafat ediblərmi?
- Türklər həmişə qapıçı sözünə gülürlər. Onlar qapıçı başqa peşəyə deyirlər. Qapıçıya kaleci deyirlər.
Hətta arada bizlə də zarafat edirlər. Amma azarkeşlər zarafat edəndə də elə edirlər ki, insanın xətrinə dəymir. Mən şəxsən özüm azarkeşlərdən pis heçnə eşitməmişəm. Onlar bizim komandaya hər zaman hörmət edir.
- Bəs o qapıya yad toplar qonaq gələndə necə olur?
- Çox pis olur, çox (gülür). Çox pis hisslərdir. Gözləmədiyin qonaq gəlir qapına (gülür).
Səkkiz ildir ki, “Qarabağ”ın qapısındayam. Bir ailənin, bir komandanın qapısını qorumaq şərəflidir.
- Səkkiz ildə pis və ya yaxşı nə dəyişdi?
- Dəyişdik! Bəli. İnkişaf etdik, səhvlərimizi düzəltdik və bütün bunlara görə biz komanda olaraq Qurban Qurbanova borcluyuq. Deyərdim ki, Qurban müəllim komandanın baş məşqçisi olandan sonra, o inkişafı görməmək mümkün deyil.
- Fərhad, komandada ən əsəbi və ən sakit futbolçu kimdir?
- Almeyda əsəbidir, sonra isə İbrahim Şehiçdir. Sakit isə Bədavidir. Onunla bir otaqda qalırıq deyə bunu daha yaxşı bilirəm.
- Otaq yoldaşın səliqəlidir, ya dağınıq?
- Dəhşətli dərəcədə dağınıqdır (gülür).
- Bədavinin ən çox işlətdiyi söz?
- O rusdillidir. Azərbaycanca yeni-yeni danışa bilir. Məsələn, zəng edir, telefonu götürən kimi demir “necəsən, nə var nə yox?”. Birinci soruşduğu söz “şto delaeş?” olur (gülür).
- Komandada ən çox ətir vuran futbolçu?
- Əksəriyyət ətirdən istifadə edir. Amma Namiq Yusifov daha çox istifadə edir. Məsələn, onun otağında şkafında, çantasında, maşınında ətir var (gülür).
- Vaxt var idi Azərbaycanın ən yaxşı qapıçısı Kamran Ağayevdir deyirdilər. Bəs səncə?
- Bəli, Kamran həqiqətən yaxşı qapıçıdır. Milli komandanın oyunlarında dəfələrlə onun necə oyun oynadığını görmüşük. Səlahət Ağayev də yaxşıdır deyərdim. Əsas odur ki, işinin məsuliyyətini anlayasan, dərk edəsən.
- İndi ən yaxşı baş məqçi Qurban Qurbanovdur deyirlər. İllər sonra onun kimi seviləcək baş məşqçi səncə kim ola bilər?
- Qurban müəllimin özəlliyi həmişə yeni nəsə öyrənməsidir. Öyrənir, araşdırır, maraqlanır. Düşünürəm ki, illər sonra Rəşad Sadıxov məhz onun kimi baş məşqçi olacaq.
saytlarin hazirlanmasi