Futbolu MMA-ya dəyişən sabiq "Sumqayıt"lı: "Məcburam vaxtımın çoxunu zallarda, rinqlərdə keçirim"

22:05 - 1 Yanvar 2017

Diqqətli oxucular, xüsusən sumqayıtlı azarkeşlər Təvəkkül Məmmədov ad-soyadlı futbolçunu xatırlamamış olmaz. 2014/15 mövsümünə “Sumqayıt”da başlayan cinah yarımmüdafiəçisinin ordakı karyerası uzun sürməmişdi. Əsas heyətdə möhkəmlənə bilmədiyinə görə o vaxtkı baş məşqçi Aqil Məmmədovla problem yaşayan futbolçu günlərin birində çantasını yığıb ailəsinin yanına - Krasnodara yollanmışdı. Sonradan məsələ böyümüş və Təvəkkküllə klub rəhbərliyi arasında problemlər baş qaldırmışdı. Hətta iş o yerə çatmışdı ki, “Sumqayıt”ın başbilənləri Məmmədovdan AFFA-ya şikayət ünvanlamışdı. Get-gəldən sonra ara səngidi, Təvəkkül də transfer vərəqinə sahib olub Krasnodara yollandı. Lakin o vaxtdan bu yana Rusiyada yaşayan soydaşımızın futbolçu karyerası ilə bağlı hansısa məlumata rast gəlmirik. Bu yaxınlarda Təvəkkülün “instaqram” səhifəsinə göz gəzdirəndə maraqlı şəkillərlə rastlaşdıq. Sabiq “Sumqayıt”lının səhifəsini futbol və futbolçu şəkilləri yox, MMA idman növünün rinqi və idmançıları bəzəyir. Hətta özünün də məşğul olduğunu görmək mümkündü. Maraqlı oldu deyə, Məmmədovla əlaqə saxlayıb gördüklərimizlə bağlı suallarımıza cavab verməsini istədik.


- Deyəsən, futbolu MMA-ya dəyişmisən.
- Hə, qardaş. Çoxdan sevdiyim və məşğul olduğum idman növüdü. Ayrılmaq olmur heç cür. Məcburam vaxtımın çoxunu zallarda, rinqlərdə keçirim.


- Futboldan birdəfəlik ayrılmısan?
- Yox, niyə ki?! Məşq edir, oynayıram. Təhsil aldığım Kuban Dövlət Universitetinin yığma komandasının üzvüyəm. Turnirlər, yarışlar olanda futbol da oynayıram. Universitetlər arasında təşkil olunan Avropa çempionatında iştirak etdik. Peşəkar səviyyədə olmasa da, məşğul oluram. 


- MMA-ya həvəs, maraq hardan yarandı? Rinqdə, hazırlıq prosesindən şəkillərin var.
- Maraq çoxdan var idi. Sadəcə, həmişə arzum idi ki, idman kömpleksi inşa etdirim, idmançılara köməyim dəysin. Axır ki istəyimə çatdım. Krasnodarda ikimərtəbəli bina tikdirdim. Birinci mərtəbəsi zaldı, ikinci mərtəbəsi otel.


- Gəlir var?
- Sözün düzü, mən bunu pul qazanmaq üçün etməmişəm. Sadəcə, idmançı dostlarımın əhatəsində olmaq, MMA-nın qoxusunu itirməmək üçün bu addımı atdım. Bu gün də hansısa böyük məbləğdən söhbət gedə bilməz. Azərbaycandan bura uşaqlar gəlir. Yarışlara hazırlaşırlar, yaxud yarışlarda iştirak edirlər. Onlara əlimdən gələn hər cür köməyi göstərirəm. Bir azərbaycanlı balası kimi qulluqlarındayam. Heç bir maddi qarşılıq olmadan. Həmçinin özümüz də zalda yarışlar təşkil edirik. Özümün də “Dinabors” klubum var. 


- O qədər xərc çəkmisən. İdmançılar pulsuz məşq edəcəksə, sənin xeyrin nədi?
- Mənim xeyrim onların məşqinə baxmaq. Gənc nəslə bildiklərimdən nəsə öyrətmək. Və ən vacibi, hansısa yarışda Azərbaycan bayrağının dalğalandığını görmək. Sizcə, bundan yaxşı gəlir ola bilər?! 


- Həm müdirsən, həm də məşqçi?
- (gülür) Elə də demək olar. Həm də idmançı. İndi baş məşqçini müvəqqəti əvəzləyirəm. Bu yaxınlarda “Fight Night”da Elnar İbrahimov erməni döyüşçü ilə rinqə çıxacaq. Bu dəqiqə bütün fikrimizi Elnarı hazırlamağa ayırmışıq. 


- Nə yarışdı ki, elə?
- MMA-da tanınmış yarışlardan biridi. Final mərhələsi yanvarın 28-də Dağıstanın paytaxtı Mahaçqalada baş tutacaq. Orda Elnar da döyüşməlidi. Hələlik ilk mərhələdəki rəqibini məğlub etməyi bacarıb. Növbəti dueldə rəqibi erməni döyüşçü Vartan Asatryan olacaq. Onu da keçsə, final mərhələsinə vəsiqə qazanacaq. Dünyanın hər yerindən idmançılar var. Baş məşqçisi Şəhriyar Abbasovdu, mən, sadəcə, kömək edirəm. MMA-nın Azərbaycanda inkişaf etməsi üçün Şəhriyar Abbasov böyük işlər görür.


- Elnar İbrahimov Azərbaycanda yaşayır?
- Bəli, Bakıda yaşayır, “TT Fight Club”u təmsil edir. Çox gənc və perspektivli idmançıdı. Cəmi 19 yaşı olmasına baxmayaraq, rekordçudu. 10 qələbəsi var, cəmi 2 məğlubiyyəti. Elnarla yanaşı, Hüseyn Əliyev, Cəfər İsmiyev, Vüqar Məmmədzadə, Səbuhi Quliyev, Əhəd Məmmədov, Bəxtiyar Abbasovun adlarını çəkə bilərəm. Nəriman Abbasov da perspektivli idmançılardan sayılır, o da xoş gələcək vəd edir. Komandanın kapitanı dünya çempionu Bəxtiyar Abbasovdu.

mənbə: "Futbol plus" qəzeti

 

Xəbər xətti