Futbolumuzun YADİGARI tamam unudulmuşdu
Deyirlər, qara xəbər tez yayılır. Bu dəfə belə olmadı. Yadigar Rəhimovun ölüm xəbərini təsadüfən, özü də gec eşitdim. Dost saytlardan biri bu haqda özəl məlumat vermişdi: “2000-2001-ci illərdə MOİK-in baş məşqçisi olmuş Yadigar Rəhimov dünyasını dəyişib. O, yaşadığı evdə həyatla vidalaşıb. Vəfat edən zaman yanında heç kim olmayıb. Ailəsi dağılan Rəhimov son illər tək yaşayırdı. Alkoqolizmdən əziyyət çəkdiyi deyilən mütəxəssis futboldan uzaq düşəndən sonra yalnız özünə qapılmışdı. 2 dəfə həbsxana həyatı yaşayan Rəhimovu yaxınları da tərk etmişdi. Allah rəhmət eləsin!”
Kim idi Yadigar Rəhimov? Veteran futbolçular və stajlı azarkeşlər onu yaxşı xatırlayarlar. SSRİ dövründə Bakının “İnşaatçı” komandasında çıxış edirdi. Müstəqillik qazandıqdan sonra ilk Azərbaycan Kubkunun qaliblərindən biri kimi də onların yadında qala bilər. Bir də MOİK-də 2 illik fəaliyyyəti ilə... 2001-ci ildə OİK məhz onun rəhbərliyi altında yüksək dəstəyə vəsaqə qazanmışdı.
Yadigar müəllimlə şəxsi tanışlığım 20 il əvvələ təsadüf edir. 1-ci dəstədə adı Naxçıvanın, özü Bakının olan “Naxçıvan” komandasında oynayarkən komandanın məşqçisi idi. Təkcə məşqçi yox, bütün futbolçuların sevimlisi. Bunları dünyasını dəyişdiyinə görə demirəm. Üstümüzdə haqqı var. Bir məşqçi və insan kimi hamımıza dəstək olmuşdu. Həmin vaxt komanda yoldaşlarım olmuş Samir Əliyev, Samir Musayev, Rizvan Fərzəliyev, Fərrux İsmayılov, Müşfiq Qəmbərov... hər biri təsdiq edə bilər. Təkcə “Naxçıvan”da? Yadigar Rəhimov “İnşaatçı”nı yaradanlardan biri olub. Elə “İnşaaştçı”da da onun hörməti və nüfuzu böyük idi. Əks halda komandanın kapitanı olmazdı.
Tanıtım: Rəhimov Yadigar 1962-ci il yanvarın 8-də Bakıda anadan olub. 1971-ci ildən futbolla məşğul olmağa başlayıb. “Neftçi”nin hazırlıq qrupunda rəhmətlik Anatoli Qryazevin rəhbərliyi altında məşqlərə başlayıb. Daha sonra Ruslan Abdullayev və Rail Cəfərovun qruplarında futbol oynayıb. Sürət və çeviklik baxımından yaşıdlarından geri qalan Rəhimov yüksək texnikasının sayəsində “irəli” gedə bilib. 16 yaşında Sərdarov adına zavodun “Sərdarovçu” komandasında dəvət alıb. Daha sonra Radiozavodun “Araz” komandasına keçib. 1980-ci ildə hərbi xidmətə çağırılıb. Əsgərliyi Özbəikstan Xudjand (o vaxtkı Leninabad – İ.T.) şəhərində keçən gənc yarımmüdafiəçi orada da futbolsuz qalmayıb. Əvvəlcə yerli “Xudjand”da, az sonra isə Nəvainin “Zərəfşan” komandalarında forma geyinib. Vətənə döndükdən sonra bir müddət güləşlə məşğul olsa da, az sonra yenidən böyük futbola qayıdıb. 1985-ci ildə mərhum məşqçi Hüseyn İsmayılovun sayəsində Evtikmə Kombinatına işə düzəlib və Nəriman Ələkbərovla birlikdə kombinatın komandasını yaradıb. Maraq üçün qeyd edim ki, Nəriman müəllim veteran futbolçumuz Samir Ələkbərovun böyük qardaşıdır. Aydın Ələkbərov, Zöhrab Qədiyev, Munis Abdullayev, İlqar Aslanov, Şahin Cəfərov və digərlərinin sayəsində yaranan adi zavod komandası tədricən əməlli-başlı peşəkar komandaya çevrilib. “İnşaatçı” 4 il iştirak etdiyi bütün birinciliklərdə çempion olmaqla 1989-cu ildə Respublika birinciliyinə yüksəlib və gümüş medallara layiq görülüb.
Azərbaycan müstəqillik qazandıqdan sonra öz çempionatımızın yüksək dəstəsində çıxış edən “İnşaatçı”nın ən böyük uğuru ilk Azərbaycan Kubokunu götürməsi olub. 1992-ci ildə kubokun finalında Mingəçevirin “Kür-Nur” komandasını əlavə vaxtda 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin heyətində Yadigar Rəhimov da var idi. Yadigar Rəhimov futbolla bir qədər erkən vidalaşıb. 1993-cü ildə “İnşaatçı”nın baş məşqçisi Məmmədəli Məmmədovun komandada apardığı cavanlaşdırma siyasətinin nəticəsində bir neçə yaşlı futbolçu ilə birlikdə “İnşaatçı”dan ayrılıb və karyerasına son qoyub. Yeri gəlmişkən, cəmi 1 il sonra “İnşaatçı” da “karyerası”nı bitirib...
1995-ci ildə köhnə dostu Hüseyn İsmayılovun dəvətilə 1-ci dəstədə çıxış edən “Naxçıvan”da məşqçi kimi fəaliyyətə başlayıb. 1996-cı ildə həbs olunduğuna görə 3 il müddətinə azad həyatdan və futbolan ayrı düşüb. Azadlığa çıxdıqdan sonra MOİK-də işə düzəlib. 2000-2001-ci illər aralığında komandanın baş məşqçisi olub. 2001-ci ildə rüşvət almaqda suçlanaraq komandadan göndərilib. O vaxtdan bir daha futbola qaytmayan Yadigar müəllim 2009-cu ildə ikinci dəfə narkotik maddə saxlaması iddiası ilə həbs olunub. 2 il sonra azadlığa çıxan veteran futbolçunun bildiyim son iş yeri avtomobil dayanacağında gözətçi idi.
Ailəli idi, 2 övladı var. Bir neçə il əvvəl həyat yoldaşından ayrılan Yadigar Rəhimov ömrünün son illərini tənha keçirib.
Tanıtmanı oxuduqdan sonra deyə bilərsiniz ki, bu cür avtobioqrafiyaya malik biri haqqında nəsə yazmağa dəyərmi? Mənə görə dəyər! Bilirəm, çoxunuzda onun haqqında mənfi fikir artıq formalaşıb. Bir qədər səbrli olun.
Yadigar müəllimlə sonuncu dəfə 2012-ci ilin dekabrında 9 illik fasilədən sonra görüşmüşdüm, müsahibə götürmüşdüm. Yaşlaşmışdı, həyatdan küskün təsiri bağışlayırdı. Həmin müsahibənin səs yazısının bir hissəsi indiyə kimi arxivimdə qalır və danışdıqlarından bəzi hissələri təqdim etmək qərarına gəldim. Bəlkə onun haqqında formalaşan fikrinizdən daşındıra bildim.
ü Birinci dəfə dava elədiyimə görə həbs olunmuşdum. Heç vaxt şərait yaratmamışam ki, kimsə məni təhqir etsin, ağır söz desin. Ağlım kəsəndən hərəkətimə, danışığıma, oturuşuma, duruşuma fikir vermişəm. Kiminsə məni camaatın içində boş yerə təhqir etməsinə dözə bilmədim. Cəzam nə idisə çəkdim. Etdiyim hərəkətdən də peşman deyiləm. İkinci dəfə isə 2009-cu ildə həbs olunmuşdum. Guya narkotik maddə saxlayırdım. Yalan söhbət idi. Məni şərlədilər. Avtomobil dayanacağında gözətçi işləyirdim. Balaca bir “budka”m var idi. Tanımadığım biri balaca bağlama verdi ki, bunu gəlib səndən götürəcəklər. Müsəlman deyilik bəyəm? Heç nədən şübhələnmədim. Üstündən heç 5-6 dəqiqə keçməmiş başımın üstünü aldılar. Əgər narkotika istifadəçisi, ya satanı olsaydım, deyərdim. Burada nə var? Nədən qorxmalıyam? Kiminsə badına getdim...
1999-cu ildə MOİK-ə məqçi kimi işə düzəldim. Uşaqlara məşq keçirdim. 2000-ci ildə isə əsas komandaya baş məşqçi təyin olundum. 1 il sonra rüşvət almağımı bəhanə gətirərək komandadan qovdular. Heç vaxt heç kimdən rüşvət almamışam. Rüşvət alan da, verən də qanun qarşısında məsuliyyət daşıyır. Əgər rüşvət almışdımsa, niyə barəmdə cinayət işi qaldırılmadı? Əgər kiminsə övladının işini təmənnasız düzəldirəmsə, qarşılığında həmin valideyn “hörmət” eləyirsə, burada qəbahət iş var? Guya məni ittiham edənlər, işdən qovanlar aydan arı, sudan durudular? O vaxtdan futboldan uzağam. Heç marağım da qalmayıb. Futbolumuzda nə var, nə yox – balaca uşağın məndən çox xəbəri olar...
Futbolçu kimi cəld, sürətli olmasam da, texnikamın hesabına bu çatışmazlıqları ört-basdır edə bilirdim. Məni “texnar” kimi tanıyıblar. Ləqəbim də olub – “Qoca”. Bu ayamanı komanda yoldaşlarım vermişdilər. Əksəriyyətindən yaşca böyük idim, ona görə. İndi itirib-axtarını da var, axtarmayanı da. Yaddan çıxaranların heç birindən incimirəm. Zəmanə belədi. Yenə sağ olsunlar, həmişə hörmətimi saxlayıblar. Ara-sıra Zöhrabla, Munislə görüşürəm, dərdləşirik.
İkinci dəfə həbs olunmamışdan əvvəl ailəm dağılmışdı. Amma övladlarıma həmişə ata qayğısı göstərməyə çalışmışam. Oğlum Əziz yolumu davam etdirirdi. İstedadlı uşaq idi. 2008-ci ildə, 18 yaşı olarkən avtomobil qəzasına düşdü. Ondan sonra həkimlər futbol oynamağına icazə vermədilər. Dediklərimi oxuyan hər bir adamda barəmdə mənfi fikir yarana bilər. “Rüşvətxor”, “turemşik”, “alkoqolik” və s. deyə bilərlər. Əslində belə deyil. Mənə bircə ad vermək olar – “bəxtsiz”...
Futbol oynadığım vaxtlardan xatirə kimi xeyli şəkil var idi. Bir nəfər xahiş eləmişdi ki, gətirərsən baxarıq. 2009-cu ildə bütün şəkilləri işə apardım. Həmin gecə “budka” yandı. Şəkillər hamısı yanıb külə döndü. Mənə ən çox təsir eləyən kubokun medalının əriməsi idi. Görürsən ki, bəxtsizəm...
Belə. Mən vaxtilə hamının əlindən tutan, köməyini kimsədən əsirgəməyən yoldaşı, istedadlı futbolçu kimi tanıdığım birini itirdim. Yadigar müəllimi həmişə yaxşı bir insan kimi xatırlayacam. Çünki həmişə ondan yaxşılıq və diqqət görmüşdüm. Doğrudur, həyatda səhvləri çox olub. Amma həmin səhvlərdən ancaq özü ziyan görüb. Bəlkə, kiməsə pisliyi dəyib? İnanmırım. İndi özünüz qərar verin – həyatda özünün dediyi kimi bəxti gətirməyən, ailəsi dağılan, ömrünün bir qismini dəmir barmaqlıqlar arasında keçirən, taleyin amansız sillələrini “yeyən”, amma futbolumuza xeyrindən başqa ziyanı dəyməyən birini xatırlamaq yaxşıdır, yoxsa, xarici görüşünüşü ilə göz oxşayan, nümanəvi təsir bağışlayan, futbol “mətbəx”imizdə vəzifə sahibi olan... ancaq futbolumuzu pis günə qoyan, bu sahəyə ayrılan pulları dədəsinin malı kimi talayan, “göylə gedən” hansısa məmuru yada salmaq?
Yadigar müəllimlə, sonuncu dəfə təxminən 7-8 ay əvvəl telefonla danışmışdım. Daha sonra nömrəsinə zəng çatmadı. Etiraf edirəm, yeni nömrəsini axtarmadım. Axırıncı söhbətimizdə söylədiyi bir fikir heç vaxt yadımdan çıxmaz: “Kimə lazımam? Mənim kimi unudulmuşlar o qədər var ki. Bir də öləndən sonra yada salalar, ya salmayalar. Nə birinciyəm, nə də axırıncı...” Düz buyururdunuz, Yadigar müəllim. Onu hamımız bilirik. Nə birinci unudulansınız, nə də sonuncu...
İlqar TAĞIYEV
“Het-trik news”
saytlarin hazirlanmasi