"Əvvəllər "Neftçi"yə azarkeşlik etmişəm, indi isə "Qarabağ"a" MÜSAHİBƏ

20:53 - 14 Aprel 2015

Rəşad Əhmədov: "Hazırda mən və digər tanınmış idmançılarımız dövlət idarə və müəssisələrində çalışırıq"
 
Azərbaycan Taekvondo Federasiyasının Təşkilati məsələlər və ekspert komitəsinin sədri, veteran taekvondoçu Rəşad Əhmədov "Ədalət" qəzetinə müsahibə verib.

Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Rəşad bəy, karyeranızı bitirməyinizdən 5 ilə yaxın vaxt keçsə də, səbəbləri geniş ictimaiyyət üçün qaranlıq olaraq qalır...
- Bildiyiniz kimi, sonuncu dəfə iştirak etdiyim dünya çempionatında üçüncü oldum. Bundan sonra taekvondo idman növündə bəzi dəyişikliklər oldu. Dəyişikliklərdən sonra açığı, döyüşmək mənim üçün həm çətinləşdi, həm də taekvondonun gözəlliyi itdi.
 
- Çətinləşdi dedikdə...
- Taekvondo əvvəllər daha rəngarəng idman növü idi. Müxtəlif zərbələr var idi ki, bu da taekvondonun gözəlliyini daha da artırırdı. Məsələn, fırlanmaq zərbəsi vardı, mən buna çox üstünlük verirdim. İndi idmançının əli yerə dəydikdə ona xəbərdarlıq verilir deyə, heç kəs əlavə risk etmək istəmir. İki xəbərdarlıq aldıqda isə 1 xal silinir. Bundan başqa ayağın altı ilə endirilən zərbələrə də xal verilirdi ki, bu da heç cür mənim döyüş üslubuma uyğun gəlmirdi.
 
- Taekvondoçular arasında belə bir fikir formalaşıb ki, o vaxtkı taekvondo ilə indiki demək olar ayrı-ayrı idman növləridir. Razılaşırsınız bu fikirlə?
- Deməzdim. Sadəcə müəyyən fərqlər var. Əvvəllər zərbə endirilərkən onun qüvvətli olması əsas amil idi. İndi elə deyil. Elektron jilet olduğu üçün zəif zərbə endirildikdə - sadəcə toxunma olduqda da xal verilir. Hərdən baxırsan ki, qüvvətli zərbələr qeydə alınmır, amma toxunmaya xal verilir. Bir tərəfdən də elektron jiletin üstünlüyü ondadır ki, hakimlərin qeyri-obyektivliyinin qarşısı alınıb.
 
- Qeyri-obyektivlik dediniz, Afina olimpiadası - o kədərli anlar yadıma düşdü...
- Afina olimpidasında cəmi 22 yaşım vardı, çox yaxşı formadaydım. Düzdür, çəkim 80 kiloqrama tam uyğun gəlmirdi, cəmi 72 kiloqram idim. Dünya və Avropa çempionatlarında 72 kiloqramda çıxış edirdim, olimpiya çəkisi olmadığı üçün gərək ya 68, ya da 80 kiloqramı seçəydim. 68 mənim üçün çəki salmaq baxımından əziyyətli olduğundan 80 kiloqram çəki dərəcəsini seçdim. Rəqiblərimdən məni fərqləndirən xüsusiyyət o idi ki, mən texniki cahətdən daha üstün idim, onlar isə fiziki göstəricilərdə məni üstələyirdilər.
 
Afina olimpiadasının yarımfinalında qarşılaşdığım Türkiyə təmsilçisi Bahri Tanrıqulu çox güclü, ciddi nailiyyətlər qazanmış idmançı idi. Onunla görüşüm çox baxımlı alındı. Görüş bərabər səviyyədə keçdi. Sonda bizim xallarımız da, passivimizdə olan xəbərdarlıqlar da eyni idi. Bir nüans vardı ki, ona iki xal gətirən zərbə mənim başıma yox, əlimə dəymişdi, amma hakimlər bunu görmədi. Arenada quraşdırılmış ekranda da yavaşıdılmış kadrla bu zərbənin başıma deyil, əlimə dəydiyi açıq-aşkar görünürdü. Hətta arenada əyləşən tamaşaçılardan da bir etiraz uğultusu qopdu.
Həmin gün çox məyus olmuşdum. İsinmə zalına qayıtdıqda gözümü yumdum, dedim kaş açıb görəydim ki, bu yuxudu, uduzmamışam.
 
- Bununla bağlı niyə protest verilmədi?
- O vaxt bizim idman nazirimiz olan cənab Əbülfəs Qarayev zala gəlib mənimlə görüşüb dedi ki, boksçu Ağası Məmmədovun döyüşü ilə bağlı protest vermişik, əgər sənə görə də bunu etsək, bizim üçün yaxşı olmaz. Deyərlər ki, hər dəqiqə prostest verirlər.
 
- Dörd il sonra da analoji hal yaşandı. Pekin olimpiadasının üçüncü yer uğrunda görüşündə amerikalı taekvondoçu Stiven Lopezə məğlubiyyətiniz də indiyədək mübahisə mövzusudur...
- Ondan əvvəl biz lisenziya xarakterli turnirdə qarşılaşmışdıq. O görüşdə baş verənlər eynilə Pekin olimpiadasında cərəyan etdi. Hesab 2-2 idi, sona yaxın eyni qaydada mən də zərbə endirdim, o da, ancaq hakimlər ona xal verdi, mənə yox. 
 
Mən bir taekvondoçu olaraq çox çalışdım ki, Azərbaycana olimpiya medalı bəxş edim. Bunu bacarmadığım üçün də çox böyük təəssüf hissi keçirirəm. Çünki bizim hər problemimizlə maraqlanan federasiya prezidentimiz var. O, bizi heç bir məhrumiyyətlə qarşılaşmağa qoymurdu. Bizə qalan sadəcə yüksək səviyyədə məşq prosesi keçib, beynəlxalq arenada ölkəmizin bayrağını dalğalandırmaq idi.
 
Kəmaləddin Heydərov idmançı karyerasının məhdudiyyətlərini nəzərə alaraq bizim gələcək həyatımızın təmin olunmasını da fikirləşib. Hazırda mən və digər tanınmış idmançılarımız dövlət idarə və müəssisələrində çalışırıq.
 
Biz idmana yeni başlayanda maddi çətinliklər səbəbindən beynəlxalq turnirlərdə iştirak edə bilmirdik. Valideynlərimiz ordan-burdan borc tapıb bizi yarışlara yola salırdılar. Kəmaləddin Heydərovun gəlişindən sonra Azərbaycan taekvondosunda yeni səhifə açıldı.
 
- Ümumiyyətlə, Azərbaycan idmançıları arasında olimpiadaların iki bəxtsizindən biri sayılırsınız. Digəri isə Nizami Paşayevdir.
 
- Elədir. Nizami Paşayev ikiqat dünya çempionu olsa da, heç cür olimpiya medalı əldə edə bilmədi.
 
- Hər kəs sizi yığma komandanın məşqçisi olaraq görmək istərdi. Məşqçilik fəaliyyəti ilə niyə məşğul olmadınız?
- Məşqçilik çox çətindir. Məşqçilik fəaliyyəti demək olar ki, idmançı həyatının davamıdır. Məşqçi idmançıların hər addımında onlarla olmalı, özünü bu işə həsr etməlidir. Mən məşqçiliyi belə qəbul edirəm. Adi, adı sadəcə kağız üzərində keçən məşqçi də ola bilmərəm. İndi heç cür hazır deyiləm. Mən də valideynəm, ailəmə, övladlarıma vaxt ayırmaq istəyirəm. Həyat davam edir, bəlkə elə oldu ki, haçansa məşqçilik fəaliyyətinə başlamaq qərarına gəldim?!.
 
- Hazırda Azərbaycan teakvondosunda kifayət qədər perspektivli idmançılar var. Son illər Ramin Əzizov, Radik İsayev, Mikayıl Əliyev, Fəridə Əzizova kimi idmançıların timsalında Azərbaycan taekvondosu beynəlxalq arenada müəyyən uğurlar qazanıb. Necə fikirləşirsiniz, Rio Olimpiadası Taekvondo Federasiyası üçün medal həsrəti baxımından sonuncu olacaqmı?
- Bu idmandır, əvvəlcədən proqnoz vermək çox çətindir. İdmançının nəticə qazanmasına mane olacaq xeyli səbəblər var. Bunları nəzərə alaraq heç cür qəti fikir bildirə bilmərəm. Siz adını çəkdiyiniz idmançılar formasını qoruya bilsə, zədə və ya xəstəlik olmasa, hər biri Rio olimpiadasında medal qazanmaq gücündədirlər.
 
- Azərbaycan Taekvondo Federasiyası yeganə federasiyadır ki, paralimpiyaçılar Paralimpiya Komitəsinin deyil, birbaşa federasiyanın nəzdində yarışlara hazırlaşır...
- Taekvondonun para növü yeni yaranıb, ola bilsin gələcəkdə Paralimpiya Komitəsinə verildi. Paralimpiyaçılara federasiya rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bildiyimiz kimi, onların mükafatı olimpiyaçılardan fərqlidir. Amma federasiyamız bu məsələdə heç bir fərq qoymur.
 
- Ölkə rəhbərliyi də bu amilləri nəzərə alır. London Paralimpiya Oyunlarından sonra cənab İlham Əliyev paralimpiya çempionu olmuş idmançılarımıza demək olar ki, olimpiyaçılar üçün təsis olunmuş mükafatları təqdim etdi.
- Bu çox gözəl addımdır. Düşünürəm ki, onlara diqqət və qayğı sağlam idmançılardan ikiqat artıq olmalıdır. Paralimpiyaçıların buna ehtiyacı daha çoxdur.
 
- Karyeranızı bitirərkən gözünüz arxada qalmadı ki?
- Deməzdim. Zamanında əlimdən gələni etdim. Çox çalışdım ki, olimpiya medalını qazanım, amma neyləmək olar, alınmadı. Deməli, qismət beləymiş. Bizim dövrün karyerasını bitirmiş bir çox məşhur idmançıları hazırda həvəskar şəkildə olsa da, yığmanın üzvləri ilə məşqlərdə iştirak edirlər, loru dildə desək, azarlarını öldürürlər. Məsələn, yaxın dostum, olimpiya çempionu Fərid Mansurov formada olmamağına baxmayaraq zala gedir, hərdən yığmanın üzvləri ilə qüvvəsini sınayır. Çox vaxt onu məğlub edə bilmirlər. Çünki onun içindəki istək hələ də qalır. Mən isə karyeramı bitirdikdən sonra tamamilə taekvondodan uzaqlaşdım.
 
- Deyəsən, xarakter etibarilə maksimalist insan deyilsiniz...
- Acgözlüyüm yoxdu açığı.
 
- Keçək söhbətin ikinci hissəsinə... Rəşad Əhmədov çevrəsi tərəfindən necə bir insan olaraq xarakterizə olunur?
- Yəqin ki, sadə, son dərəcə səmimi bir insan olaraq. Mənim əsas şüarım odur ki, kim olursan ol, əsas insan ol. Hər bir hərəkətimdə də sadəliyimi, səmimiyyətimi qorumağa çalışmışam. Məsələn, Avropa çempionatından medalla qayıtdıqdan sonra dost-tanışla necə görüşmüşəmsə, eyni uğuru dünya çempionatında qazanıb vətənə döndükdə çalışmışam daha da səmimi olum ki, fikirləşməsinlər lovğalanır, uğurdan başı gicəllənib.
 
- Hansı idmançılarımızla yaxınsınız?
- Əsasən bizim dövrün idmançıları ilə sıx ünsiyyətdəyəm. İlqar Abdulov və Fərid Mansurovla isə demək olar hər gün birlikdəyik. Onlarla ailəvi dostluq münasibətlərimiz var.
 
- Neçə müddətdir ki, mediadan uzaq düşmüsünüz. Səbəb nədir? Axtarmırlar sizi?
- Çoxdandır müsahibə vermirəm, efirə çıxmıram. Bir neçə ay öncə "Fort Boyard" teleşousuna dəvət etmişdilər, işlərin sıxlığından heç cür vaxt tapıb dəvəti qəbul edə bilmədim. Desəm ki, televiziya və media orqanlarından tez-tez dəvətlər olur, mən qəbul etmirəm, yalan olar. Neçə vaxtdır ki, müsahibə və ya hər hansı verilişdə iştirakla bağlı təklif gəlmir. Nə deyim...Bəlkə də unudulmuşam...
 
- Sevimli məşğuliyyətiniz nədir?
- Qışda dostlarımla Qusardakı Şahdağ qış-yay turizm kompleksinə gedib xizək sürməyi çox sevirəm. İşdən sonra dostlarla yığışıb çay süfrəsi arxasında söhbət etmək də mənim üçün bir istirahət növüdür. Hərdən onlarla futbol da oynayırıq.
 
- Futbolla maraqlanırsınız?
- Bəli. Çox yaxından maraqlanıram.
 
- Hansı kluba azarkeşlik edirsiniz?
- Hazırda "Qarabağ"a azarkeşlik edirəm. Əvvəllər "Neftçi"yə də azarkeşlik etmişəm. Rəşad Sadıqov orda oynadığı vaxtar hətta klubla birgə xaricdə keçirilən oyunlara da getmişəm. Avropa klublarından isə "Barselona"ya azarkeşlik edirəm.
 
- Son sözünüz?
- Qarşıdan gələn Avropa Oyunlarında bütün Azərbaycan idmançılarına uğurlar arzu edirəm. Bu cür möhtəşəm tədbirin ölkəmizdə təşkil edilməsi böyük hadisədir. Bu, ölkəmizin inkişafının və qüdrətinin göstəricisidir. Fürsətdən istifadə edib Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı cənab İlham Əliyevə və Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya bütün idman ictimaiyyəti adından öz təşəkkürümü bildirirəm.

Xəbər xətti