"2002-ci ildə "Qalatasaray" - "Barselona" oyununda topdaşıyan idim"
Bu gün "Barselona" yeni transferi - Arda Turanı ictimaiyyətə təqdim edib. Kataloniya klubu ilə 5 illik müqavilə imzalayan Türkiyə millisinin üzvü mətbuat konfransında maraqlı fikirləri ilə diqqət çəkib.
Sportal.az onun fikirlərini təqdim edir:
"Başqa təkliflər də var idi. Ancaq məsələ "Barselona" olanda, digər təklifləri kənara atmalı olursan. Altı ay futbol oynamamaq problem deyil. Göz açıb-bağlayana qədər keçəcək.
"Barselona"nın sadəcə bir futbol klubu olmadığını bilirəm. Özünəməxsus qaydaları var. Bu komandaya hər zaman rəğbətim olub. Hazırda da ən çox olmaq istədiyim klubdayam. "Barselona"nın böyüklüyünü hiss edə bilirəm".
"Xavinin yeri doldurula bilməz"
"Heç kəs Xavinin məsuliyyətini daşıya bilməz. O, təkcə "Barselona"nın deyil, bütün futbolsevərlərin kumiridi. Mənim fərqli tərzim var. Öz oyunumu sərgiləmək üçün buradayam. Xavi özəl bir futbolçudu. Heç kəs onun kimi ola bilməz".
"Enrike ilə Simeoneni müqayisə edə bilmərəm"
"Luis Enrike mənə zəng etdi. Onunla danışmaq qürurverici idi. Simeone ilə onu müqayisə edə bilmərəm. Simeone mənim futbolçu kimi təcrübəmin artmağında önəmli rol oynadı. Ancaq Enrike də ötən mövsümü 3 kubokla başa vuran dünyanın ən yaxşı məşqçisidi".
"Kumirim İniyestadı"
"Dünyanın ən yaxşı futbolçuları ilə eyni meydançanı paylaşacam. Təbii ki, əsas heyət uğrunda rəqabət olacaq. Ancaq bunun dadını çıxararaq azarkeşlərə və komanda yoldaşlarıma yaxşı bir Arda göstərmək istəyirəm.
Messi dünyanın ən yaxşı futbolçusudu, amma İniyesta zövqlə izlədiyim bir oyunçudu. Bunu daha öncə də söyləmişdim. Burada hansı mövqedə oynayacağımın önəmi yoxdu. Daha öncə yarımmüdafiənin bütün cinahlarında oynadım. "Barselona"da məşqçi harada istəsə, orada oynamağa hazıram".
"Luis Enrikenin vurduğu qol ofsayd idi"
"2002-ci ildə "Qalatasaray" - "Barselona" oyununda topdaşıyan idim. Həmin görüşdə Enrikenin qolu ofsayddan vurulmuşdu. O matçla bağlı sadəcə bunları deyə bilərəm".
"Yaxşı oynamaya bilərəm, ancaq heç vaxt pis mübarizə aparmaram"
"Hər zaman qarşımdakı rəqiblərə həddindən artıq hörmətlə yanaşmışam. Hətta indi rəqib olaraq görməkdən böyük zövq aldığım klubun formasını geyinəcəm. "Atletiko"ya gedəndə də söyləmişdim. Yaxşı oynamaya bilərəm, ancaq heç vaxt pis mübarizə aparmaram. Məni örnək alanların etimadını doğruldacam. Klub səviyyəsində qazana biləcəyim bütün kuboklara sahib çıxmaq istəyirəm. Qələbə qazanan bir kluba gəldim. Bu komandanın bir parçası olmaq istəyirəm".
"Barselona" olmasa, "Atletiko"nu tərk etməzdim"
"Atletiko"dan ayrılmağı heç vaxt istəmədim. Ancaq "Barselona" üçün vəziyyət bir qədər fərqli oldu. "Atletiko"da olarkən topun arxasınca qaçmaq və uğur qazanmaq üçün əziyyət çəkməkdən zövq alırdım. "Barselona"da topla daha çox oynayan bir komandada çıxış edəcəm. Yeni sistemə uyğunlaşmağım asan olmayacaq. Ancaq əlimdən gələnin ən yaxşısını etmək üçün buradayam".
"Heç kəs Messi ola bilməz"
"Məncə, Messi bu günün deyil, tarixin ən yaxşı futbolçusudu. Ronaldo da dünyanın ən yaxşı futbolçularından biridi. Amma mənim üçün Messidən daha yaxşısı heç vaxt olmayacaq.
"Hansı nömrəli formanı geyinəcəyim vacib deyil"
"Hansı nömrəli formanı geyinəcəyim mənim üçün vacib deyil. Əhəmiyyətli olan "Barselona" gerbini daşımaq. Hansı nömrəni daşıyacağımı komanda yoldaşlarımla danışandan sonra açıqlayacam".
saytlarin hazirlanmasi